Onlayn ictimai-siyasi qəzet
Dövlətə xəyanətdə ittiham olunaraq Ukrayna istintaq təcridxanasında saxlanılan Ali Radanın sabiq deputatı Aleksandr Dubinski öz “Telegram” kanalında qeyd edib ki, Kiyevin keçmiş baş naziri və “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko ölkənin növbəti prezidenti ola bilər. Onun sözlərinə görə, “Ukrayna inqilabının nənəsi” olan Timoşenko Volodimir Zelenskinin postunu tərk etdikdən sonra “izdihamın yanına qaçaraq” vətəndaşlara sülh gətirdiyini deyəcək.
A.Dubinski həmçinin iddia edib ki, Ukrayna ilə sülh sazişi Radanın vitse-spikeri Yelena Kondratyuk tərəfindən imzalanacaq. Səsləndirilən iddialar nə dərəcədə reallığı əks etdirir? Sülh sazişinin bu tezliklə imzalanması gözləniləndirmi? Bu, hansı şərtlər daxilində mümkün olacaq? Rusiya və Ukrayna qarşılıqlı olaraq hansısa güzəştlərə gedəcəklərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, Rusiya-Ukrayna sülh müqaviləsi ilə bağlı son vaxtlar olduqca intensiv söhbətlər gedir, müzakirələr aparılır.
Onun sözlərinə görə, bu, Donald Trampın Ağ Evə sahiblənməsinin yaxınlaşması ilə əlaqədardır: “Görünür, Trampın işlətdiyi məlum populist ifadə, yəni “mən bir sutkaya müharibəni dayandıracağam” sözləri ya bir çoxlarına ciddi təsir edib, yaxud da imkan yaradıb ki, geniş bir informasiya təbliğatına, müharibəsinə başlasın. Bir çox kanallar, ekspertlər bundan öz baxış saylarını, populyarlığını artırmaq üçün istifadə edirlər, o cümlədən də siyasətçilər. Biz Rusiya-Ukrayna məsələsinə baxsaq görərik ki, son bir həftə ərzində, yəni keçən ilin son günləri, yeni ilin ilk beş günü ərzində ən ağlasığmaz versiyalar söyləndi. Hər dəfə də hansısa daxili mənbələrə istinad olunur. Amma ortada hələ rəsmi bir mövqe yoxdur. Hətta Trampla Putinin, hansılar ki, guya bu münaqişəni həll edəcəklər, onların görüşünün harada keçiriləcəyi haqqında belə, ilkin məlumat yoxdur. Ona görə bu cür məlumatlara güvənmək mənə elə gəlir ki, lazım deyil. Qeyd etdiyim kimi, çox müxtəlif məqsədlərlə belə məlumatları ortaya atırlar. Rusiya-Ukrayna mümkün sülh müqaviləsi ilə spekulyasiya edirlər. Çalışırlar ki, bunun üzərində öz informasiya platformalarını, özlərini reklam etsinlər. Guya trend məlumatlar ortaya atsınlar. Bunların hamısı ən yaxşı halda ehtimallardır. Pis halda isə vurğuladığım kimi, öz maraqları naminə belə manipulyasiyalar etməkdir”.
Politoloqun qənatəincə, həbsdə olan bir deputatın ehtimalları, söylədikləri etibarlı məlumat və ya mənbə sayıla bilməz: “Ola bilsin ki, Ali Radanın sabiq deputatı Aleksandr Dubinski özünü gündəmdə saxlamaq, vəziyyətini yüngüləşdirmək üçün bunu ortaya atır. Ola bilsin ondan kimsə istifadə edir. Adam bəlkə də bununla qarışıqlıq yaradacağını düşünür. Mən belə məlumatlara etibar etmirəm. Rusiya-Ukrayna müharibəsinin və ya Moskva-Kiyev danışıqlarının, sülh əldə edilməsinin taleyi olduqca qeyri-müəyyəndir. Ona görə də hazırda hər hansısa məlumata istinad etmək, məncə yanlışdır. Ən azı yaxın bir ayda da bu məsələdə aydınlıq olacağı gözlənilən deyil. Xüsusilə də nəzərə alsaq ki, tərəflər mütəmadi olaraq hücumu genişləndirir, sürətləndirir və yeni-yeni ərazilər tutmağa, zəbt etməyə çalışırlar. Adətən buna da nail olurlar. Biz son son iki gündə Ukrayna ordusunun Kursk istiqamətində hücumlarına şahid oluruq. Bundan əvvəl də Rusiya Ukraynanın bir necə yaşayış məntəqəsini ələ keçirdi. Bu dəqiqə ölüm-dirim mübarizəsi gedir. Sanki tərəflər sülh danışıqlarında “kozr” əldə etmək, əlini gücləndirmək üçün yeni əraziləri zəbt etməyə çalışırlar. Hansı istiqamətdə olduğunun fərqi yoxdur. Məsələn, Ukrayna öz ərazilərini azad etmək əvəzinə, Rusiya ərazilərini zəbt etməyə çalışır. Eyni şəkildə Rusiya davranır. Belə bir şəraitdə hansısa fikir söyləmək, mənə elə gəlir ki, real deyil”.
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ