Onlayn ictimai-siyasi qəzet
"Tokio Pekinlə münasibətlərdə gərginlik istəmir. Öz növbəsində Çin rəsmiləri yaponiyalı həmkarlarıyla işləməyə hazır olduqlarını bildiriblər".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq iki ölkə arasındakı əməkdaşlığın pespektivi barədə bunları deyib:
"Çin Yaponiya ilə işləməyə hazırdır, ümumi maraqlara diqqət yetirmək, dialoq və kommunikasiyanı gücləndirmək, praktiki əməkdaşlığı dərinləşdirmək və fikir ayrılıqlarını düzgün idarə etmək vacibdir. Pekin yeni dövrün tələblərinə cavab verən konstruktiv və sabit Çin-Yaponiya münasibətləri qurmağa çalışacaq".
Bunun davamı kimi bir neçə gün əvvəl Yaponiya, Çin və Cənubi Koreya xarici işlər nazirləri görüşərək üçtərəfli əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər.
Yaponiyanın xarici işlər naziri Takeşi İvaya çinli və cənubi koreyalı həmkarları Vanq Yi və Ço Tae ilə üçtərəfli görüşdən sonra bildirib ki, bu 3 dövlətin bölgə ilə yanaşı qlobal birlik məsələləri ilə əlaqədar da məsuliyyəti var.
Buna baxmayaraq, Yaponiyanın xarici işlər naziri Şərqi Çin dənizində Tokionun nəzarətində olan, Pekinin iddia etdiyi adaları əhatə edən sularda iki hərbi gəminin mövcudluğundan narahatlığını ifadə edərək, Senkaku adaları yaxınlığında Çin gəmilərinin fəaliyyətinin "açıq şəkildə artdığını" söyləyib. Takeşi İvaya narahatlığını çinli həmkarının diqqətinə çatdırıb. Yapon diplomatın sözlərinə görə, Çin Sahil Mühafizəsinin gəmiləri cümə günü səhər saatlarından Yaponiyanın ərazi sularında yaşayış olmayan adalar yaxınlığında görünüblər. Çin gəmiləri axşam saatlarında Yaponiyanın ərazi sularını tərk ediblər.
Yaponiya parlamentinin müxalif deputatları xarici işlər nazirini sorğu-suala tutaraq xarici işlər nazirlərinin üçtərəfli görüşü zamanı Çin gəmilərinin Yaponiyanın sularına daxil olmasını yersiz və təhlükəli adlandırıblar. Takeşi İvaya buna cavab olaraq nazirlərin görüşünün barışıq və dostluq şəraitində keçməsinə baxmayaraq, baş verənlərdən təəssüfünü bildirib və Tokionun məsələni araşdıracağını vurğulayıb".
Elxan Şahinoğlu bildirib ki, Tokio Pekinlə arasındakı gərginliyi azaltmağa çalışsa da, dialoq imkanlarından istifadə etsə də, adalar uğrunda mübarizə davam edir:
"Pekin Yaponoyanın sahilinə yaxın adaların mübahisəli olduğu qənaətindədir. Bu mübahisə davam etdikcə Çinin hərbi gəmiləri həmin adaların ətrafında görünəcəklər".
Xalidə Gəray
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ