Onlayn ictimai-siyasi qəzet
Artıq iki ildən çoxdur ki, “Marset” Futbol Akademiyası (İspaniya) ilə ASTA (Azerbaijan Sport Talents Academy) arasında əməkdaşlıq çərçivəsində 30-dan çox azərbaycanlı uşaq bu akademiyada futbol oynayır. Lakin iş adamı Adnan Əhmədzadənin həbsindən sonra “Marset” azərbaycanlı uşaqları geri göndərmək qərarı verib.
Buna səbəb ASTA-nın növbəti ay üçün ödənişləri etməməsidir. Oradakı uşaqların valideynlərinə mövcud durumla bağlı bildiriş verilib. Ehtimal var ki, “Marset” ən istedadlı bir neçə nəfəri saxlasın (Sportal.az).
ASTA-nın rəhbəri Rafael Bünyatov açıqlamalarında bu günə qədər bütün xərclərin Adnan Əhmədzadə tərəfindən qarşılandığını deyib. İş adamının həbs olunması ilə ödənişlər dayandırılıb.
Bəs balaca futbolçuların taleyi necə olacaq? Aylıq nə qədər məbləğdən söhbət gedir? Dövlət onu qarşılaya bilərmi?
Natiq Muxtarlı
Tanınmış idman yazarı Natiq Muxtarlı “Yeni Müsavat”a dedi ki, futbol akademiyasında çarəsiz durumda qalan uşaqları AFFA dərhal nəzarətə götürməlidir: “Bu uşaqların 80 faizi Azərbaycanın aşağı yaş millilərində çıxış edir. Onlar milliyə çağırılırlarsa, deməli, istedadlıdırlar. Bu uşaqları taleyin ümidinə buraxmaq olmaz. Adnan Əhmədzadə həbs olunub, amma dostları azadlıqdadır. Özləri də AFFA-ya rəhbərlik edirlər. AFFA-nın əksər rəhbər şəxsləri, o cümlədən prezident Rövşən Nəcəf Adnanla yaxın dost olub. O, bu layihə onların razılığı ilə həyata keçirilib. İndi AFFA rəhbərliyi özünü görməzliyə vura bilməz. Məndə olan məlumata görə, "Barselona"da hər bir uşağın illik xərci üçün 30 min avro tələb olunur. Yəni təxminən 900 min avro bütün uşaqların illik xərcinə bəs edər. Santuşa və dəstəsinə verdikləri pulun yanında 900 min nədir ki? AFFA yığma komandaya il ərzində 10 milyon manat xərcləyir. Bu vəsait kəskin azaldılmalıdır. Belə yığma üçün il ərzində 2-3 milyon manat vəsait bəsdir. Qalan pul uşaq futbolunun inkişafına, infrastrukturun qurulmasına yönəlməlidir. O vəsaitin 2 milyon manatı da “Barselona”dakı uşaqlara sərf olunmalıdır. Onlar Azərbaycan futbolunun gələcəyi hesab olunurlar. Layihəni yarımçıq saxlamaqla 30 uşağın gələcəyi baltalanır. Həmin uşaqlar “Barselona”da həm də təhsil alırlar. Layihə dayandırılsa, onların təhsilləri ilə bağlı da ciddi problemlər yaranacaq. Məlumata görə, “Barselona”dakı akademiya azərbaycanlı uşaqlara illik təhsil haqqında güzəşt etməyə də hazırdır. AFFA təcili olaraq ora nümayəndə göndərməlidir, danışıqlar aparmalı və həll yolları tapılmalıdır. AFFA prezidenti Rövşən Nəcəf bu məsələni nəzarətinə götürməli, problemi həll etməlidir".
Kənan Məstəliyev
İdman mütəxəssisi Kənan Məstəliyev bu layihəni futbolumuzun gələcəyi üçün önəmli hesab edir: “Məbləğ barədə məlumatım yoxdur, çünki bunu açıqlamırdılar. "Marset" layihəsi çox yaxşı, ölkə futbolunun gələcəyinə töhfə verəcək layihədir. Onun vasitəsilə yeniyetmə oyunçularımız ölkə xaricində təcrübə qazanmaq, Avropa futbolunun nəfəsini yaxından hiss etmək imkanı qazanırlar. Ora yollanan uşaqların arasında aşağı yaş qrupları üzrə millimizin formasını geyinənləri var. İndi onlar geri qayıtmalı, karyeralarını Azərbaycanda davam etdirməli olacaqlar. Bu, heç də yaxşı olmadı, çünki ölkəmizdə gənc futbolçuların akademik inkişafı üçün, demək olar ki, şərait yoxdur. Ümid edirəm ki, müvafiq qurumlar bunu nəzərə alaraq lazımi addımları atmağa, futbolçularımızın inkişafına dəstək olmağa çalışacaqlar".
Qeyd edək ki, Adnan Əhmədzadənin həbsindən sonra idman yazarlarından Anar Şabanoğluı “Azərbaycan futbolunda "zəlzələ" başlıqlı yazısında belə qeyd edib: “Adnan Əhmədzadənin həbsi Azərbaycan futbolunda da növbəti "zəlzələyə" səbəb olacaq. Bakıda açılması planlaşdırılan “Barselona” akademiyası, “Marset”dəki uşaq futbolçularımız, ASTA Mingəçevir, “Kəpəz”...
Bu layihələrə, klublara sponsorluqda Adnan Əhmədzadənin adı hallanırdı.
“Marset”dəki uşaqların aqibəti necə olacaq?"
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ