İnsanlara hürriyət, millətlərə istiqlal!

Su artıq “su qiymətinə” deyil: köşklərdəki özbaşınalıq

Paytaxt Bakının müxtəlif küçə və prospektlərində fəaliyyət göstərən köşklərdə adi içməli suyun qiymətinin gözlənilmədən artması əhali arasında narazılıq yaradıb. Ən adi ehtiyac hesab edilən suyun, xüsusilə də brend markaların qiymətlərində mağazalarla müqayisədə ciddi fərqlər müşahidə olunur. “Su qiymətinə” ifadəsi artıq öz məcazi mənasını itirib – su sözün əsl mənasında bahalaşıb.

Musavat.com-un əməkdaşı paytaxtın Nizami rayonunda yerləşən köşklərdən birinə yaxınlaşaraq, qiymətlərlə maraqlanır:

– Balaca “Sirab” (330 ml) suyun qiyməti neçəyədir?

– 70 qəpik, – satıcı cavab verir.

– Bəs yarımlıq “Sirab” (500 ml)?

– O da 1 manat

– Axı bu su 5-10 gün əvvəl 50-60 qəpik idi. Bahalaşmanın səbəbi nədir? Mağazalarda da belədir?

– Yox, mağazalarda qiymətlər daha aşağıdır. Biz ötən ayın ortalarından bahalaşdırmışıq. Yer haqqı, icarə, icazələr – bunlar hamısı əlavə xərcdir. Məcburuq qiymətləri artırmağa.

Satıcının cavabından da göründüyü kimi, suyun bahalaşması arxasında yalnız “bazarda tələb və təklif” məsələsi deyil, həm də əlavə xərclər dayanır. Lakin bu izahat nə qədər əsaslıdır?

Müşahidələrimizi davam etdirərək yaxınlıqdakı supermarketə üz tuturuq. Maraqlıdır ki, eyni “Sirab” su markasının müxtəlif ölçülü qablaşmaları burada xeyli ucuz qiymətə təklif olunur:

330 ml plastik butulka – 50 qəpik

500 ml plastik butulka – 60 qəpik

1 litr plastik butulka – əvvəllər 90 qəpik, hazırda endirimlə 79 qəpik

200 ml şüşə butulka – 80 qəpik

330 ml şüşə butulka – 1 manat

Eyni brend, eyni həcmlər və hətta bəzi hallarda eyni mənbədən alınan suların köşklərdə mağazalardan 30-40% bahaya satılması alıcıları haqlı olaraq narahat edir.

Söhbət etdiyimiz sakinlərdən biri, tələbə Tural Əliyev bildirir: “Universitetə gedəndə tez-tez köşklərdən su alıram, çünki mağazaya girib növbəyə durmağa vaxt olmur. Amma eyni suya 70 qəpik, bəzən 1 manat ödəmək artıq ciddi narahatlıq yaradır. Bu, sadəcə istismar kimi görünür”.

Başqa bir vətəndaş, taksi sürücüsü Ramil Qasımov isə qeyd edir: “Köşklər şəhərin hər yerində əlçatan yerə qoyulub. İnsanlar tələsəndə buradan almağa məcbur olur. Bilirlər ki, alternativ yoxdur, ona görə qiymətləri artırırlar. Bu, süni qiymət siyasətidir”.

İqtisadçı Xalid Kərimli Musavat.com-a deyib ki, bu məsələdə qanunvericiliyin pozulmasından söhbət getmir: “Nə ədalət , nə də biznes etikası pozulur. Burada sərbəstlik verilib, alıcı istəyər alar, istəyər almaz.  Köşkün öz ixtiyarındadır ki, satdığı malın qiymətini özü müəyyənləşdirsin”.

İqtisadçı Natiq Cəfərli isə deyir ki, Azərbaycanda qiymətlər iki kateqoriyaya bölünür: dövlət tərəfindən tənzimlənən və sərbəst bazar şərtləri ilə formalaşan qiymətlər. Onun sözlərinə görə, tənzimlənən qiymətlər Tarif Şurası tərəfindən müəyyən edilir. Digər sahələrdə isə dövlət əsasən iki vəzifə daşıyır: birincisi, satışdan əldə edilən gəlirlərin düzgün vergiyə cəlb olunmasına nəzarət etmək, ikincisi isə məhsulların keyfiyyət standartlarına uyğunluğunu təmin etmək”.

N.Cəfərli qeyd edib ki, su məhsullarının qiyməti hazırda dövlət tərəfindən tənzimlənmir: "Yəni topdansatış şirkətləri və alıcılar öz aralarında qiymət üzərində razılığa gəlirlər və istədikləri qiymətlərlə satış həyata keçirə bilirlər. Dövlətin isə bu prosesə birbaşa müdaxilə etmək imkanı və hüquqi əsası yoxdur".

İqtisadçı hesab edir ki, qiymətlərin bazar prinsipləri ilə formalaşması daha düzgün yanaşmadır: "Əgər dövlət süni şəkildə qiymətə təsir etməyə çalışsa, bu, ciddi fəsadlara səbəb ola bilər. Sovet dövründə bu cür inzibati müdaxilələr nəticəsində bazarlarda məhsul qıtlığı yaranır, alqı-satqı isə qeyri-rəsmi yollarla həyata keçirilirdi".

Rəqabət məsələsinə toxunan N.Cəfərli bildirib ki, bu sahədə də ciddi boşluqlar mövcuddur və tənzimləmə mexanizmləri yetərli deyil. O vurğulayıb ki, mövcud antiinhisar qanunlarına əsasən, əgər hər hansı şirkət bazarın 30 faizindən çoxunu idarə edirsə, onun fəaliyyəti dövlət nəzarətinə götürülməli və qiymətləri süni şəkildə dəyişdirməyə cəhd edərsə, cərimələnməlidir. Onun sözlərinə görə, Azərbaycanda bir neçə iri su şirkəti fəaliyyət göstərir, lakin onların bazar payı barədə rəsmi məlumatlar ictimaiyyətə açıqlanmır. Natiq Cəfərli çıxış yolu kimi dövlətin bu sahədə tənzimləyici yox, təşviqedici rol oynamasının daha səmərəli olduğunu vurğulayıb: "Əgər bazara daha çox istehsalçı daxil olarsa və rəqabət artarsa, o zaman qiymətləri bazarın öz daxilində – 'görünməz əl' – tənzimləyəcək".

Afaq MİRAYİQ,
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR