İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni səfir təyinatları - diplomatiya yenidə hücum mövqeyinə qayıtmalıdır

Xüsusilə, Avropada anti-Azərbaycan meyllərinin artdığı müşahidə olunduğu bir zamanda hansı işlər görülməlidir?

Prezident İlham Əliyev Azərbaycanın Vyetnam Sosialist Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasındakı səfirini geri çağırıb. Ölkə başçısının sərəncamına əsasən, Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Digər sərənsamla Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan əlavə, ölkə başçı Fəxrəddin İsa oğlu Qurbanovu Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb. Prezident, həmçinin Şövqi Kamal oğlu Mehdizadəni Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib. Eyni zamanda, Nazim Adil oğlu Səmədov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

 Daha sonra Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısının növbəti sərəncamı ilə Səməd Əyyub oğlu Həsənov Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan başqa, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Dövlət başçısının sərəncamı ilə Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Mərakeş Krallığında, eyni zamanda Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Portuqaliya Respublikasında, Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Məmməd Bahəddin oğlu Əhmədzadə isə Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Xüsusilə, Avropada anti-Azərbaycan meyllərinin artdığı müşahidə olunduğu bir zamanda hansı işlər görülməlidir, konkret hansı ölkələrdə diplomatik korpus fəaliyyətini gücləndirməlidir?

Elxan Şahinoğlu: “Ermənistan hakimiyyətinə bir başqası gələrsə bu Dağlıq  Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər”

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu indiki şəraitdə səfirlərin ikiqat çalışmalarının vacibliyinə toxundu: “Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin birinci növbədə təhlükəsizlik tədbirlərinin artırılmasına ehtiyac var. İkinci Qarabağ müharibəsindən sonra erməni lobbisi fəallaşıb. Erməni diasporasının nümayəndələri iki dəfə Azərbaycanın Fransadakı səfirliyinə hücum ediblər, Beyrutda hücum etmək istədilər, alınmadı. Oktyabrın 10-da Azərbaycanın ABŞ-dakı səfirliyinin maşınına atəş açıldı. Londondakı səfirliyimiz isə bir neçə saat radikallar tərəfindən ələ keçirildi, bayrağımız endirildi. Göründüyü kimi, bəzi Qərb ölkələrində Azərbaycan səfirliklərin təhlükəsizliyinə ciddi yanaşılmır. Misal üçün Azərbaycanın Londondakı və Parisdəki səfirliklərinə hücum zamanı polis müdaxilə etmədi və ya gec müdaxilə etdi. Bu problemi həll etmək üçün erməni diasporunun fəal olduğu ölkələrdəki səfirliklərimizin qorunması üçün özəl təhlükəsizlik şirkətləri ilə əməkdaşlığa ehtiyac var. Qərb ölkələrinin Azərbaycandakı səfirlikləri necə yüksək səviyyədə qorunursa, Azərbaycanın həmin ölkələrdəki səfirlikləri eyni şəkildə qorunmalıdır. Yeni səfirlərimizdən fəaliyyətlərini yeni çağırışlara uyğun formalaşdırması da vacibdir. Yaxşı səfir odur ki, çalışdığı ölkədə siyasətçilər, jurnalistlər, deputatlar və ictimaiyyət nümayəndələri arasında çoxlu dostları var, onlara Azərbaycanın haqlı mövqeyini çatdırır və qarşılıqlı dəstəyə nail olur. Misal üçün ABŞ və Fransada erməni diasporasının gücü bəllidir. Deməli, bu iki ölkədəki səfirimizdən daha çox çalışması və yaradıcı yanaşma ortaya qoyması vacibdir. Elə etmək lazımdır ki, erməni diasporasının təsiri altında olan amerikalı konqresmen və ya fransalı deputat Azərbaycan əleyhinə açıqlama verəndə, Azərbaycanın mövqeyini səsləndirən və Azərbaycanın bölgədəki rolunu uzaq edən başqa amerikalı konqresmen və fransalı deputat da olsun. Səfirlər arasında tanınmış isimlərin övladları, qohumları var, son təyinatda da belələrinə rast gəlinir. Bu günümüzün reallığıdır. Sadəcə, səfir vəzifəsi vaxt öldürmək və qəbullarda gün keçirmək yeri deyil, çalışmaq və yaradıcı olmaq lazımdır. Əgər hələ də bəziləri “vaxtımı keçirim, maaşımı alım, ağrımayan başıma problem yaratmayım” prinsipindən məsələlərə yanaşırsa, həmin səfirin Azərbaycan üçün heç bir faydası olmayacaq”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hər bir səfirə uğur arzuladı: “Nazir təqdimat verir, cənab prezident də təsdiq edir. Burada başqa nə şərh ola bilər ki? Yeni təyin edilən hər bir səfirimizə uğurlar arzulayıram. Əminəm ki, ölkəmizin xeyrinə öz zəhmətləri ilə töhfələrini verəcəklər. İndiki vaxtda bundan başqa nəsə bir şey demək doğru olmazdı. Səfirliyimizə olan son hücumlarla əlaqədar deyə bilərəm ki, biz ermənilərin xaricdəki diasporaları vasitəsilə əks hücuma keçdiyini görürük. Əvvəl Azərbaycan tərəfi onları təzyiq altında saxlayırdı. İndi görürük ki, müharibədən sonra onlar şok vəziyyətindən çıxıb xarici siyasətlərini fəallaşdırıblar. Belə hadisələrin təhlili, ona qarşı hansı addımların atılmalı olduğu barədə müzakirələr təbii ki, profosional şəkildə aparılmalıdır. Əminəm ki, Azərbaycan Xarici İşlər Nazirliyində bununla bağlı kifayət qədər peşəkar mütəxəssislər var. Hesab edirəm ki, onlar digər aidiyyatı qurumlarla bu vəziyyəti məqsədəuyğun şəkildə aparmalıdırlar. Bir də ilk belə hücum deyil ki, biz buna təəccüb edək. Bizə qarşı fəaliyyət hər zaman aparılıb. Azərbaycan olaraq hər zaman buna qarşı fəaliyyətimizi aparmışıq. Əminəm ki, bundan sonra da aparacağıq. Buna heç bir şübhəm yoxdur”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR