Onlayn ictimai-siyasi qəzet
Polad müəllim bizim ən uzunömürlü nazirlərdən biri olub, təsəvvür edin, Sovet İttifaqı zamanı (1988-ci ildə) mədəniyyət naziri qoyulub, yalnız 2006-cı ildə vəzifədən çıxarılmışdı. Yəni Polad müəllim Azərbaycana rəhbərlik etmiş bütün şəxslərin vaxtında nazir olmağı bacaran yeganə insandır. Hətta 90-cı illərin nakam satirik qəzeti “Çeşmə” o zamanlar belə bir zarafat yazmışdı: “Azərbaycanda prezident seçilənlər 3 şeyə and içirlər - konstitusiyaya, Qurana və Bülbüloğlunu işdən çıxarmamağa”.
Nazirlikdən sonra Polad müəllim Rusiyada səfir oldu, orda da xeyli müddət qaldı. Az qalmışdı Putini yola salsın, dedilər ta bəsdir. Vətənə döndü, hazırda deputatdır və qırımından hiss edilir ki, aktiv deputat olacaqdır. Mən Polad müəllimin fəallığını alqışlayıram. Bəlkə onun sayəsində mədəniyyət sahəmizlə bağlı yaxşı qanunlar qəbul edilər.
Məsələn, 90-cı illərdə İncəsənət Muzeyimizdən 300-ə yaxın rəsm əsəri oğurlanmışdı. İçində Rembrandtın “Qadın hamamı” əsərinə qədər vardı. Təsəvvür elə. İndi bazara çıxartsan, Allah bilir neçə milyona gedərdi. Lakin mətbuat-zad rəsmlərin çırpışdırılmasından yazdı, dünya xəbərdar oldu. Rəsmləri auksionda satmaq alınmadı, İnterpol bəzi adamları xaricdə tutdu. Nəticədə Azərbaycanın adı dünya mediasında hallandı.
Sözgəlişi, dünən də bu dünyada tanınmağımız, şöhrətimizin bizdən fərqli olaraq sərhədlər aşmasından yazmışdım və kiçik əlavəm var. Şahmatçımız Şəhriyar Məmmədyarovu Türkiyə gömrükçüləri tutubmuş, şübhə edirmişlər ki, özü ilə apardığı şahmatın fiqurları içərisində nəsə qaçaqmal vardır. Bu şübhə havadan yaranmayıb ki? Əzmkar diplomatımız, hərbi attaşe Qəhrəman müəllim lap təzəcə İstanbul hava limanından 70 kilo qızıl keçirməyə cəhd edərkən yaxalanmışdı. (Türkiyə dövləti ölkədən valyuta axınını önləmək üçün qızıl gətirilməsinə müəyyən kvota, limit qoyub, səhv eləmirəmsə, bu üzdən türklər daha çox qızıl gətirmək istəyəndə qaçaqmalçılığa əl atırlar). Dubaydan bu qədər qızılı gətirib Türkiyədə kiməsə verməliymiş və bu işdə diplomatik, yoxlamasız keçid hüququndan yararlanırmış. Yəqin faiz alırmış. İndi nə olsun Məmmədyarov dünya şöhrətli idmançıdır? Diplomatı belə işlə məşğul olan ölkənin idmançısından da nə desən çıxar. Türk gömrüyünü heç qınaya bilmərik. Yeri gəlmişkən, bu cür işlərdə biz tək deyilik. 2016-cı ildə Rusiyanın Argentinadakı səfirliyinin əməkdaşı 389 kilo kokaini Avropaya göndərərkən ələ keçmişdi.
Qayıdaq Polad müəllimin necə bərkiməyinə. Dünən bu gözəl insan Milli Məclisdə, mədəniyyət komitəsinin iclasında (təbii ki, Polad müəllim oranın sədri qoyulubdur - başqa nə gözləyirdiniz?) rəqqasların pensiya yaşı mövzusunu qaldırmışdır. Sitat: “Əvvəl bizim rəqqaslar 20 il işləyəndən sonra təqaüdə çıxa bilərdilər. Sonra bu maddə qanundan çıxarıldı. İndi rəqqaslar ümumi qaydada pensiyaya çıxırlar. Bu, gülməli bir şeydir. Nazirlər Kabinetinin qərarı var ki, 5 yaş azala bilər. Xahiş etmişəm ki, sənədləri qaldıraq və müzakirə edək. Qanuna dəyişiklik edək ki, onlar rahat 20-22 ildən sonra təqaüdə çıxa bilsinlər və özlərinə layiqli təqaüd alsınlar”. Sitatın sonu.
Əlbəttə, Polad müəllim burada toyda-mağarda “Aynadan gözəl” havasına dingildəyənləri nəzərdə tutmur. O hesaba vursaq, hamı 40 yaşda pensiyaya çıxıb “xımır-xımır yeməlidir”. Opera-baletdə-filanda, müəyyən dövlət büdcəli rəqs ansambllarının tərkibindəki rəqqasları nəzərdə tutur. Həqiqətən, o cür sənət adamları üçün 40-50 yaşdan sonra rəqs etmək çətindir. Pensiya yaşı isə 65 olub. Bəs bu rəqqaslar işdən çıxıb 15-20 il nə yeməlidir? Yəqin sayca çox olmazlar və hökumət Polad müəllimin xahişini nəzərə alar.
Lakin hökuməti də başa düşürük. Çox peşə var ki, orada 50 yaşdan sonra çalışmaq çətindir. Onları nə edəcəklər?
Üstəlik, bir məsəl var, mümkün qədər ədəb çərçivəsində onu burda yazaq: “Yaxşı rəqqasa yumurtalar mane olmur”. Bu o deməkdir ki, yaxşı rəqqas 65 yaşda da oynaya bilər. Əlbəttə, oynadan olsa.
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ