Onlayn ictimai-siyasi qəzet
Dənizdən evimizə girən çirkabın günahı özümüzdədir - “əl əli yuyur, əl də üzü...”
Xəzərə daxil olan tullantı sularının 60%-i Volqa çayının payına düşür. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Ermənistan və Gürcüstan ərazisində formalaşan kommunal və sənaye tullantı suları Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərlərindən dənizə axıdılan tullantı suları onun əsas çirkləndiricilərindən hesab edilir.
Ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, üzən vasitələrdən tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması və s. ilə bağlıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağında fəaliyyət göstərən müəssisə və təşkilatlarda, obyektlərdə, üzən vasitələrdə, sahilboyu ərazilərdən dənizə olan axarlarda həyata keçirilmiş ekoloji monitorinqlər zamanı Xəzər dənizinə tökülən 128 axar qeydə alınmışdır.
Dənizin qidalanmasında Volqa çayının xüsusi əhəmiyyəti var. Bu çay vasitəsilə dənizə ümumi illik axar 60%, digər çaylar - Kür 6 %, Ural 5 %, Terek, Sulaq və Samur birlikdə 4,5%, İran ərazisindən Səfidrud, Şirrud, Gürgan və s. 4,0-4,5% təşkil edir.
Azərbaycanda Xəzər dənizindən neft çıxarılır və emal prosesində ən mütərəqqi texnologiyalar tətbiq edilməsinə baxmayarq, qəzalar baş verir və nəticədə neft dənizə tökülür. Dənizdən neft çıxaran yalnız Azərbaycandır və bu baxımdan neftlə çirklənmə prosesi ölkəmiz tərəfindən gedir. Xəzər dənizinin çirklənməsində ən böyük amillərdən biri kimi hərbi gəmilərin, eləcə də digər gəmilərin də rolu var. Belə ki, dəniz nəqliyyatı dənizə xeyli miqdarda çirkli maddələr axıdır. Xəzər dənizin çirklənməsi yalnız suya deyil, orada yaşayan canlılara da öz təsirini göstərir. Belə ki, Xəzər dənizində balıqçılıq inkişaf edir və buradakı balıqlar qidalanarkən müəyyən zəhərli maddələr onların orqanizminə daxil olur. İnsanlar balıqlarla qidalarkən həmin konseregen maddələr insanların orqanizminə də təsir göstərir. Bundan başqa, Xəzər dənizində hərbi manevrlər, təlimlər aparırlar ki, bu da suyun çirklənməsində öz təsirini göstərir. Əhalinin sayı ilə yanaşı suya olan tələbat da artır. Suyun çirklənməsi prosesi əvvəlki illərə nisbətən daha çox olur. Xəzərin çirklənməsinin qarşısının alınması üçün müəyyən tədbirlər görmək lazımdır. Bu baxımdan dənizdən neft çıxararkən ehtiyatlı olmaq lazımdır ki, dəniz neftlə çirklənməsin. Eləcə də Rusiyadan, Həştərxan ərazisində baş verən proseslərin nəticəsidir ki, Xəzərin çirklənməsinin 80 faizi məhz Volqa çayının payına düşür. Rusiyada bu çirklənmənin qarşısının alınması üçün müəyyən tədbirlər görülməlidir. Dənizin mühafizə edilməsi əsas məsələlərdən biridir. Ermənistan, Gürcüstanın bizim çayları çirkləndirməsi ilə bağlı regional iclaslarda, konfranslarda alimlərimiz statistik rəqəmlər təqdim edirlər.
Bu çirklənmə yalnız balıqlara təsir göstərmir. Dünyada okeanların, dənizlərin, çayların altında olan bitkilər oksigen ifraz edir. Dünyada ifraz edilən oksigenin 60 faizi okean, dəniz və çaylarda olan bitkilərin hesabınadır. Konseregen maddələr oraya düşəndə onları məhv edir. Suyun oksigenə olan tələbatı azalır. Quru ərazidə bitki məhv olanda insanlar onu bərpa etmək imkanına malikdir. Ancaq dənizin dibində olan bitkilər konseregen maddələr nəticəsində məhv olduqda o bitkiləri yenidən əkmək qeyri-mümkündür. Eləcə də Xəzər dənizində olan balıqların əksəriyyəti bitkilərlə qidalanırlar. Burada qida zənciri qırılır. Xəzərin mikroflorası, faunası azalır. Beləliklə, Xəzərdə olan canlı aləm getdikcə azalır. Almaniyada Reyn çayına o qədər sənaye məhsulları axıdılır ki, ona “ölü çay” deyirlər. Hətta orada canlı mikroorqanizmlər belə, yoxdur. Xəzərlə bağlı 5 ölkə müəyyən tədbirlər həyata keçirməsə, vəziyyəti daha da pisləşəcək. Bu gün hətta milyon tonlarla müəyyən zəhərli maddələr havaya buraxılır, onlarda həm yağış vasitəsilə, həm də çaylar vasitəsilə Xəzəri çirkləndirir. Xəzərə axan çayların daşması da dənizin çirklənməsində rol oynayır. Yəni Xəzəri çirkləndirən amillər olduqca çoxdur. Bunun qarşısını sözlə almaq yox, xeyli vəsait sərf etmək lazımdır. Bu regional problemdir və bunun qarşısı alınmalıdır
Ən böyük tullantı Xəzər dənizinə çaylar vasitəsilə daxil olur. Eyni zamanda sahil ərazilərində təsərrüfat fəaliyyətindən, məişət tullantıları nəticəsində çirklənmə davam edir. Bu, çox böyük problemdir. Xəzər dənizinə külli miqdarda çirkli su daxil olur. Bu da əsasən qaynar nöqtələrdən olur. Qaynar nöqtələrdən biri Abşeron yarımadasıdır. Sözsüz ki, Xəzər dənizin çirklənməsində təkcə Azərbaycan rol oynamır. Xəzər regional dənizdir, 5 Xəzəryanı dövlətdən daxil olan tullantılar da səbəb olur.
Bundan çıxış yolu təmizlənməmiş tullantı sularının Xəzər dənizinə axıdılmasının qarşısının alınması və tullantı sularının təmizləyici qurğularda müvafiq standartlara uyğun təmizlənməsinin təmin edilməsidir.
Bakı şəhəri, Abşeron yarımadasında çox böyük faizdə mərkəzləşmiş kanalizasiya sistemi mövcud deyil. Təmizləyici qurğuların çox hissəsi ya köhnə olduğu üçün işləmir, olanlar da normativlərə uyğun təmizləməni təmin etmir. Bunun nəticəsində də Abşeron yarımadasından Xəzər dənizinə gündə təxminən 1 milyon kubmetr çirkli su axır. Bunu Azərbaycanda bütün Xəzərin sahilinə aid etsək, rəqəm 2 dəfə artır. Bunun müqabilində, Bakıda su təchizatı ilə bağlı problemlər yaranıb.
Ümumiyyətlə, iqlim dəyişmələri nəticəsində sudan qeyri-səmərəli istifadə, su itkilərinin çox olması səbəbindən son zamanlarda, xüsusilə yay aylarında Azərbaycanda su ehtiyatlarında çatışmazlıqlar hiss olunur.
Tullantı sularının dənizə axıdılması yox, o sudan email olunaraq təkrar texniki məqsədlə istifadəsidir, Bakıda kifayət qədər texniki suya ehtiyac var. O cümlədən yaşıllıqların suvarılması üçün kifayət qədər suvarma suyuna ehtiyac var. Suvarma suyu kimi yüksək keyfiyyətlə təmizlənmiş içməli sudan istifadə olunur. Bu, məntiqə sığmayan bir şeydir. Son zamanlar dənizlərin, okeanların çirklənməsinin səbəblərindən biri də plastik çirklənmələrdir. Hazırda dənizdə fəaliyyət göstərən neft şirkətləri müasir texnologiyalardan istifadə edirlər. Onların fəaliyyəti tam nəzarət altında olduğu üçün tullantıların qat-qat azaldılmasına, bir sıra hallarda minimuma endirilməsinə nail olunub. Amma yenə də fəaliyyət zamanı sözsüz ki, tullantılar olur və bu da ətraf mühitə, Xəzərin biomüxtəlifliyinə, su bioloji resurslarına mənfi təsir göstərir.
Yazını hazırladı: Sevinc TELMANQIZI
12 Yanvar 2025
11 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ