Onlayn ictimai-siyasi qəzet
Son illər ən ciddi problemlərdən biri abituriyentlərin peşə və ixtisas seçimi ilə bağlıdır. Hər buraxılış imtahanından sonra abituriyentlər və valideynlər ixtisas seçimi mərhələsində ciddi çətinliklərlə üzləşirlər. Bəzən onlar yüksək ödəniş müqabilində müxtəlif təhsil ekspertlərinə müraciət edir, ixtisas seçimini həmin şəxslərin vasitəsilə həyata keçirirlər. Bir çox valideynlər qərarı özləri verir, digərləri isə məktəb müəllimlərinin məsləhətlərinə üz tutur. Lakin təcrübə göstərir ki, bu prosesin sonunda xeyli sayda abituriyent müsabiqədən kənarda qalır.
Bunun əsas səbəblərindən biri ixtisasın düzgün seçilməməsidir. Hətta yüksək bal toplayan abituriyentlər belə yanlış seçim səbəbindən qəbul ola bilmirlər. Bu problemi aradan qaldırmaq məqsədilə Dövlət İmtahan Mərkəzi yeni layihə təqdim edib və mərkəzdə "Peşə seçimi" testlərin tətbiqinə başlanılıb. Bu testlər şagirdlərə öz maraq və bacarıqlarına uyğun peşəni daha dəqiq müəyyənləşdirməyə kömək edir.
Ümumiyyətlə, valideynlərin və abituriyentlərin ən çox narahat olduğu məsələlərdən biri peşə seçiminin necə aparılmasıdır. Onlar hansı peşəni seçməli olduqları, bu seçimin şəxsi maraqlar, qabiliyyətlər və gələcək perspektivlərlə necə uyğunlaşdırılmalı olduğu barədə qərar verməkdə çətinlik çəkirlər.
Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Musavat.com-a müsahibə verib.
– Biz hər ay peşə testlərini açıq şəkildə ictimaiyyətə təqdim edirik. Qeydiyyatdan keçən şagirdlər və abituriyentlər gəlib bu testlərdən keçə bilirlər. Hazırda testlər Dövlət İmtahan Mərkəzinin binasında keçirilir. Yaxın müddətdə platformanı onlayn şəkildə də istifadəyə açmağı planlaşdırırıq ki, hər kəs evdən testdən keçə bilsin. Burada əsas şərt budur ki, cavabları verən şəxs səmimi olsun və testləri başqasına tapşırmasın. Əks halda insan yalnız özünü aldatmış olur. Bu testlər diaqnostik xarakter daşıyır. Daha geniş və fərdi məlumat almaq istəyənlər “Psixoloq.az” platforması vasitəsilə mərkəzin psixoloqlarına müraciət edə bilərlər. Testdən sonra psixoloqlarla individual şəkildə məsləhət almaq mümkündür. Bu xidmət mövcuddur, lakin təəssüf ki, müraciət edənlər hələ azdır.
– Bu testlərdən keçən abituriyentlər bildirirlər ki, sualların sayı çoxdur və müddət 2-3 saata qədər davam edir. Gələcəkdə həm sualların həcmi, həm də testin müddəti ilə bağlı təkmilləşdirmə planlaşdırılırmı?
– Həkimə gedəndə dəqiq diaqnoz istəyirsinizsə, müxtəlif müayinələrdən keçmək lazımdır. Bu test də həmin prinsipə əsaslanır. Onu “tez-bazar” yüngülləşdirmək doğru olmaz. Bu, çox peşəkar hazırlanmış testdir, suallar işlənib və hazır məhsul kimi ictimaiyyətə təqdim edilib. Məqsəd sürətli yoxlama deyil, dəqiq nəticədir.
– Bu testlərin gələcəkdə ödənişli olacağı deyilir...
– Hazırda biz testləri oflayn şəkildə mərkəzin binasında pulsuz keçiririk. Onlayn versiya isə ödənişli olacaq. Hələlik ödənişin məbləği müəyyənləşdirilməyib; bu məsələ müvafiq orqanlarla razılaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq.
– Hər il imtahanlardan sonra valideynlər ixtisas seçimi üçün ekspertlərə və müəllimlərə ödəniş edirlər. Bunu edə bilməyən abituriyentlər çox vaxt düzgün seçim edə bilmədiklərinə görə kənarda qalırlar. Bəzi mütəxəssislər hesab edir ki, DİM süni intellekt vasitəsilə bu sahədə sui-istifadələrin qarşısını ala bilər. Bu mümkün olacaqmı?
– Peşə seçimi yalnız toplanan bala görə yox, həm də maraq və istəyə uyğun olmalıdır. Peşə testlərinin keçirilməsinin məqsədi də məhz budur – uşaqlar öz meyllərinə əsasən peşə seçsinlər. DİM-də Abituriyent Məsləhət Mərkəzləri (AMM) fəaliyyət göstərir və bu xidmət tamamilə ödənişsizdir. Hələlik süni intellekt tətbiq olunmur, məsləhətlər birbaşa mütəxəssislər tərəfindən verilir. Artıq 9 ali təhsil müəssisəsində belə mərkəzlər yaradılıb və abituriyentlər istənilən vaxt müraciət edə bilərlər.
Afaq Mirayiq,
Musavat.com
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ