Onlayn ictimai-siyasi qəzet
Dünən separatçı ermənilər təslim olduqlarını bildirərək, Yevlaxda görüşə hazır olduqlarını bildirəndə bir anın içində sosial şəbəkələr Yevlax haqqında, ya da içində Yevlax sözü keçən zarafatlarla dolub-daşdı.
Allah stendapçı xasiyyətimizi kəssin, belə şeylərdə üzümüz ağdır, nə olsa da zarafatımızdan qalmırıq, hər neqativ şeyin içində bir pozitiv məqam tapırıq. Bəziləri bunu arsızlığa bağlayır, amma biz pozitivlik deyək.
Ən yaxşı sarkazmı isə Elnaz (El Naz) adlı bir sosial şəbəkə istifadəçisi etmiş, belə yazmışdı: “Ermənilər "dürüst" xalq imiş. O vaxt demişdilər, Yevlaxa qədər gedəcəyik. Sözlərini tutdular”.
Hərçənd bəzi istifadəçilər xanımın bu statusunu birəbir kopyalayıb öz malları kimi yazmışdılar, bəziləri də eyni mənanı verən başqa sözlərdən istifadə etmişdilər. Bu, əlbəttə, elə bir problem deyil, insanlar riqqətə gələndə eyni sözü xorla qışqırırlar. Təki bir-birindən söz oğurlasınlar. Bu heç.
Amma baxaq görək, “Yevlağa qədər gedəcəyik” sözünü hansı erməni demişdi.
Məsələ orasındadır ki, o vaxt qələbə eyforiyasına qapılan erməni komandirlərin içində bu sözü deməyən qalmamışdı. Bir ara müqavimətsiz irəliləyən “zinvorlar”, “azatmariklər” boş kəndlərə girərkən ekstaza gəlmişdilər, elə bilmişdilər ki, müharibə elə bu cür olur. Ona görə də onlar tutuquşu kimi bu sözü təkrarlayırdılar.
Deyilənə görə, bədnam yazıçı Zori Balayan da guya belə bir söz deyib: “Erməni donuzları Kürdən su içməlidir”.
O, belə bir söz deyə bilərdimi? Prinsipcə, deyə bilərdi, buna onun hikkəsi və qanacaq-qabiliyyəti tam imkan verir. Yeri gəlmişkən, bir neçə dəfə “öldü” xəbəri çıxsa da, öz fitvası ilə on minlərlə gəncin ölümünə bais olan bu əclaf adam hələ ölməyib, 88 yaşı var və salamatdır. Sanki Yaradan ona belə uzun ömür verdi ki, xalqımızın çəkdiyi iztirabları öz xalqının da çəkdiyini görsün və qəhrindən ölsün. Bu da heç.
Ancaq erməni donuzlarının Kürdən su içə biləcəyi yerlərdən biri ona görə Yevlax idi ki, ora ermənilərin işğalı altında olan yerə yaxın idi. Onlara elə gəlirdi ki, bir dəfə də tanka minsələr, hətta Kürü vurub keçə bilərlər.
44 günlük savaş başlamazdan öncə Kəlbəcərdə bir restoran yiyəsi erməni özünü videoya çəkdirmişdi, Bakıya istiqaməti göstərən lövhəyə işarə edərək yekə-yekə deyirdi, elə eləməyin, bu dəfə Bakıya gedək. Amma noyabr ayının ortalarında elə oldu ki, həmin cantaraq restorator ağlamsına-ağlamsına özünü cırırdı, restoranını da yandırırdı ki, bizə qalmasın.
Ümumiyyətlə, nə müharibədə, nə də lap elə adi futbolda gərək heç kəs yekə-yekə danışmasın, döşünə döyməsin. Çünki prosesin axırını bilmək olmur. O vaxt hansısa rus başbilənlərdən biri də demişdi ki, rus əsgəri gərək öz çəkmələrini Hind okeanının suyunda yusun. Axırı yaxşı olmadı.
Yevlaxa aid zarafatlardan biri də belədir ki, işə baxın, Vaşinqtonda, Brüsseldə, Moskvada, Cenevrədə, Helsinkidə, Ki-Uestdə, Lissabonda (və digər Avropa şəhərlərində) həll olunmayan münaqişəyə dair sonuncu danışıqlar Yevlaxda olacaq və yekun sənəd imzalanacaq. “Yevlaxda bəxtə baxın” yazanlar var.
Amma Yevlax elə-belə yer deyil, ölkənin şimalından cənubuna, qərbindən şərqinə və əksinə yolların hamısı Yevlaxdan keçir. Yevlax dünənə qədər yolqovuşan idi, bu gün isə həm də ölkənin bütün mahallarını qovuşduran sənədin imzalandığı yer olacaq.
Bəs bu ad haradan götürülüb? Düz-əməlli bilən yoxdur. Belə bir versiya var ki, rus çarının Qafqazı işğal edən qoşunlarının içində Yevlaxov adlı bir polkovnik olub, bu rayonun adı da onun soyadının “ov”suz yerindən götürülüb. Bir zamanlar indiki Füzuli rayonun köhnə adı Qaryagin də bir rus polkovnikinin soyadından götürülmüşdü. Özü də o, heş adı götürüləsi qıırşmal olmayıb, əzazil və qaba adam olub. İşğalçının nə yaxşısı? Sadəcə, bu torpaqları işğal edib Rusiyaya qatdıqları üçün bolşeviklər də o kimi heyvərələrə hörmətlə yanaşıblar, uzun müddət o adı (1959-cu ilə qədər) saxlayıblar – matah bir şeymiş kimi.
Bir məsələ də var: nə əcəb indiyədək Yevlax rayonunun adı dəişdirilməyib? Yevlax adı nəyi ifadə edir ki? Mat qalmalı işdir. Yəqin təşəbbüs olmayıb. Əslində o rayonun adı Ərəş olmalıdır. Orta əsrlərdə bu ərazidə Ərəş adlı mahal və eyni adlı şəhər mövcud olub.
Xüləs, bu, sonrakı işdir. Əsas məsələ odur ki, ermənilər uzun illərdən sonra Yevlaxa gəlirlər. Amma yəqin ki, özləri ilə su içirtməyə donuz gətirməyəcəklər. Eləcə, özləri masanın üstündəki sudan içəcəklər, nahara qalsalar, bir qısmat çörək yeyəcəklər, sonra da suları süzülə-süzülə gəldikləri yerə qayıdacaqlar.
Yeri gəlmişkən, “bir qısmat çörək yemək” idiomatikasının müəllifi Surət Hüseynov Yevlaxda yun zavodunun müdiri olub. Onun torpaqlarımızın işğalı ilə nəticələnən hərəkətlərinin, Qarabağda, Kəlbəcərdə qaynatdığı zibil qazanının qapağının Yevlaxda qapadılmasında nəsə bir mistika var.
P.S. Səhərin gözü açılmamış bu yazıya Türkiyədə universitetin professoru Namiq bəydən belə bir şərh gəlib. Onu təqdim edirəm: Yevlax adı hələ Səfəvi mənbələrində, XVI əsrdə çəkilir. Özü də Yevlax təmiz türk sözüdür. Yavlaq və ya yavlax əski türkcədə güclü, qüvvətli deməkdir. Orta əsrlərə aid mənbələrdə bu sözə ad və ləqəb kimi rast gəlirik. Xüsusən də Yavlaq Arslan adı daha məşhur idi. Dövrün ərəbcə və farsca mənbələrində bu sözün mənası "qəvi" kimi verilir.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ