Onlayn ictimai-siyasi qəzet
Bakıda yol-nəqliyyat hadisələrinin səbəbləri və nəticələri müzakirə edilib.
Musavat.com xəbər verir ki, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
İctimai Birliyin sədri Elməddin Muradlı yol-nəqliyyat hadisələrinin yaranma səbəblərinə dair aparılmış araşdırmaların nəticələri barədə ətraflı məlumat verib.
O qeyd edib ki, nəqliyyat hadisələrinin əsas törədici amillərindən biri sürət həddinin aşılması, digəri isə piyadaların yol hərəkəti qaydalarına riayət etməməsidir.
“Hazırladığımız təsnifat göstərdi ki, bəzi qəzaların qarşısını vaxtında profilaktik tədbirlərlə almaq mümkündür. Bu baxımdan, piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün müəyyən ərazilərdə qoruyucu çəpərləmə işlərinin həyata keçirilməsinə ehtiyac var. Ən çox baş verən qəzalar məhz piyada keçidlərinin ətrafında qeydə alınır”, - deyə Elməddin Muradlı bildirib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun rəisi Əlibala Əlizadə deyib ki, yol-nəqliyyat hadisələrinin törətdiyi fəsadlar, xüsusilə də bu hadisələr nəticəsində baş verən yanğınlarla bağlı statistik göstəriciləri təqdim edib.
O qeyd edib ki, 2023-cü ildə ümumilikdə 400 hadisə baş verib və bu zaman 10 nəfər həyatını itirib.
“2024-cü ildə bu göstərici 339 hadisəyə qədər enib, ölüm halları isə yalnız bir faktla məhdudlaşıb. 2025-ci ilin 15 iyul tarixinə qədər 240 belə hadisə baş verib. Müqayisə üçün, ötən ilin eyni dövründə bu rəqəm 247 idi. Statistik göstəricilərdəki müsbət dinamika ilk növbədə maarifləndirmə tədbirlərinin nəticəsidir”, - deyə Əlibala Əlizadə bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin şöbə rəisi Anar Qafarov yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında cəmiyyətin bütün təbəqələrinin üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayıb:
“Cari ilin ilk 6 ayı ərzində moped, motosiklet və skuter sürücülərinin iştirakı ilə ümumilikdə 17 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu halların artması cəmiyyətdə narahatlıq doğurur. Medianın bu istiqamətdə maarifləndirici fəaliyyətdə iştirakı son dərəcə vacibdir. Hadisələrin azaldılması yalnız hüquq-mühafizə orqanlarının deyil, vətəndaşların da fəallığından asılıdır. Bu səbəbdən, bütün sosial qrupları əhatə edən davamlı və effektiv maarifləndirmə kampaniyaları həyata keçirilməlidir. Nazirlik olaraq biz də bu istiqamətdə səylərimizi davam etdiririk”.
İnarə Hünbət,
Musavat.com
17 Iyul 2025
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ