İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaz referendumu: Naxçıvanın dövlət statusunun ləğvi hazırlığı?

Naxçıvanın bütün nazirlikləri ləğv ediləcək

Naxçıvanda baş verən hadisələr, davam edən həbslər bu regiona diqqəti artırıb. Ən çox səslənən fikirlərdən biri də budur ki, muxtar respublikanın icra hakimiyyəti strukturlarına yenidən baxılmalı və mövcud reallıqlara uyğunlaşdırılmalıdır. “Yeni Müsavat”a danışan əslən Naxçıvandan olan ekspertlər də o fikirdədir ki,  idarəetmənin optimallaşdırılması üçün daha çevik mexanizmlər tətbiq etmək lazımdır.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Kamran İsmayılov “Turan”a müsahibəsində deyib ki, hazırda Azərbaycan Respublikası hökumətinin - Nazirlər Kabinetinin tərkibi və strukturu kiçik istisna olmaqla, Naxçıvanda kopyalanıb. “Rəsmi statistikaya görə, 462 960 nəfər əhalisi olan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibinə 13 nazirlik, 4 komitə, 7 dövlət xidməti, 2 agentlik, 1 departament daxildir. Şişirdilmiş məmur aparatı korrupsiya üçün münbit zəmin yaradır. Ona görə də dövlət başçısının Naxçıvanda Dövlət Yol Hərəkəti Təhlükəsizliyi  Müfəttişliyinin və Gömrük Komitəsinin ləğvi barədə dövlət başçısının sərəncamları hamı tərəfindən rəğbətlə qarşılandı və bu istiqamətdə yeni qərarların qəbuluna böyük ümidlər var. Faktiki olaraq iki dövlət teleradio kanalının və bir dövlət qəzetinin (müstəqil KİV, ümumiyyətlə, yoxdur) mövcud olduğu regionda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası, Televiziya və Radio Şurası kimi qurumlar fəaliyyət göstərir”, - deyə o bildirib.

 

O, Naxçıvanın mürəkkəb geosiyasi vəziyyətini nəzərə alaraq, “xüsusi (özəl) regionu” adlandırılmasını təklif edib: “Naxçıvan üçün ayrıca konstitusiyaya ehtiyac yoxdur. Onun statusu xüsusi qanun və ya statusla müəyyən edilə bilər. Hazırda Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinə əsasən, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Bir dövlətin tərkibində başqa dövlət necə ola bilər? Məsələn, Qaqauziyanın hüquqi statusu "Qaqauziyanın xüsusi statusu haqqında" Moldova Respublikası Qanunu ilə tənzimlənir. Qanun Qaqauziyanı “xüsusi statusa malik muxtar ərazi qurum” kimi müəyyən edir. Biz də eyni şeyi edə bilərik. Naxçıvanın indiki statusundan imtina etmək lazımdır, bu, bizim dövlətin siyasi-ərazi quruluşunu çətinləşdirir, müəyyən asimmetriya yaradır.

Hazırda Naxçıvan Muxtar Respublikasında hakimiyyət bölgüsü prinsipi çox qəribə formada həyata keçirilir. Azərbaycan Respublikasında (əksər dövlətlərdə olduğu kimi) icra hakimiyyəti ali vəzifəli şəxsə, prezidentə məxsus olsa da, Naxçıvanda qanunverici hakimiyyətin rəhbəri ali vəzifəli şəxsdir. O, faktiki olaraq həm qanunverici, həm də icra hakimiyyətinə rəhbərlik edir. Aydındır ki, bu məsələ referendumda həll edilməlidir. Bəzi iddialara görə, gələn ilin yaz-payız aylarında referendum keçirilməsi gözlənilir ki, bir sıra məsələlərlə yanaşı Naxçıvanın statusu ilə bağlı da xalqın rəyi soruşula bilər. “dövlət içində dövlət” statusu dövlətin siyasi-ərazi quruluşunu çətinləşdirirmi?

Çingiz Qənizadə: “Belə qərarların qəbulu hüququ zorlamaqdır”

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasının konstitusiyasında idarəçilik məsələləri ilə bağlı uyğunsuzluqların və ziddiyyətlərin olduğu bəllidir. Meydana çıxan problemlərin bir çoxu da buradan qaynaqlanır. Ölkəmizdə ali icraedici orqan Prezidentlik institutu olduğu halda, Naxçıvanda qanunverici orqanın rəhbəri həm də muxtar respublikada icraedici orqanın rəhbəridir. Belə olduğu üçün Ali Məclis sədrinin vəzifədən çıxarılması, həmçinin məsuliyyətə cəlb olunması proseduru çətinləşir: “Qanunvericiliyin tələbi belədir ki, Naxçıvan Ali Məclisinin üzvü olan şəxs Ali Məclisin sədri seçilməlidir. Bu vəziyyət Naxçıvan Muxtar Respublikasının konstitusiyası ilə Azərbaycan Respublikasının Konstitusiyası arasında qeyd etdiyim formada ziddiyyətli məqamlardan irəli gəlir. Bu ziddiyyətli məqamlar referendum keçirilərək yoluna qoyulmalıdır. İndiki qanunvericiliyə görə isə Vasif Talıbov vəzifəsindən uzaqlaşdırılsa, Naxçıvan Ali Məclisində yeni sədr seçiləcək. Amma hesab edirəm ki, bu, uzun zaman kəsiyi üçün nəzərdə tutulmayacaq. Yeni seçilən şəxs müvəqqəti o vəzifədə olacaq və Ali Məclis üzvlüyünə növbəti seçkilərdə yeni şəxslər deputat seçiləcək və onların sırasından Bakını qane eləyən bir nəfər Ali Məclisin sədri olacaq. Naxçıvanın idarəetməsi ilə bağlı çox ciddi islahatlar həyata keçirilməlidir. Artıq bilirsiniz ki, bəzi nazirlikləri və komitələri ləğv edilərək Azərbaycanın müvafiq nazirliklərinin və komitələrinin baş idarələrinə çevriliblər. Bu proses davam edir. Böyük ehtimalla Naxçıvanın bütün nazirlikləri ilə bağlı bu addım atılacaq. Ölkəmizin konstitusiyası Azərbaycanda ikili hakimiyyətin olmasına yol vermir, odur ki, Naxçıvanın idarəçiliyi ilə bağlı ciddi konstitusion islahatlara gedilməlidir. Yəqin ki, gediləcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR