Onlayn ictimai-siyasi qəzet
Rusiya Dövlət Dumasının keçmiş deputatı Yuri Napso barəsində səsləndirilən təcavüz ittihamlarını təkzib edib.
Musavat.com xəbər verir ki, o, bu barədə 161.ru-ya açıqlamasında bildirib.
“Heç vaxt belə bir şey olmayıb. Heç bir axtarış da yoxdur. Düşünürəm ki, bu, hansısa sifarişli feykdir”, - Napso deyib.
Əlavə edib ki, hələ də BƏƏ-də “müalicə” olunur.
Qeyd edək ki, məhz bu “müalicə” onun iki il ərzində Dövlət Dumasının iclaslarında iştirak etməməsini əsaslandırmaq üçün istifadə olunurdu.
Xatırladaq ki, 2024-cü ilin sentyabrında Rusiya mediası Napsonun BƏƏ-yə köçdüyünü, lakin hələ də Liberal-Demokrat Partiyasından (LDPR) Dövlət Dumasının deputatı – Dövlət Quruculuğu və Qanunvericilik Komitəsinin birinci sədr müavini kimi vəzifəsini saxladığını ortaya çıxarmışdı.
Onun mühacirlik faktı Soçidə deputatın qanunsuz əldə etdiyi əmlakın müsadirəsi üzrə məhkəmədə açıqlanmışdı. Daha sonra bu məsələ ictimailəşdi, Napso məhkəməni uduzdu, deputat mandatından məhrum edildi və 29 mayda Ali Məhkəmədə parlamentdə bərpa olunmaq cəhdində də uğursuz oldu.
“Kommersant”ın yazdığına görə, istintaq versiyasına əsasən, Yuri Napsonun əsl mühacirəti 1 aprel 2023-cü ildə başlayıb.
Həmin ilin martın 22-də isə o, 19 yaşlı köməkçisinə təcavüz etməkdə ittiham olunub.
Qeyd edək ki, 2008-ci ildə məhz Yuri Napso təcavüzçülərə ölüm cəzasının tətbiq olunmasını təklif etmişdi.
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ