Onlayn ictimai-siyasi qəzet
“Apardığımız tədqiqatın nəticəsinə görə, şam yeməyini bir yerdə edən və ya əksini edən ailələrin övladlarının riyaziyyat göstəricilərində fərq var”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib.
Nazir bildirib ki, təhsil mexaniki proses deyil: “Bu, çox ciddi psixoloji inkişaf prosesidir. Təhsilin sonda kamil insan yaratmaq məqsədi var. Bir insanın inkişafına ev, təhsil və makrogöstəricilər təsir edir. Mühit inkişafı şərtləndirən əsas amildir. Tədqiqat aləmində bunun ölçülə bilən meyarları var. İlk faktor erkən yaş inkişafıdır”.
E.Əmrullayev əlavə edib ki, məktəbə hazırlığa gedən və getməyən uşaqlar arasında ciddi fərq olur: “Bunu müəllimlər də deyir. Sadəcə, bu sahədə tədqiqatlar apara bilmirik. Apardığımız tədqiqat nəticəsinə görə şam yeməyini bir yerdə edən və ya əksini edən ailələrin övladlarının oxu, riyaziyyat göstəricilərində fərq var”.
Qeyd edək ki, İslam dini də yeməyi bir yerdə, cəmlə, o sırada ailə ilə yeməyi təşviq edir və bəyənilən əməl sayır. Görünür, bu həm də sosiallaşma baxımından önəm kəsb edir və yalnızca uşaqlarda yemək mədəniyyətini formalaşdırmaq məqsədi güdmür.
Bəs nazirin dediyi nə dərəcədə realdır? Şam yeməyini bir yerdə edən ailələrin övladlarının oxu, riyaziyyat göstəriciləri gerçəkdənmi daha yaxşıdır və niyə?
Kamran Əsədov: “Həqiqətən də çoxsaylı araşdırmalar ailənin yemək saatında bir arada olmasının uşaqlara faydası olduğunu göstərir”
Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında məsələyə bu cür mövqe bildirib: “Həqiqətən də çoxsaylı araşdırmalar ailənin yemək saatında bir arada olmasının uşaqlar üçün çox faydalı olduğunu göstərir. Birlikdə şam yemək ailə üzvlərinin bir-biri ilə daha çox vaxt keçirməsinə imkan verir və onlar arasında daha güclü əlaqə yaradır.
Uşaqlar ailənin sosial təmasını hiss edərək özünü dəyərləndirə bilir və müsbət davranışlara yönəlirlər.
Bununla birlikdə, şam yeməyi zamanı ailə üzvləri arasında ətraflı söhbətlərin aparılması uşaqların dil və söhbət bacarıqlarının inkişafına dəstək ola bilir. Aparılan tədqiqatlar əsasında deyə bilərəm ki, mütəmadi olaraq ailəsi ilə şam yeməyində süfrə arxasında oturub böyüyən uşaqların dəyər və normaları başqalarından fərqli olur. Buna görə də bir çox tədqiqatlar ailə üzvlərinin bir araya gəlməsinin uşaqların psixoloji və sosial inkişafını təmin etməsi məqsədilə şam yeməyini bir arada etməyi məsləhət görür. Amma Azərbaycanda vətəndaşların cəmi 17 faizinin ali təhsilli, ondan dəfələrlə az hissəsinin keyfiyyətli ali təhsilə malik olduğunu nəzərə alsaq, ali təhsilli valideynlərin uşaqların təhsil göstəricilərinə bilavasitə ciddi təsirini tədqiqatlar və buraxılış, qəbul imtahanlarının nəticələri təsdiq etmir".
Aydın Xan Əbilov: “Ən tanınmış adamların həyatına baxanda görürük ki, onlar internatda böyüyüblər”
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə nazirin fikirləri ilə razılaşmadığını dedi: “Uzun müddətdir ailə münasibətlərinin insanın formalaşmasında və onun psixososial varlığa çevrilməsində və eyni zamanda intellektual, estetik, mədəni-mənəvi, ruhi inkişafında rolu haqqında mübahisələr gedir. 19-cu əsrə qədər süni, sıxışdırılmış, totalitar və diktator metodları ilə idarə edilən, daha çox fiziki gücün hökmranlıq etdiyi ailələrə sağlam ailə kimi baxılırdı. Həmin dövrdə uşaqların özünü yaxşı aparması üçün qırmanc altında döyülə-döyülə formalaşdırılan ailə münasib olub. Lakin sonralar sivil ölkələrdə millətlər, toplumlar ailədən şəxsi metodlardan istifadə etməyə başladı. Xüsusən də Freydin psixoanalitik araşdırmaları, Freydizm məktəbinin inkişafından sonra ailədə fərdlərin formalaşmasında, onların inkişafında, sivil şəxslər olaraq dövlətə, cəmiyyətə yararlı olmasında köhnə metodlarla yanaşı yeni metodlar da işlənilir. 50-60-cı illərdə Fransada başlayan Tələbə Hərəkatı, daha sonra Hippilər Hərəkatı bu metodun yararlı olduğunu nümayiş etdirdi və metod geniş inkişaf edərək, sosial, məişət sferasından siyasi, iqtisadi sferaya sıçrayış etdi. Beləliklə, ailələrdə köhnə metodlar dağıdıldı, yeni modellər, yeni təfəkkürlü insanlar, ailələr yaranmağa başladı.
O ki qaldı şam yeməyini bir yerdə edən ailələrin övladlarının daha intellektual olması fikrinə, dünyanın ən tanınmış adamlarının tək ailəli ailələrdə, uşaq evlərində böyüməsi, hətta uşaqlıqda zorakılıq və basqılara məruz qalması haqqında hörmətli, cavan nazirimiz Emin Əmrullayevin xəbəri var, ya yox? Bu cür fikirlər irəli sürən məmurlar dünya təcrübəsindən çıxış etməlidirlər. Üstəlik, həmin tədqiqatlar haradan götürülüb, kim araşdırma aparıb ki, şam yeməyinin bir yerdə edən ailələrdə böyüyən uşaqlar riyaziyyatdan, fundamental elmlərdən daha yaxşı göstəricilər nümayiş etdirirlər? Ən tanınmış adamların həyatına baxanda görürük ki, onlar internatda böyüyüblər. Sivil, intellektual inkişaf etmiş, dünyaya çıxan alimlərin hansı bütöv ailələrdə olub?
Məsələn, Yusif Məmmədəliyev, Lütfizadə, Azad Mirzəzadə. Onların hamısı ya problemli ailədə böyüyüb, ya ataları sovet hökuməti tərəfindən güllələnib, ya Sibirə göndərilib və sairə. Söhbət insanın azad, intellektual formalaşmasından gedir. Əgər sizin təhsilinizdə mühit yoxdursa, rəhbərlik etdiyiniz təhsil sistemində, məktəblərdə vəziyyət kritik haldadırsa, şagird, tələbə oxumaq əvəzinə daha çox vaxt keçirməyi düşünürsə, istəyir o şagird, tələbə ata-ana deyil, nənə-baba, xala-bibi yanında hər gün şam yeməyi etsin, bununla heç nə dəyişilməyəcək.
Və yaxud özlərini nümunəvi bilən bir çox ailələr niyə məktəblərdə, universitetlərdə özlərini nümunəvi göstərəcək övladlar yetişdirə bilmirlər? Niyə bəzi hallarda alimlərin övladları təhsilə deyil, neqativ davranışlara, arzuolunmaz vərdişlərə meyllidir? Ona görə də fikir söyləyərkən, bütün bunları nəzərə almaq lazımdır".
Azad İsazadə: “Şəxsən mən belə məlumat, material, tezislə rastlaşmamışam, bu fikir bəzi suallar yaradır”
Psixoloq Azad İsazadə isə elm və təhsil nazirinin fikirlərinə bu cür mövqe bildirdi: “Ümumiyyətlə, söhbət şam yeməyindən getmir, ailə bir yerə yığışıb şam və ya nahar, səhər yeməyində birlikdə olanda, bunu ənənəyə çevirəndə təbii ki, uşaqlara müsbət təsir edir. Amma bunun birmənalı şəkildə intellektual təsir göstərməsini demək yanlış olardı. Araşdırmaq lazımdır ki, bu informasiya nəyin hansı mənbə əsasında götürülüb.
Bir daha qeyd edirəm, valideynlə birlikdə şam və ya nahar etmək, səhər yeməyi yemək psixoloji müsbət təsir edir, amma bunun təhsilə, intellektual inkişafa təsir etməsi, şəxsən mən belə məlumat, material, tezislə rastlaşmamışam və bu fikir bəzi suallar yaradır".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ