Onlayn ictimai-siyasi qəzet
ABŞ hökumətinin 2025-ci ilin sonunadək Azərbaycan və Ermənistanla birgə işçi qruplar yaratmaq planı Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni mərhələyə keçidinin göstəricisidir.
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov bunu Musavat.com-a açıqlamasında bildirib. Ekspert əlavə edib ki, bu təşəbbüs təkcə diplomatik jest deyil, həm də ABŞ-ın bölgədə praktik təsir imkanlarını gücləndirməyə yönəlik addımdır:

“Regiondakı hadisələrin dinamikası göstərir ki, Qafqazda sülh prosesi üçün addımlar davam edir. Vaşinqtonun bu mərhələdə təşəbbüsü ələ alması Rusiya faktorunun tədricən zəifləməsi ilə izah oluna bilər. Kreml son illərdə Ermənistan üzərindəki ənənəvi təsir mexanizmlərini qorumaqda çətinlik çəkir. Moskva Qafqazda baş verən geosiyasi prosesləri əvvəlki kimi diktə edə bilmir. Səbəb həm Ukrayna müharibəsi ilə bağlı resurs tükənməsi, həm də regional aktorların müstəqil qərarvermə qabiliyyətidir. Azərbaycan isə öz müstəqil siyasəti ilə bölgədə liderdir. Bu fonda ABŞ-ın yeni mexanizmlər təklif etməsi təsadüfi deyil”.
T.İsmayılov bildirib ki. işçi qruplar ideyası Vaşinqtonun əməkdaşlıq modelinə uyğun planlaşdırılıb: “Burada məqsəd birbaşa nəzarət deyil, tərəfləri dialoq və infrastruktur əməkdaşlığı vasitəsilə yaxınlaşdırmaqdır. Xüsusilə mina təmizlənməsi, sərhəd idarəçiliyi və tranzit təşəbbüsləri kimi texniki sahələrdə bu əməkdaşlıq vacibdir. Bu da ABŞ-a siyasi qarşıdurmadan qaçaraq qlobal nüfuzunu artırmaq imkanı verir. Bakı üçün belə mexanizmlər faydalıdır, çünki Azərbaycan regional sabitliyin əsas dayağı kimi çıxış edir. İrəvan üçünsə bu təşəbbüslər Qərb platformasına inteqrasiya baxımından yeni imkanlar yaradır”.
STM təmsilçisi qeyd edib ki, Azərbaycan üçün prioritet hər zaman milli maraqlardır: “Vaşinqtonun təklif etdiyi əməkdaşlıq formatları qarşılıqlı hörmət prinsipi əsasında uğurla davam edəcək. ABŞ son illərdə bölgədə tərəfsiz vasitəçi obrazını bərpa etməyə çalışır. Bu, xüsusilə son sazişlərin ardınca daha aydın görünür. Dövlət Departamentinin “təmkinli, lakin real irəliləyiş” ifadəsi diplomatik dildə Azərbaycanın praqmatik siyasətinə hörmət kimi də oxunur. Vaşinqton başa düşür ki, Bakı üçün sülh prosesi emosional yox, strateji məsələdir. Eyni zamanda ABŞ tərəfi Ermənistanı prosesdə saxlayaraq, onun radikal addımlarının qarşısını almağa çalışır. Lakin Moskvanın bu yeni vəziyyətə sakit qalacağını düşünmək sadəlövhlük olardı.
Rusiyanın Cənubi Qafqazdakı təsirinin azalması Kremldə açıq narahatlıq doğurur. Lavrovun son açıqlamaları da bu gərginliyin diplomatik siqnalıdır. Moskva regiondakı yeni Qərb təşəbbüslərinə “yaxşı niyyətli” baxmır. Amma reallıq budur ki, Rusiyanın nə iqtisadi, nə də siyasi resursları əvvəlki kimi deyil. Kreml üçün Qafqaz artıq prioritet sahə olmaqdan çox, itirilmiş nüfuzun simvoluna çevrilib. Buna baxmayaraq, Rusiya yenə də prosesdə “söz sahibi” görüntüsünü qorumağa çalışacaq. Bu, daha çox daxili auditoriyaya hesablanmış davranış modelidir. Çünki Ermənistan artıq tədricən Rusiya orbitindən uzaqlaşır. Paşinyanın Fransa səfəri də bu istiqamətdəki addımlardan biridir. İrəvan Qərbin dəstəyini artırmaqla Moskvanın “təzyiq balansını” dəyişmək istəyir. Lakin bu, həm də bölgədə yeni risklər yaradır. Çünki Fransa məsələyə obyektiv vasitəçi kimi yanaşmayıb əvvəllər. Belə olan halda, Vaşinqtonun səyləri Parisin ritorikasına uygun gələcəkmi, zaman göstərəcək. Azərbaycan üçün əsas məsələ proseslərin real nəticə verməsidir. Sülh müqaviləsinin imzalanması yalnız tərəflərin siyasi iradəsi ilə mümkündür. ABŞ-ın təklif etdiyi işçi qruplar bu iradəni institusional mexanizmlərlə dəstəkləyə bilər. Əgər bu qruplar praktiki nəticələr doğurarsa, regionda iqtisadi inteqrasiya sürətlənəcək. Bu, həm sərhədlərin açılması, həm də yeni nəqliyyat dəhlizlərinin aktivləşməsi deməkdir.
Azərbaycan belə bir inteqrasiya modelinin aparıcı gücü ola bilər. Çünki Bakı artıq regional enerji, logistika və təhlükəsizlik mərkəzinə çevrilib. Vaşinqton da bunu anlayır və prosesə məhz bu reallıqdan baxır”.
Kremlin təzyiqlərinə gəldikdə, T.İsmayılovun sözlərinə görə, Moskva informativ təzyiq, ya İrəvan üzərindən təsir variantlarını sınaqdan keçirə bilər: “Balanslı, çoxvektorlu siyasət uğurlu Azərbaycan modelidir, indi hər zamankından daha stratejidir. Vaşinqtonun bu təşəbbüsü sülh prosesini praktik mərhələyə keçirmək üçün real fürsət yaradır. Azərbaycan bu prosesin mərkəzində dayanaraq həm siyasi, həm iqtisadi qazanclar əldə edə bilər. Sülh isə artıq kağız üzərində deyil, real əməkdaşlıq müstəvisində formalaşa bilər. Bu isə Cənubi Qafqazda yeni tarixi mərhələnin başlanğıcı deməkdir”.
E.Paşasoy,
Musavat.com
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ