Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ABŞ-la birgə keçirdiyi “Qartal tərəfdaş-2023” adlanan hərbi təlimlər Azərbaycandan çox Rusiya və İranı narahat edib.
Bu, narahatlıq hərbi xarakterli deyil, siyasi səciyyəlidir. Hərbi baxımdan olsaydı, bizi də narahat edərdi. Ancaq biz anlayırıq ki, hərbi təlimlərdə iştirak edən 85 amerikalı və 175 erməni hərbçi təlim manevrlərində ağızlarıyla quş tutsa da, fərq etməz, axırda saniyədə 910 metr məsafəyə uçan güllənin qabağına gələcəklər.
Təkbaşına bir bölük əsgəri qırıb-çatan rembolar filmlərdə olur, real həyatda o cür “şücaət”lər nadirən baş verir. Atalar əbəs yerə deməyib ki, döyüş meydanında iki nəfər bir adam üçün qoşun deməkdir. “Rembo”nu yaradan isə Pentaqon deyil, Hollivuddur.
Düzdür, hərtərəfli hazırlığı, zəngin təcrübəsi olan azsaylı hərbi birləşmə ilə böyük nailiyyətlər əldə etmək mümkündür, amma bu, o halda olur ki, düşmən əlini-qolunu sallayıb oturmuş olsun, özü təlim-filan keçirməsin, döyüş qabiliyyətini artırmasın.
Bu baxımdan 85 amerikalı əsgərin 175 erməni hərbçi ilə nə məşqi etməsi, nə öyrənməsi bizim üçün diqqət ediləsi detal olsa da, panika yaradacaq bir şey deyil. Öz komandoslarımız o məşqləri hər gün edirlər, əmr verildə, namxuda, Everestə də dırmaşarlar.
Ancaq Rusiya bir müddət öncə “Rus NATO-su”nun – KTMT-nin Belarusdakı hərbi təlimlərində iştirak etməyən Ermənistanın ABŞ hərbçiləri ilə birlikdə təlimə başlamasından ona görə narahatdır ki, 200 illik müttəfiqi, daha dəqiqi, qapısının qaravaşı əldən çıxır.
Əslində Rusiyanın bu xüsusda keçirdiyi hiss narahatlıqdan çox hiddətdir və bu, özünü rus propaqandistlərin teleefirlərdəki çıxışlarında açıq-aşkar göstərir. Ermənipərəstlikləri ilə çoxdan ad çıxarmış təbliğatçılar maksimum təmkinli davransalar da, qatı patriot ruslar tormozdan istifadə etmirlər, Ermənistan dövlətinə qarşı gerçək duyğularını, töhmət-təhnizlərini səmimi şəkildə izhar edirlər.
Bəs necə? “Biz onlara dövlət qurub vermişik. Dəfələrlə məhv olmaqdan xilas etmişik. Rusiyada yaşayan ermənilər Ermənistanda yaşayan ermənilərdən çoxdur. Onlar burada özlərinə daha yaxşı həyat şəraiti qurublar, nəinki Ermənistanda. Amma indi bizim əzəli düşmənimizlə yaxınlaşırlar. Bu, xəyanətdir”. Ermənilərə qarşı ritorikanın zərbəçi cümlələri aşağı-yuxarı belədir.
İran isə Rusiyanın Ermənistandakı hərbi bazasının mövcudluğuna təhəmmül etsə də, erməni-rus müttəfiqliyini özü üçün təhlükə saymasa da, qatı düşmənçilik mövqeyində olduğu ABŞ-ın 85 hərbçisinin gəlib İranın qulağının dibində təlim keçməsi faktını pərtliklə qarşılayıb. Bu, İran üçün gözlənilməzdir. Çünki dünənə qədər özünü az qala ermənilərin yeganə real qoruyucusu kimi təqdim edən Tehran qəfildən anladı ki, bir-birilə barışmaz düşmənlər olan İran və ABŞ-ın Ermənistan müstəvisində müttəfiqliyi alınan çey deyil, ABŞ olan yerdə ona kətil yoxdur.
Bu saat ABŞ-ın dünyadakı 3 böyük düşmənindən biri İrandır. İran üçünsə ABŞ iki böyük düşməndən biridir. Belə olduğu halda onlar Ermənistana xatir anlaşası, barışası deyillər, öz intriqaları çox böyükdür.
İranda düşüncə budur ki, ABŞ Qafqaz regionuna ona görə soxulmaq istəyir, burada hərbi mövcudluğa can atır ki, həm Rusiyanı bölgədən sıxışdırsın, həm İranı qapaz altında saxlaya bilsin, eləcə də son illərdə onun iradəsinə boyun əyməyən Türkiyənin qulağının dibində olsun.
ABŞ-ın Ermənistana aşırı diqqətinin qayəsi bu olmalıdır. Yoxsa 50 dövlətin birləşməsindən əmələ gələn ABŞ-ın öz ən kiçik ştatlarından biri olan Menin yarısı qədər olmayan Ermənistana bu marağının başqa izahı yoxdur.
Görünür, Kremlin sözçüsü Dmitri Peskov bir neçə gün öncə ABŞ və Ermənistanın birlikdə keçirdikləri təlimlə əlaqədar planlarını dərindən təhlil edəcəklərini deyəndə bunu nəzərdə tuturdu ki, ABŞ-ın bölgəyə nə məqsədlə maraq göstərdiyini, sonrakı planının nədən ibarət olduğunu düzgün təsbit etsinlər.
İndilikdə təlimlərin ortasıdır, hələ daha 4 gün də davam edəcək. 85 hərbçinin iştirak etdiyi təlimi izləmək üçün ABŞ-dan Ermənistana generallar da gəlib.
Ermənistanın Müdafiə Nazirliyindən verilən məlumata görə, Zar təlim mərkəzində keçirilən təlimin məqsədi “sülhməramlı tapşırıqları yerinə yetirərkən münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üzrə əməliyyatları” məşq etməkdir.
Göründüyü kimi, ABŞ “qartalı” ilə erməni “qartal”ın Zar səmasında birlikdə qıy vurmasının adı və məramı qulağa xoş gələcək biçimdə seçilib. Amma bu, heç də hamının xoşuna gəlmir.
Onu da qeyd edək ki, İrəvan 2023-cü ilin yanvarında KTMT-nin Rusiya ordusunun iştirakı ilə keçirilən “Sarsılmaz qardaşlıq 2023” təlimlərinin “ən azı bu il” keçirilməsini məqsədəuyğun saymamış, təlimlərdə iştirak etməmişdi.
Bu, qardaşlığın sarsılmaq üzrə olduğunun göstəricisi idi, Belarusda keçirilən tələmlərdən imtina və amerikalılarla birlikdə təlim keçirmək isə ona dəlalət edir ki, qardaşlar arasında umu-küsü və çat var.
Araz Altaylı, Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ