Onlayn ictimai-siyasi qəzet
Hər 3-4 aydan bir dönüb-dolaşıb eyni mövzuların üstünə gəlmək artıq hamını tıncıxdırır. Ha istəyirsən ki, hər rübdə bir dəfə aktuallaşan bu mövzuya bir dəfə münasibət bildirməyəsən, amma olmur.
Belə mövzulardan biri də ana dili-rus dili məsələsidir. Bu dəfə çanaq rusdilli yazıçımız Çingiz Abdullayevin başında çatlayıb.
Ümumiyyətlə, bir onun, bir də sabiq xarici işlər naziri Elmar Məmmədyarovun ana dilimizdə ləhcə ilə danışması lap çoxdan istehza, lağlağı, rişxənd, ironiya və sair bu kimi satirik-yumoristik söhbətlərin predmetidir.
Bu xüsusda ifrata varılmanı qeyd edərək, əlimi Mirzə Cəlilin “Anamın kitabı” əsərinə basıb and içərəm ki, o adamları ana dilini bilməməkdə qınayanların yarıdan çoxuna kağız-qələm versək və 5 sətir avtobioqrafiyaları yazdırsaq, ya yaza bilməyəcəklər, ya da N qədər səhv buraxacaqlar.
Bunu niyə əminliklə deyirəm? Çünki “ASAN xidmət”dəki könüllülərin müştərilər üçün ərizə yazarkən nə qədər intensiv işlədiklərini bilirəm. Adi ərizə blankını özü dolduran yoxdur, 95 faizini könüllü tələbələr edir.
Amma onlar da savadlı adamlara qoşulur, ana dilində ləhcə ilə danışanlara lağ edirlər, hətta irəli gedib deyirlər ki, filankəslər ana dilini bilmirlər. Bu, haqsız söhbətdir. O adları çəkilən adamlar ana dilini bilirlər, özü də pis bilmirlər, hiss olunur ki, söz baqajları da kasad deyil, amma baza təhsilləri rusca olduğu üçün cümlələri rus qrammatikasına uyğun qururlar və aksentlə danışırlar. Ona qalsa, biz də rusca və ya ingilsicə elə danışırıq.
Onları yeganə onda qınamaq olar ki, 30 ildir Azərbaycan müstəqil dövlətdir və onların rusdilli olması, danışıqları 20 ildən çoxdur lağlağı-zarafat mövzusudur, amam bu rəhmətliyin nəvələri ana dilini mükəmməl öyrənmirlər ki öyrənmirlər. Bax, 20 il bundan qabaq doğulan və “inqə”dən başqa bir söz deyə, səs çıxara bilməyən körpələr böyüyüblər, hazırda ingiliscə İELTS imtahanı verir, 7-8 bal toplayırlar, amma onlar hələ də “günəş”i “güləş” kimi tələffüz edirlər.
Bu məsələdə biz şükürlü gündəyik, daha betər, yaddilli ölkələr bar. Məsələn, 3-4 gün öncə hərbi çevrilş baş vermiş Qabonda xalqın da, dövlətin əsas dili öz ana dili deyil, fransız dilidir. Bir ara prezident Əli Bonqonun fransızlarla arası dəyib (Parisdən yoxlama gəlib müsyönün korrupsiya əməllərini təftiş edirmiş), o da qeyzlənib, deyib, elə eləməyin, ölkəmin dilini dəyişib ingiliscə edim. Etsə də edərdi, bir günün içində fərman verərdi ki, gələn dərs ilindən ingiliscə yazıb-oxuyub, danışacağıq. (Qabon 63 ildir müstəqil dövlətdir, amma hələ də öz əsas dili olan bantu dilində danışmırlar).
Bu aylarda qardaş qırğız xalqının parlamenti də qanun qəbul edib ki, Qırğızıstanda dövlət dili qırğızcadır və ölkə vətəndaşları bu dildə danışmağa, yazışmağa borcludur. Bu qanuna görə Moskva möhkəm nervilənib və bəyanat verib ki, qırğızların belə bir qanun qəbul etməsi ölkədə yaşayan slavyan mənşəli insanların hüququnun pozmaqdır. İndi Qırğızıstanda rus dilinə də xüsusi status veriblər.
Bir məqamı 147-ci dəfə təkrar edək ki, şagirdlərin, tələbələrin bir neçə dil bilməsinin ziyanı yoxdur, faydası var, qoy rus dilini də öyrənsinlər, ingilis dilini də. Amma bu, ana dilini öyrənməmək, xor görmək hesabına olmamalıdır. Yəni yaddillik fəxr ediləsi bir şey deyil.
Təəssüf ki, bizdə bir çoxları rus dilini bilməklə özünü Hindistandakı kimi yuxarı kasta mənsubu, rus dilini bilməyənləri isə şudra-filan sayırlar. Amma bir az dərinə varanda ortaya eybəcər mənzərə çıxır: məlum olur ki, həmin rusdillilərin çoxu rusca eləcə məişət söhbətləri edirlər, nəsə yaza bilmirlər. Qəbul imtahanlarında ən aşağı balı da onlar yığır.
20-22 il öncə bir rusdilli qəzetlə əməkdaşlığım vardı, arada redaksiyaya yolum düşəndə görürdüm ki, çoxlu sarışın (təbii və boyaqçıdan çıxma) qızlar var, eyzən oturub tortla çay içə-içə mırtlaşırlar, sonra da çantalarını çiyinlərinə aşırır, qu quşu ədası ilə süzülüb gedirlər. Bir dəfə Emil adlı baş redaktordan soruşdum ki, bəs bu qızlar nə vaxt yazı yazırlar. O da dedi ki, yaza bilirlərmi ki, yazalar, eləcə gəlib-gedirlər, guya ki, təcrübə keçirlər.
Dediyim odur ki, başqasının (ha türkcə, ha ingiliscə, ha rusca) dil bilgisinə lağ edəndə, ağız büzəndə bir dönün, özünüzə də baxın, görün, siz ana dilində nə qədər mükəmməl bilirsiniz, biri sizə küçədə mikrofon uzadanda, çox yox, 3 cümləni rəvan şəkildə ard-arda qoşa, “ııı, eee” etmədən danışa biləcəksinizmi? Biləcəksinizsə, sizə zaval yoxdur, döşəyin ana dilini bilməyənlərin qabırğasına.
Bir də onu deyirəm ki, elə edək, Qabon kimi olmayaq, öz ana dilimiz, öz əlifbamız, yazı-pozumuz olsun. Hətta özümüzü elə qürurlu aparaq ki, qardaş ölkədə zarafatla olsa da “Azərbaycan yurt dışımı, arkadaşlar? Türkiyənin bir ilçəsi deyilmi” deyib xətrimizə dəyə bilməsinlər. Çünki Azərbaycan ilçə və ya rayon, heç əyalət-vilayət də deyil, ölkədir, respublikadır, dili də var, dilçəyi də.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ