İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəhmətsiz gəlir qurbanları

Azərbaycan qəribə ölkədir, bizdə proseslər dünyanın başqa yerlərindən fərqlənir.

Məsələn, dünyada insanlar banka pulu nə üçün qoyurlar? Artırmaq üçün, qorumaq üçün və sairə. Bizdə isə banka pul qoymaq onu oğrulara tapşırmaqdır. İnanmırsınızsa, xəbərləri izləyin. Hər gün bizə bank kartlarından nə qədər pul oğurlandığı haqda məlumat verilir. Normalda isə nə qədər faiz qazandığımız deyilməliydi. Bəlkə səhv edirəm? Maykl xaricdə bankdan mesaj alır ki, pulun bu qədər artdı, Mikayıl isə Bakıda bankdan xəbər alır: “Kartından bu qədər pulu əkişdiriblər, qaqa, gör neynirsən”. Dəlixanadırmı? Yox. Normal həyatımızın axarıdır.

Həm də sanki bu xəbərləri yaymaqla dövlət özü xalqda bank sektoruna etibarsızlıq aşılayır. “Yaxşısı budur beş-üç qəpiyinizi evdə, yastığın altında saxlayın, nə olar, nə olmaz...”

Guya camaatı ayıq-sayıqlığa, bank hesablarını etibarlı qorumağa səsləyirlər, ancaq çoxlu ştatı olan təhlükəsizlik qurumları, kibercinayətkarlıqla mübarizə idarələri nə üçündür? Sanki quldurları biz özümüz tapıb cəzalandırmalıyıq.

Əlbəttə, mən burada xalqı tərifləmək istəmirəm, xalq da aydan arı, sudan duru deyil. Bugünlərdə bir cinayət işinin istintaqı başa çatıb, Qəbələdə həkimdən 250 min manat alan dələduzlara 8-9 il həbs verilib. Guya həkimi rayon xəstəxanasına baş həkim təyin etdirəcəklərmiş. Saxta sənədlər, möhürlü kağızlar da düzəldiblər. Bu dələduzları cəzalandırdınız, lap yaxşı, bəs o “qlavvraç” olmaq istəyən sarsaq niyə cəzasız qalmalıdır? 250 minə baş həkim keçmək vəzifəni dəyərdən salmırmı?

Təəssüf ki, bizim qanunvericilikdə rüşvət alan, dələduzluq edən cəzalanır, lakin rüşvət verənin, dələduz yemləyənin cəzası yoxdur. Səhv eləmirəmsə, qanunda belə yazıblar ki, rüşvət verən bu haqda əlaqədar orqanlara məlumat ötürsə cəzasız qalır və sairə. Məncə, rüşvət verənlər də ən azı rüşvət alanın aldığı cəzanın yarısı qədər cəza almalıdır. Əks halda, bu işdə perspektiv yoxdur.

Müftə pendir siçan tələsində olur, lakin uca millətimiz öz ayağı ilə gedib müftəxorların toruna düşür. Təzəlikcə bir süjet izlədim. Camaat TikTok-da hansısa bloger dələduzun zibilinə düşmüşdü. TikTokçu lotu reklam yayırmış, guya az pul verib ev əldə etmək mümkünmüş. Şikayətçilərdən biri 8 min, başqası 10 min, 6 min-filan deyənlər də vardı - məbləğində aldadılmışdılar. Axı 8 min manata evi necə almaq olar? Bunun dələduzluq olduğu məbləğin azlığından gözə girir axı. İnsanlar isə kirimişcə aldanırlar.

Süjetdə deyildi ki, bu dələduz hansısa şəhid ailəsinə ev verərək özünü reklam edirmiş. Əlbəttə. O evi elə siz yazıqların pulu ilə verib, bunu anlamaq üçün azca riyaziyyat lazımdır. Bu prosesin adı “maliyyə piramidasıdır”. 1 adam 2 adamı, 2 adam 4-ünü cəlb edir və sairə, proses bu cür şişərək gedir. Sonrakı adamların ödədikləri əvvəldəki 1-2 adama verilir, bununla saxta şirkət, uydurma və fantastik qazanc imkanları reklam edilir. Piramida şişdikcə dələduzun pulu artır, sonrakılara isə verməyə pul qalmır - piramida çökür. SSRİ dağılanda bu üsulla Vahidbank-filan qurmuşdular. Sonralar muncuq düzənlər də bunun bir üsulu idi. Türkiyədə də bir gombul oğlan camaatı eləcə fırlatmışdı, nəsə ferma adıyla, dəqiq yadımda qalmayıb, buna ehtiyac da yoxdur. Sadəcə, kimsə sizə müftə qazanc vəd edirsə, onu dərhal tüpürüb qovmaq lazımdır.

Siyasətdə də belə tiplər olur, adına “populistlər” deyirlər. 1992-ci ildə onlardan biri az qala Elçibəyi seçkidə udmuşdu. 33 faizdən çox səs yığmışdı! Misalı ona görə gətirdim ki, guya SSRİ-də yaxşı təhsil olduğunu deyənlərə də aldanmayasınız, savadlı adam o cür lotunun küyünə getməzdi. Bir qahım həmin vaxt o lotuya səs verməsinin səbəbini soruşanda mənə belə demişdi: “Hamımıza 2 otaqlı ev verəcək”. Ta nə ilə verəcək, bunu fikirləşmirdi.

Ancaq insafən sonrakı proseslər göstərdi ki, bəlkə lotunu seçsəydik daha uğurlu olarmış, çünki xalq hərəkatının lideri 1 il sonra xalqı atıb kəndinə qaçmışdı. Və həmin qahımın doğulduğu, yaşadığı 4 otaqlı evi də ermənilər işğal eləyib yandırmışdılar.

Yəni bu, qarışıq mövzudur, dərinə getməyək. Zəhmətsiz gəlir mifdir, ancaq bizdə zəhmətlə gəlir də mifdir.

 

 

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR