İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-İrəvan xəttində yeni mərhələ – Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri 30 ildən sonra üz-üzə

Cənubi Qafqazda sülh və etimad quruculuğu istiqamətində diplomatik danışıqlarla paralel olaraq, vətəndaş cəmiyyətləri səviyyəsində də yeni proses başlayıb. Oktyabrın 21-də Azərbaycanın “Azerbaijan Airlines” aviaşirkətinə məxsus “Gulfstream G650” tipli təyyarə Bakını tərk edərək İrəvana uçub. Bu, iki ölkə arasında həyata keçirilən ilk çarter reysi olmaqla, simvolik baxımdan mühüm əhəmiyyət daşıyır – çünki bu uçuş təkcə hava məsafəsini deyil, illərlə bağlı qalmış dialoq qapılarını da açdı.

Ermənistanın paytaxtında baş tutan “Sülh gündəliyi” adlı dəyirmi masa görüşü iki ölkənin ictimai xadimləri, QHT rəhbərləri və ekspertlərinin iştirakı ilə keçirilib. Tədbirin təşkilatçısı Ermənistanın “Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzi” olub. Görüşdə Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva təmsil ediblər. Erməni tərəfdən isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanian, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər.

Müzakirələrin əsas mövzusu Vaşinqtonda 8 avqust 2025-ci ildə keçirilən üçtərəfli görüşün nəticələrinə əsaslanan sülh və əməkdaşlıq gündəliyi olub. Bu, regionda yeni münasibətlər mərhələsinə keçidin və iki xalq arasında etimadın bərpasına yönəlmiş ictimai platformaların formalaşmasının başlanğıcı kimi dəyərləndirilir.

Uzun illər Qərb institutları Azərbaycan və Ermənistan arasında “etimad quruculuğu” prosesini öz nəzarətində saxlamağa çalışırdı. Bu görüş isə fərqli xarakter daşıyır: ilk dəfə iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri heç bir xarici vasitəçi olmadan, birbaşa ünsiyyət formatında bir araya gəliblər. Bu, həm də regionda qərarların daxildən – yəni Bakının və İrəvanın öz siyasi və ictimai iradəsindən doğduğu yeni reallığın göstəricisidir.

Bu formatda dialoqun başlanması Azərbaycan diplomatiyasının ardıcıl və prinsipial xəttinin nəticəsidir. Bakı artıq diktə olunan deyil, diktə edən tərəfdir – və bu, müharibədən sonrakı mərhələdə regional statusun dəyişdiyini göstərir.

1761146632_905388_src.jpg (278 KB)
Təbii ki, bu proses Ermənistan daxilində revanşist qüvvələrin, xüsusilə Köçəryan-Sarkisyan cütlüyünün, Qarabağ klanının və onları maliyyələşdirən xaricdəki erməni oliqarxiyasının ciddi narahatlığına səbəb olub. Çünki bu görüşlər sülhü real müstəviyə daşıyır, onların mövcudluğu isə məhz düşmənçilik üzərində qurulub.
Revanşizm cəhdləri Ermənistanın gələcəyini təhlükə altına qoyur. Müharibədən uduzmuş, iqtisadi və siyasi tənəzzül içində olan ölkə üçün yeganə çıxış yolu məhz sülh və regional əməkdaşlıqdır. Ermənistan cəmiyyəti bu dəfə Köçəryan-Sarkisyanın populist çağırışlarına deyil, real inkişaf yoluna üstünlük verməlidir.
Azərbaycan cəmiyyəti artıq müharibəni arxada qoyub. İndi məqsəd uzunmüddətli sülh şəraitində normal qonşuluq münasibətlərinin formalaşdırılması, qarşılıqlı etimadın bərpasıdır. Bu baxımdan, İrəvanda keçirilən görüş yalnız simvolik jest deyil, həm də yeni ictimai təfəkkürün formalaşmasına yönəlmiş praktik addımdır.

Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin sədri Alen Simonyanın son görüşü də eyni məqsədə xidmət edir – cəmiyyətlərarası münasibətlərin normallaşdırılması və sülh şəraitində birgəyaşayışın siyasi bazasının hazırlanması.

Bu prosesin ən çətin tərəfi emosional deyil, psixoloji baryerlərin aradan qaldırılması olacaq. Çünki həm Azərbaycan, həm də Ermənistan cəmiyyətləri uzun illər müharibə reallığında yaşayıb. İndi qarşıda duran vəzifə həmin illərin yaratdığı qarşılıqlı etimadsızlığı aradan qaldırmaq və sülhü yalnız diplomatik sənəd kimi deyil, ictimai dəyər kimi formalaşdırmaqdır.

İrəvanda keçirilən görüş göstərdi ki, Cənubi Qafqazda sülh prosesi artıq yalnız siyasi və diplomatik kanallarla məhdudlaşmır. Vətəndaş cəmiyyətlərinin təşəbbüsü, intellektual və ictimai dairələrin iştirakı bu prosesi daha geniş və dayanıqlı müstəviyə daşıyır.

1761146721_905389_src.jpg (268 KB)


Bu dialoqun davamlı xarakter alması həm Azərbaycan, həm də Ermənistan üçün yeni perspektivlərin, xüsusilə də sülh şəraitində birgə inkişaf imkanlarının açarı ola bilər.
Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin “Qadınlar Sülh və Əmin-amanlıq” Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva Musavat.com-a açıqlamasında bildirib ki, görüş işgüzar və pozitiv atmosferdə keçİB:” Erməni nümayəndələr özlərini sülhə yönlü göstərirdilər. Hiss olunurdu ki, sülh prosesi onlar üçün olduqca vacibdir. Onlar bu prosesə çox ciddi yanaşırlar. Səfər zamanı müxtəlif mövzularda müzakirələr oldu. Doğrudur, çətin mövzular haqqında da danışıldı. Ən çox isə humanitar məsələlər müzakirə olundu ki, vətəndaş cəmiyyəti bir-biri ilə necə ünsiyyət qura bilərlər və onlar üçün hansı şəraitlər yaradılacaq. Daha sonra sülh sazişi imzalanandan sonrakı vəziyyətdən danışdıq. Vaxt az idi, amma vacib olan məsələləri danışa bildik. Onu da qeyd edim ki, prezident İlham Əliyevin yüklərin Azərbaycan ərazisindən keçərək Ermənistana aparılmasına icazə verməsi erməniləri çox sevindirib. Bu, onların blokadadan çıxmasında ilkin addım idi. Bizim orada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşümüz oldu. Onun dövlət başçısı İlham Əliyevə necə hörmətlə yanaşdığını gördük. Bütün söhbətimiz boyu vurğuladı ki, onun təşəbbüs və mövqeyinə hörmət göstərir. Bizə dedi ki, proses Ermənistan hökuməti tərəfindən davam edəcək və dəstəklənəcək”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Elxan Şahinoğlu bildirib ki, belə təmaslara ehtiyac var.

Onun sözlərinə görə, işğal dövründə də bu təmaslar olub:

”90-cı illərdə belə görüşlərdə mən də fəal iştirak etmişəm. 2010-cu ilə qədər bu proseslər davam etdi. Erməni politoloq və jurnalistlərlə müxtəlif ölkələrdə ayrı-ayrı konfranslarda görüşlər keçirilirdi. Hətta iki dəfə Ermənistanda da beynəlxalq təşkilatların xətti ilə bu baş tutmuşdu. Belə görüşlərdə ciddi mübahisələrimiz olurdu. O zaman işğal dövrü olduğuna görə Ermənistan tərəfi biz deyənləri qəbul etmirdilər və buna görə də görüşlər nəticəsiz başa çatırdı. Ermənistan cəmiyyəti də həmin vaxtlar işğaldan başqa alternativ qəbul etmirdilər.

İndi isə reallıq dəyişib. Azərbaycan ərazi bütövlüyünü təmin edib. Erməni cəmiyyətinin bir hissəsi artıq bu reallığı qəbul edib. Ona görə də hesab edirəm ki,
indiki dialoq daha çox sülhə və əməkdaşlığa xidmət edəcək. Eyni zamanda rəsmi səviyyədə qərarlar verilib, yüklər ikitərəfli daşınacaq. Bütün bunlar müsbət
atmosfer yaradır”.

571213860_10161640886711493_245357692118673140_n.jpg (305 KB)

Politoloqun fikrincə, belə görüşlərdə ermənilərə izah etmək lazımdır ki, Azərbaycanla düşmənçilik, işğal erməni cəmiyyətinə müsbət heç nə vermədi: ” Paşinyan Tiflisdə də açıqlamalar verdi ki, 100 il ərzində iki dövlət müharibə apardı və bu doğru deyil. Lakin Baş nazir də həqiqəti tam etiraf etmir, günah həmişə Ermənistanda olub. Azərbaycan heç zaman ermənilərlə münaqişə istəməyib.

Lakin hər dəfə bizi arxadan vurublar, separatçılıq ediblər, qətliamlar törədiblər. Bu cür görüşlərdə belə dərin mövzularda müzakirə edilməlidir. Sülh sazişinin bir neçə
addımlığındayıq. Sülh bağlanandan və kommunikasiyalar açılandan sonra ermənilərlə təmaslar adiləşəcək, qarşılıqlı gediş-gəliş olacaq. Bölgədə sülh atmosferinin yaradılması baxımından bu təmaslar vacibdir”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib:

“İlham Əliyev dünən elan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, çox mühüm bəyanatdır və mən bu addımına görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm. Mən həm də buna görə Qazaxıstan prezidentinə və
Gürcüstanın Baş nazirinə minnətdarlığımı bildirmək istərdim”, - Paşinyan Tbilisidə keçirilən V yubiley İpək Yolu Forumunda çıxışı zamanı deyib.

Xatırladaq ki, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ermənistana yük tranziti
ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR