İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan-Türkiyə sərhədlərinin açılması gündəmdə: real imkanlar və siyasi məhdudiyyətlər  

Ermənistanın baş naziri Nikol Paşinyan Tiflisdə keçirilən “İpək Yolu 2025” forumunda çıxışı zamanı bəyan edib ki, İrəvanla Ankara arasında müsbət dialoq tezliklə sərhədlərin açılmasına gətirib çıxara bilər.

“Ermənistan təkcə siyasi deyil, həm də texniki baxımdan yük maşınlarının öz ərazisindən Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə tranzitini təmin etməyə hazırdır”, Paşinyan qeyd edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da DW-yə verdiyi müsahibədə bildirib ki, Türkiyə ilə bir çox səviyyədə-liderlər, xarici işlər nazirləri, xüsusi nümayəndələr və texniki qruplar səviyyəsində çox yaxşı dialoq var. “Mən şəxsən Ermənistan-Türkiyə sərhədinin açılmasında, eləcə də Ermənistan-Türkiyə diplomatik münasibətlərinin qurulmasında hər hansı maneə görmürəm. “Türkiyə tərəfi sərhədlərin açılmasına, dəmir yolu əlaqələrinin bərpasına, ikitərəfli birbaşa ticarətin yenidən başlamasına hazır olduğunu qeyd edib. Ona görə də hesab edirəm ki, qarşıdakı həftələr və aylar ərzində bu istiqamətdə hiss olunan irəliləyiş əldə edəcəyik. Fikrimcə, bu məsələ maksimum bir neçə ay ərzində həll oluna bilər. Bu mənim subyektiv dəyərləndirməmdir”, deyə o, bildirib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçisi Sultan Zahidov Musavat.com-a açıqlamasında bildirib ki, sentyabr ayında Türkiyə və Ermənistan nümayəndələri arasında Ermənistanda keçirilən görüşdən sonra sərhədlərin açılması ilə bağlı məsələ daha çox müzakirə olunmağa başlayıb. O xatırladıb ki, Qars-Gorus dəmiryolu xəttinin, eyni zamanda Ermənistan və Türkiyə arasında elektrik xətlərinin quraşdırılması məsələsi də gündəm mövzusu olub:

“Paşinyanın “İpək Yolu 2025” forumunda çıxışı bir daha sərhədlər məsələsini diqqətə gətirdi. Dəqiqləşdirmək lazımdır ki, Paşinyan ilk növbədə Türkiyədən Azərbaycana və əks istiqamətdə yüklərin tranzitinin Ermənistan vasitəsilə təmin olunmasından bəhs etdi. Türkiyə və Ermənistan arasında birbaşa sərhədlərin açılması isə müəyyən zaman tələb edən məsələdir. Birbaşa gediş-gəliş üçün isə həm siyasi, həm iqtisadi, həm də psixoloji şərtlər olmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, hələ Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb. Bunun üçün Ermənistan Konstitusiyasında dəyişiklik etməlidir. Bu dəyişikliyin 2026-cı ildən tez olması inandırıcı deyil”.

S.Zahidovun fikrincə, Ermənistanı çətin seçkilər gözləyir: “Ermənistan daxilində Paşinyana qarşı cəbhə genişlənir. Buraya müxalif qüvvələrdən əlavə, kilsə, diaspora və xarici qüvvələr qoşulub. Bu isə Paşinyanın diqqətini ən azı seçkilərə qədər daha çox daxili siyasi məsələlərə yönəldəcək. Seçkilərin gedişatını həm Türkiyədə, həm də Azərbaycanda izləyəcəklər. Seçkidən sonra elə şəxs hakimiyyətə gələ bilər ki, onun siyasəti destruktiv olsun, həm sülh prosesinə, həm də Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə arasında dialoqlara xələl gətirsin. Hazırda Azərbaycan-Ermənistan arasında təmasların olması vətəndaş cəmiyyəti nümayəndələri, o cümlədən rəsmilər arasında etimad mühitinin yaradılması və möhkəmləndirilməsi baxımından düşünürəm ki, çox əhəmiyyətli addımdır, çünki qarşılıqlı inam olmadan dayanıqlı sülhün təmin olunması mümkünsüzdür. Türkiyə öncədən də bəyan edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə paralel gedəcək. Buna görə də Ermənistan Türkiyə ilə münasibətlərin normalaşması, sərhədlərin tam şəkildə açılması və birbaşa gediş-gəlişin təmin olunması üçün Azərbaycanla sülh prosesini sürətləndirməlidir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR