İnsanlara hürriyət, millətlərə istiqlal!

Yasamalda yataqxanada yaşayan ailələr kömək istəyir  

“Turan” yataqxanasında yaşayan hərbçi ailələrinin qapısını yenə döyənlər var. Ailələrə yaşadıqları otaqları tez bir zamanda boşaltmaları tələbi irəli sürülür. Səbəb kimi də “əsaslı təmir” göstərilir.

Bu haqda Musavat.com-a yataqxana otaqlarında yaşayan sakinlər məlumat verib. Deyiblər ki, yataqxana divarlarına kağız parçasında Müdafiə Nazirliyinin Mənzil-İstismar xidmətinin rəisinin 381 nömrəli telefonoqramması və Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 24 nömrəli tapşırığı yapışdırılıb. Kağızda sakinlərdən otaqları boşaltmaları “xahiş olunur”. Yataqxanada yaşayan ailələr, əsasən, keçmiş hərbçilər və onların ailə üzvləridir.

 Əksəriyyəti uzun illər orduda xidmət etmiş, bəziləri isə Qarabağ müharibəsinin birbaşa iştirakçısı olmuş şəxslərdir. Onlar illərdir həmin binada məskunlaşıb, öz imkanları ilə otaqları yaşayışa yararlı hala gətiriblər. Lakin indi onlara alternativ yaşayış sahəsi təqdim olunmadan, heç bir rəsmi qərar göstərilmədən binanı tərk etmək tapşırılıb.

“2018-ci ildə də belə bir qanunsuz addıma cəhd olundu O zaman müdafiə naziri cənab Zakir Həsənovun göstərişi ilə özbaşınalığa son qoyuldu. İndi də bütün ümidlərimiz cənab nazirədir, o, bizlərin son ümid yerimiz olan yataqxana otaqlarından çıxarılacağımıza cəhd edildiyindən xəbər tutsa, buna imkan verməz. Əgər bu bina təmir olunacaqsa, buyursunlar, təmir etsinlər. Amma bizə heç olmasa müvəqqəti yaşamaq üçün bir yer göstərsinlər. Uşaqlarımla hara gedim?”, sakinlərdən biri belə deyib.

Sakinlər deyir ki, komendant onlara sadəcə verilən əmrə əsasən vərəqələri payladığını bildirib.
“Biz də Müdafiə Nazirliyinin Mənzil-İstismar xidməti və Bakı Qarnizonu rəhbərliyindən xahiş edirik ki, bizi küçəyə, Allahın ümidinə buraxmasınlar. Bu işdə Səbuhi İsgəndərovun rəhbərlik etdiyi Mənzil-İstismar Sahəsinin və Sənan Abbasovun rəisi olduğu Əsaslı Təmir İdarəsi prosesin arxasında duran qurumlar kimi göstərilir. Lakin ailələrə bu “əsaslı təmir”in haradan başladığı, nə qədər davam edəcəyi, kimlərə mənzil veriləcəyi haqqında heç bir rəsmi izahat təqdim olunmayıb”,- deyə sakinlər etiraz edir.
Sakinlərin şübhəsinə görə, “əsaslı təmir” sadəcə rəsmi bəhanədir. Yəni bina boşaldıldıqdan sonra ya özəlləşdiriləcək, ya da başqa şəxslərin istifadəsinə veriləcək: “Bizə deyirlər ki, otaqlarınızı ailələrinizlə birgə tərk etməsəz, binada ümumi istifadədə olan tualetlər bağlanacaq, su, elektrik kəsiləcək. Əgər təmir doğrudan da baş tutacaqsa, ailələr təmir müddətində elə binanın digər mərtəbələrinə yerləşdirilə, sonradan isə otaqlarına geri qaytarıla bilərlər. Təmir bəhanəsi ilə bizim ailələri çıxarmaq qanunsuzluqdur. Binanın təmiri biz ailələrə görə edirlərsə, elə binanın digər mərtəbəsinə yerləşdirsinlər. Bu binada yaşayan ailələr hərbçilər ailələridir. Bir vərəqlə onilliklərdir ki, yaşadığımız binadan çıxarılmağımız bizim ailələrin məhvi deməkdir. Xahiş edirik ki, Müdafiə Naziriliyinin rəhbərliyi məsələyə təcili müdaxilə etsin, bizlərin yataqxanadan çıxarılmağımızın qarşısı alınsın”.

Musavat.com əməkdaşı məsələ ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi ilə əlaqə saxlayıb. Nazirlikdən aşağıdakılar bildirilib:

"Müdafiə Nazirliyinin balansında olan, qonaqların müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulmuş, hazırda qəzalı vəziyyətə düşən "Turan" hərbi yataqxanasının fəaliyyəti əsaslı təmir məqsədilə dayandırılıb.

Təmirlə bağlı binada müvəqqəti yerləşdirilmiş sakinlərə Müdafiə Nazirliyinin müvafiq Xidməti tərəfindən bir müddət əvvəl rəsmi bildiriş verilib. Bina qəzalı vəziyyətdə olduğu üçün onların yataqxanada qalması təhlükəsizlik baxımından mümkün deyil.

Təmir işləri yekunlaşdıqdan sonra "Turan" hərbi yataqxanası təyinatına uyğun istifadəyə veriləcək.

Qeyd edək ki, yataqxanada müvəqqəti yerləşdirilmiş ehtiyatda və xidmətdə olan hərbi qulluqçular mənzil kirayəsinə görə pul kompensasiyası ilə təmin olunacaqlar".

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR