İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni şəhrabanular, müasir şahbazlar və köhnə məstəlilər

Mətbuatın vaxtaşırı müraciət etdiyi mövzulardan biri də özlərini “falçı”, “ekstrasens”, “görücü”, “maq” və s. adlandıran dələduzların insanları mövhumat, xurafat yoluyla aldatmasıdır.

Orta əsrlərdə xristian ölkələrində kilsə belə adamları təqib edir, ağır şəkildə cəzalandırırmış. İllah da ona görə ki, onlar mövhumat yaymaqla kilsəylə rəqabət aparırmışlar.

Ancaq maraqlıdır ki, müasir dövrdə bu cür xurafatçılar əsasən dinə, Qurana, seyid ocağına arxalanır, öz fəaliyyətlərini dini inanclara bağlayırlar.

Dünən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bu xüsusda sosial şəbəkədə şəkil paylaşıb və status belə bir status yazıb: “Gələcəyi görə bilməyiblər. … Sosial şəbəkələrdə - TikTok-da “yollar açan”, “ağırlıqlar götürən”, “mülk, satış, qazanc, cadu-əməl işləri, “ailə möhkəmləndirilməsi”, “küsənləri barışdıran” iki şərik falçı qadın tutulub. Deyiblər ki, bizi tutmaq günahdır, biz seçilmiş, müqəddəs - vergili insanlarıq. Adamlara o qədər vədlər verib, pullarını dələduzluq yolu ilə talayıblar ki…”.

Birdirmi, ikidirmi? Ölkə bu kateqoriyadan olan fırıldaqçılarla, falçılarla qaynaşır.

Onların “qəbul otağı” isə bu yalançılardan kor-koranə mədəd umanlarla dolub-daşır.

İllərdir, belədir. Səhhət, məişət, maliyyə problemləri olan minlərlə insan hər gün öz dərdlərinin əlacını düz-əməlli orta məktəb bitirməmiş, iki kitabın arasını açmamış, sadəcə, insanları inandırmaq, aldatmaq qabiliyyətləri güclü olan belə şəxslərə pənah aparırlar.

Bəs bu cür dələduzlar onlara üz tutanların problemlərini həll edə bilirlərmi? Əsla! Mümkün deyil. Olsa-olsa, bir-iki nəfərin işi öz-özünə, təsadüfən düzəlir. Məsələn, dahi Axundovun “Dərviş Məstəli şah və müsyö Jordan” pyesində olduğu kimi.

O tamaşaya və pyes əsasında çəkilmiş filmə hamı baxıb, söhbətin nədən getdiyini bilirsiniz. Qısa şəkildə xatırladaq ki, Fransadan Qarabağa gəlmiş nəbatatçı alim müsyö Jordan gənc Şahbaz bəyi özü ilə Parisə aparmaq istəyir. Onun potensial qayınanası Şəhrabanu xanım Şahbazın Paris səfərinə mane olmaq məqsədilə işə fırıldaqçı dərviş Məstəlini qatır. O, “Parisi dağıtmaq”da ikən Fransada növbəti dəfə inqilab olur və Şahbaz bəyin Parisə getməsi mümkün olmur. İşin içində olanlar da elə bilir, Parisi dərviş dağıtdı.
Həmin əsərin yazılmasından 175 il keçir, amma ölkəmizin on minlərlə insanı hələ də dərviş məstəlilərə pul yedirdir.

Adamlar anlamaq istəmirlər ki, bu şəxslərin kiminsə bəxtini açmaq, ərə vermək, kimisə savadsız olduğu halda universitetə qəbul etdirmək, yaşının 50-sində məşuqə felinə uymuş əri evinə qaytarmaq kimi qabiliyyətləri yoxdur. Ola da bilməz. Onlar, sadəcə, ümumi sözlərlə danışır, hər kəsə aid edilə biləcək ifadələrdən yararlanır, müraciət edənlərə arasıkəsilməz ümidlər verir, ən pisi və ən əsası, onları özlərindən asılı hala salır və özlərinin xroniki donorlarına çevirirlər.

Bu üzdəndir ki, bəzən birinin falçılara 100-150 min manat pulu hissə-hissə verdiyi məlum olur. Bu, o deməkdir ki, onların umduqları iş düzəlməyib və fırıldaqçı falçı onları soyduqca soyub. Üçü-beşi işin düzəlmədiyini görərək, axırda indiyə qədər verdiklərindən vaz keçir, bu işdən əl çəkirsə, bir-ikisi də sonda aldandığını anlayır, çox pul verdiyinə görə mütləq şikayətçi olur və fırıldağın üstü açılır.

Bir ara 9-cu sinifə qədər oxumuş, bir dəfə lövhə önünə çıxıb dərs danışmamış bu “vergili” şəxslər xərçəng xəstələrinin müalicəsi ilə məşğul olurdular. Tibb professorları qalmışdı kənarda, xəstə yiyələri fırıldaqçıların yanına gedirdilər. Onlar da ümid verir-verir, axırda xəstə vəfat edəndə “ilahi təqdir”, “olacağa çarə yoxdur” deyirdilər. “Olacağa çarə yox idisə, bu adamların bir ətək pulunu niyə alırdınız” sualını onlara verən olsa da, cavab alan olmurdu.

Belə şəxslərin donorları məmləkətin cahilləridir. Onlar müasir elmi-texniki tərəqqinin nailiyyətlərinə məhəl qoymur, mistikaya, dinə bağlanmış xurafata meyllənirlər. Nə yazıq ki, belələrinin sayı ilbəil artır. Ortada bu qədər cahil, avam, nadan adam varsa, mütləq hansısa dələduz çıxıb onları aldadacaq və pullarını alacaq.
Fırıldaqçılar tərəfindən aldanmamaq, problemlərin həlli üçün yanlış yollarla gedib, daha da pis duruma düşməmək üçün yeganə çarə elmdir, təhsildir, savadlı və ağıllı olmaqdır.

Ölkənin professoru və ya akademiki də ocağa, pirə gedirsə, ta heç nə...

P.S. Mirzə Fətəli Axundov 175 il öncə hamımıza tanış olan əsərin mövzusunu həyatdan götürüb. 1848-ci ildə Qarabağın florasını öyrənmək üçün Fransadan gəlmiş təbiətşünas Aleksis Jordan (1814–1897) real adam olub.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR