Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ermənistanda son günlərin ən çox müzakirə olunan mövzusu – Katolikosluğa tabe ruhanilər arasında baş vermiş qalmaqallı telefon danışığının sızmasıdır. Həmin səs yazısı ictimaiyyətdə böyük rezonans doğurub və artıq Kilsə–dövlət münasibətlərində yeni gərginliyin yaranmasına səbəb olub.
Telefon danışığı ilə bağlı açıqlama Katolikosun sabiq yeparxiya nümayəndəsi, ata Aqan Erncakyan tərəfindən verilib. O, öz Facebook səhifəsində yazıb:
“Çox təəssüf ki, Müqəddəs Eçmiədzinin Baş Disiplinar Komissiyasının sədri, ali ruhanilərin nümayəndəsi – əzizim arxiyepiskop Natan Ovanisyanla aramızda baş tutan şəxsi söhbət, hansı ki, ailəvi məsələlərə aid idi, ictimaiyyətə sızdırılıb və müzakirə obyektinə çevrilib.”
Erncakyan bildirib ki, yayılan səs yazısı ilə bağlı mətbuatdan çoxsaylı sorğular alır: “Bu səbəbdən də mən Erməni Apostol Kilsəsinin yüksək rütbəli ruhanilərini, kilsəyə məxsus strukturları cəmiyyətə və inanclı insanlara düzgün izahlar verməyə çağırıram ki, yeni mübahisələr, yanlış yozumlar yaranmasın.”
Hadisə Ermənistanın dini dairələrində uzun illərdir davam edən daxili qarşıdurmanı yenidən gündəmə gətirib. Ruhanilər arasında fikir ayrılıqları, Katolikosun nüfuzuna yönəlmiş iddialar, Kilsənin siyasi proseslərdə rolu kimi məsələlər bu dəfə daha geniş müzakirə olunur.
Səs yazısının yayıldığı vaxt da təsadüfi deyil: 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi Kilsə ilə Paşinyan hökuməti arasında münasibətlər artıq maksimum gərginləşib.
Musavat.com xəbər verir ki, Kilsə və hökumət arasındakı bu qarşıdurma Paşinyanın siyasi taleyini müəyyən edə biləcək əsas faktorlardan biri sayılır. Əgər Eçmiədzin və ona bağlı dairələr üstün gələrsə, bu, Ermənistanda revanşist və Rusiya yönümlü qüvvələrin güclənməsi demək olacaq.
Bu reallığı dərk edən Paşinyan artıq Kilsəyə qarşı sərt mövqe tutub. O, dini institutların siyasi təsir imkanlarını məhdudlaşdırmağa, rusiyayönlü müxalifətə arxalanan ruhaniləri neytrallaşdırmağa çalışır. Baş nazirin bu xətti həm kilsə ilə münasibətlərdə, həm də seçkilər öncəsi mübarizədə “amansız” kimi xarakterizə olunur.
Səs yazısının sızması isə bu qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir. Ermənistan indi yalnız dini böhran deyil, həm də siyasi mübarizənin kilsə divarları arxasında qızışdığı bir dövr yaşayır.
Musavat.com
21 Oktyabr 2025
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ