Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 6 ildən sonra Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşüb. Vaşinqtonda baş tutan görüş 2 saatdan çox davam edib və tərəflər F-35 və F-16 proqramları, “Halkbank” məsələsi və ikitərəfli münasibətlərin digər kritik başlıqlarını müzakirə ediblər.
Ərdoğan səfər öncəsi açıqlamasında bu ziyarətin BMT Baş Assambleyası ilə eyni dönəmə təsadüf etməsindən məmnunluq ifadə edib və Türkiyə-ABŞ münasibətlərində yeni mərhələnin başlaya biləcəyini bildirib.
Tramp isə görüşdən sonra qısa açıqlamasında Türkiyəyə qarşı tətbiq olunan CAATSA sanksiyalarının yumşaldılmasının gündəmdə ola biləcəyini istisna etməyib. Qeyd edək ki, bu sanksiyalar 2020-ci ildə Ankaranın Rusiyadan S-400 sistemləri almasına görə tətbiq olunmuşdu.
Ərdoğan Trampın bölgədə barış təşəbbüslərini dəstəklədiyini vurğulayaraq, “Birlikdə əl-ələ verərək regiondakı problemləri aradan qaldıra biləcəyimizə inanıram”, – deyib.
Bu görüş Türkiyə-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilərmi?
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, ABŞ-da səfərdə olan Rəcəb Tayyib Ərdoğanın Ağ Evdə Donald Trampla görüşü, planlaşdırıldığı kimi daha çox davamlı və gündəmdə olan məsələlərin müzakirəsinə həsr olunub və tərəflər bir sıra razılaşmalar əldə ediblər:
“Xüsusilə Yaxın Şərqdə hər iki ölkə həm Suriya, həm də Qəzza məsələsində ikitərəfli danışıqlar aparıb.
Görüş zamanı Türkiyənin F-35 və F-16 qırıcı təyyarələrinin alınması, həmçinin ABŞ-ın CAATSA sanksiyalarını qaldırması da müzakirə olunub. Trampın istəyi həmçinin ondan ibarətdir ki, Türkiyə Rusiyadan neft və qaz alışını dayandırsın.
Göründüyü kimi, yeni dünya siyasi nizamında Yaxın Şərqdə hər iki ölkə ikitərəfli münasibətləri sistemli şəkildə inkişaf etdirəcək və gələcəkdə yeni müqavilələrin imzalanması üçün zəmin yaradacaq. Türkiyə üçün əsas məsələlər sırasında Suriyada İsrailin hücumlarının qarşısının alınması, ABŞ investisiyalarının ölkə iqtisadiyyatına yönəldilməsi, əlverişli ticarət sazişlərinin bağlanması və Qəzza məsələsində müharibənin dayandırılması üzrə ortaq məxrəcə gəlmək var”.
Politoloq hesab edir ki, ABŞ və Türkiyə arasında yeni bir siyasi-iqtisadi təhlükəsizlik mərhələsi başlayır və proseslər bu istiqamətdə davam edəcək:
“ABŞ prezidentinin Türkiyə prezidenti ilə münasibəti yüksək səviyyədədir ki, bu da onu göstərir ki, Bayden dövründə mövcud olan müəyyən narazılıqlar artıq arxada qalıb”.
Xalidə Gəray
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ