Onlayn ictimai-siyasi qəzet
İstənilən dövlətin ağıllı rəhbəri öz qonşuları ilə “sıfır problem” siyasətinə üstünlük verər. Çünki qapıbir qonşularla üzücü konflikt ən çox onların iqtisadi-ticari əlaqələrinə zərbə vurur, ortaq inkişafı ləngidir. Üstəgəl, bölgədən xeyli uzaq olan bəd niyyətli mərkəzlərə, ölkələrə aranı daha da qarışdırıb, “bulanıq suda balıq tutaq” fürsəti yaradır.
Nahaq yerə, “yaxın qonşu uzaq qohumdan yaxşıdır” deməyiblər. Bu, xalqlararası, ölkələrarası əlaqələrə də aiddir. Bu xüsusda ən çox düşünməli olan əlbəttə ki, Ermənistandır. 44 günlük müharibədə haqq elədiyi məğlubiyyəti alsa da, günü bu gün də qonşu Azərbaycan və Türkiyəyə qarşı qoltuğunda “daş” gizlədən, öz konstitusiyasından əsassız ərazi iddiaları ilə bağlı müddəaları çıxarmaq, yaxın keçmişi pis mirası olan Minsk Qrupunu ləğv eləmək istəməyən Ermənistan...
Ancaq mövzu Ermənistan yox, İrandır.
Xəbər verildiyi kimi, bu günlər Güney Azərbaycanın Ərdəbil vilayətində Azərbaycan xüsusi təyinatlıları ilə İran SEPAH qüvvələrinin birgə təlimi keçirilir. Az öncə Xəzər dənizində ortaq manevrlər olmuşdu.
Bu təlimlərin İsraildə, ABŞ-da hansı reaksiya doğuracağı başqa məsələdir. Hər halda, gerçək belədir ki, iki qonşu arasında hərbi sahədə bunca hərbi yaxınlaşma heç vaxt baş verməyib. Nə erməni işğalı dövründə, nə də 44+1 günlük Vətən müharibəsindən sonra.
Çünki rəsmi Tehranın işğalçı Ermənistana hansı münasibətdə olduğu hamıya bəlli həqiqətdir. Bir il öncə İran hətta Zəngəzur dəhlizi ilə bağlı Araz boyu azad edilmiş sərhədlərimiz boyu Azərbaycan qarşı təhdid xarakterli təlimlər keçirmişdi. Səfirliyimizə xain terror hücumu (yanvar, 2023) də öz yerində (bir günahsız insanı qətlə yetirib ikisini yaralayan terrorçu hələ də edam edilməyib)...
Amma və lakin siyasətdə əbədi düşmənlər, rəqiblər yox, əbədi maraqlar olur. Nə yaxşı ki, İran gec də olsa, qonşu Azərbaycanın önəmini anlamağa başlayıb. Bu gəlişmədə azərbaycanlı prezident Maəsud Pezeşkianın rolu var, ya yox, onu az sonra biləcəyik. Hər necə olmasa, az öncə o, Tehranda azərbaycanlı nazir Şahin Mustafayevi qəbul edərkən belə bir etiraf eləmişdi ki, ikitərəfli əlaqələrdə gərginlik yaranmasında İranın səhvləri olub. Qalır bu səhvləri düzəltmək.
Azərbaycanın isə belə problemi yoxdur. Nədən ki, bizdən ötrü qonşularla problem yox, sülh, rifah içində yaşamaq prioritetdir. Prezident İlham Əliyev bunu dəfələrlə bəyan edib, din-dil, tarix ortaqlığını vurğulayıb. Özü də bizim İranla əlaqələri dərinləşdirmək potensialımız, Türkiyə xaric, istənilən dövlətdən böyükdür. Yeyər ki, qarşı tərəfdən xoş məram olsun...
XTQ-SEPAH birgə təlimlərinə gəlincə, İran liderinin xarici işlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib ki, hərbi təlimlər iki ölkə arasında artan qarşılıqlı etimadın simvoludur. O qeyd edib ki, təlim regionun tarixində dönüş nöqtəsidir və “bu həssas ərazidə davamlı sülh və təhlükəsizliyin əsasını qoyur”, “təlimlər İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qardaşlıq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsini əks etdirir”.
Vilayəti ardınca ərz edib ki, İran “Azərbaycanın müstəqilliyini 1918-ci ildə, daha sonra Sovet İttifaqının dağılmasından sonra 1991-ci ildə yenidən tanıyan ilk ölkədir”.
Xub. Hərgah 1991-ci ildə bu tanınma 8-ci sırada olub. İlk tanıyan ölkə isə Türkiyə olub. Bu da var. Amma xırdaçılığa getməyək. Həmçinin müstəqilliyimizi 8-cı sırada tanıyan İranın 30 illik erməni işğalı dövründə müstəqilliyimizə və ərazi bütövlüyümüzə bəlli münasibəti də uzaq tarixdə olmayıb. Türkiyə işğalçı Ermənistanla sərhədi dərhal bağladı, Pakistan İslam Respublikası isə işğala görə Ermənistanın müstəqilliyini indiyədək tanımayıb (Sülh müqaviləsinin imzalanmasını gözləyir). İran İslam Respublikası isə əksinə təcavüzkar üçün “nəfəslik” rolu oynadı. İslam Peyğəmbəri (s.ə.s.) isə “mənim ümmətimin düşmənlərinə kömək edən bizdən deyil” deyib...
Bunları xatırlatmağın bəlkə də yeri deyil. Ancaq gələcək keçmişdən düzgün dərs götürənlər üçün uğurlu olur. Odur ki, ümid edək, tövbə zamanı çatıb. Keşkə yanılmayaq...
Zahid SƏFƏROĞLU
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ