İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı etirafı da olacaqmı? – Ermənistan terrorçuların qoruğu kimi qaldıqca...

Ötən həftəsonu Ermənistan parlamentinin sədri Alen Simonyandan mühüm bir etiraf eşitdik. Spiker istər 44 günlük müharibə zamanı, istərsə də 2023-cü ildə Azərbaycanın Qarabağda legitim, BMT qətnamələri əsasında əməliyyat keçirdiyini söylədi.

Sitat: “Erməni tərəfi 2-ci Qarabağ müharibəsi zamanı beynəlxalq ictimaiyyətdən istədiyi reaksiyanı almadı. Müharibə başlayanda çox məyus olduq, çünki dünya bu savaşa bizim istədiyimiz kimi reaksiya vermədi. Səbəb həm də bizim tərəfimizdən legitimliyin olmaması idi. Azərbaycan Qarabağda azı 3-4 BMT qətnaməsinə əsaslanan əməliyyat keçirdi”...

Qiymətli etirafdır, əgər davamı gəlsə. Yəni quru söz xətrinə, siyasi konyunktura naminə deyilməsə və daha vacibi, etirafın diktə elədiyi işlər görülsə. Keçək konkretliyə.

Ondan başlayaq ki, Simonyan sıradan biri deyil. Ölkənin üçüncü rəsmi şəxsidir. Əgər o və onun timsalında hakim komanda hesab edirsə ki, Qarabağda ötən il aparılan antiterror əməliyyatı və ondan qabaqkı 44 günlük müharibə beynəlxalq hüquqa uyğun olub, o zaman hansı əsasla Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiası qalır? Eləcə də beynəlxalq hüquqa zidd olan digər qanunverici aktlar.

Məsələn, hələ 90-cı illərdə qəbul edilmiş qanunların birinə görə, heç bir erməni rəsmisi “Dağlıq Qarabağı” Azərbaycan ərazisi sayan sənədə qola çəkə bilməz. Simonyan sözlərində səmimidirsə, yaxşı olmazmı heç olmasa, sədri olduğu parlamentdə həmin qanuna müvafiq düzəliş edilsin və ya onun ləğvinə nail olsun? Konstitusiya dəyişikliyi də ki, öz yerində...

Sözsüz ki, Azərbaycan torpaqlarında törədilmiş çoxsaylı soyqırımı aktlarına (Xocalı, Başlıbel, Meşəli və s.), etnik təmizləmələrə, digər vəhşiliklərə və vandallıqlara görə də etiraflar olmalıdır. Gözləyirik. Gözləməyə haqqımız var!

Əslində bu, ən çox erməni xalqının özünə, onun mənəvi təmizlənməsi, paklanması üçün lazımdır. Mədəni xalqlar belə edir. Misal üçün, almanlar. Başqa ölkələrə və xalqlara yaşatdıqları iztirablara görə üzrxahlıq etdilər, təzminat ödədilər, nəinki erməni toplumu kimi müharibə cinayətkarlarını qəhrəmanlaşdırdılar, onlara abidələr ucaltdılar.

Demək, iki xalqın barışığını istəyənlər günün birində Xocalı hərfi canilərini – Robert Köçəryanı, Serj Sərkisyanı, Seyran Ohanyanı, həmçinin digər ikiayaqlı vəhşiləri - Vitali Balasanyanı, Samvel Babayanı da Azərbaycana təhvil verməlidir. Özləri onları mühakimə edə bilməzlər, çünki bu şərəfsizlər bəşəriyyət əleyhinə cinayətləri bizim ərazimizdə törədiblər...

Ən əsası, bütün bunları bədnam qonşularımız rəsmi Bakının tələbi əsasında yox, könüllü şəkildə, xoşluqla etməlidirlər. Əks halda, hakimiyyətdə kim olur-olsun, nə Ermənistana, nə də onun cəmiyyətinə qonşu Azərbaycan və Türkiyənin heç vaxt etimadı olmayacaq. Ermənilərin düz sözünə belə, inanan tapılmayacaq.

Bu isə erməni cəmiyyəti üçün müharibədəki acı məğlubiyyətdən də betər bir durumdur. “Barıt qoxulu” konstitusiya da nəzərə alınmaqla, yeni potensial faciə, “barıt çəlləyi” üstündə oturmaq deməkdir. Çünki diplomatik əlaqələr qurulsa, kommunikasiyalar və sərhədlər açılsa belə, etibarsızlıq mühiti özünü bütün sahələrdə göstərəcək, nəticədə kapitulyant ölkənin inkişafı ləngiyəcək...

İnsafən, Bakıda məhkəməsi gözlənilən separatçıların, keçmiş xunta rejiminin rəhbərlərinin buraxılması ilə bağlı Paşinyan iqtidarı fəallıq göstərmir. Amma bu, kifayət deyil əlbəttə ki. Gerçək həmçinin belədir ki, Ermənistan terrorizmin qoruğu, terrorçuların himayədarı olaraq qalır. Onun ərazisi hələ də Azərbaycan-Türk xalqına, onun işıqlı simalarına qarşı ağır cinayətlər törətmiş terrorçu-quldurların heykəlləri ilə doludur. Onlardan biri – “Nemezis” kompleksi isə məhz Paşinyan iqtidarı dövründə, ötən il (aprel, 2023) ucaldılıb.

Nəhayət, etiraflar səmimi tövbələrlə bitməlidir. Ermənilər bütün dünyanın qarşısında söz və zəmanət verməlidirlər ki, bir daha bölgədə müharibə səbəbkarı olmayacaqlar, özlərinə və qonşulara faciələr yaşatmayacaqlar, xarici məkrli güclərin əlində alətə, maşaya çevrilməyəcəklər.

Bacararlarmı?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR