Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, ötən həftə Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə dünya miqyasında marağa səbəb oldu. Ölkə başçısının müsahibəsində yer alan fikirlər yalnız ölkənin mövqelərinin ifadəsi baxımından deyil, həm də beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajların məcmusu kimi dəyərləndirilə bilər.
Xüsusilə də Prezidentin Azərbaycanın dini həmrəyliyini və İslamın müxtəlif təriqətlərindən olan vətəndaşların bir ailə kimi yaşamasını ön plana çıxarması təqdirəlayiqdir. Müsəlman dünyasında təriqət ayrılığının təhlükələrinə, həmrəyliyin isə vacibliyinə diqqət çəkib. İlham Əliyevin fikrincə, müsəlman dünyasına ən böyük ziyanı təriqət ayrılığı gətirir və Azərbaycan nümunəsi göstərir ki, bundan kənar dayanmaq olar. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan həm şiə, həm də sünni müsəlmanların eyni məsciddə birgə ibadət edə bildiyi azsaylı ölkələrdən biridir və bu, ölkədə təriqət ayrı-seçkiliyinə yer olmadığını göstərir: “Azərbaycanlılar etnik qrup kimi İslamın müxtəlif qollarından olan nümayəndələrdən ibarətdir. Lakin biz hamımız etnikliyimizlə, dilimizlə və dövlətimizlə birləşmişik. Təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərin nümayəndələri də özlərini eyni cür hiss edirlər. Müstəqillik dövründə bu sahədə gördüyümüz işlər həmin müsbət tendensiyaları gücləndirməkdən ibarət olub. Azərbaycan şiə və sünni müsəlmanların eyni vaxtda eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir. Biz fərq qoymuruq. Biz düşünürük ki, müsəlman dünyası üçün ən böyük təhlükə təriqətlərə ayrılmaqdır”.
Azər Hüseynov
Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı mühüm məqamlardan biri məhz dini həmrəylik və məzhəb üstü yanaşma məsələsidir. Onun fikirləri bir daha göstərir ki, müsəlman dünyasının əsas problemlərindən biri məhz təriqət ayrılığıdır. Tarixi proseslərə nəzər saldıqda aydın olur ki, İslamın ilk əsrlərindən başlayaraq müxtəlif təriqət və məzhəblərin meydana gəlməsi müəyyən mənada dini təfəkkürün zənginləşməsinə səbəb olsa da, sonrakı mərhələlərdə bu müxtəliflik çox zaman siyasi qüvvələr tərəfindən alətə çevrilib. Xüsusilə son iki yüzillikdə beynəlxalq imperialist dairələr müsəlman xalqları parçalamaq, zəiflətmək və bir-birilərinə qarşı qoymaq üçün məhz məzhəb fərqlərindən istifadə ediblər.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın təcrübəsi bu mənada mühüm bir nümunədir. Azərbaycan tarixən həm şiə, həm də sünni icmalarının birgə yaşadığı, dini tolerantlıq ənənələrinin möhkəm kök saldığı bir ölkədir. Bu gün də Azərbaycan məscidlərində şiə və sünnilər eyni anda ibadət edir, dini mərasimlərdə yanaşı dayanır, bir ailənin övladları kimi davranırlar. Bu, sadəcə, dini harmoniya deyil, eyni zamanda milli kimliyin, vahid dövlətçilik şüurunun təntənəsidir. Çünki azərbaycanlıların birləşdirici amili məhz milli kimlik, dil və dövlətə sədaqətdir. Burada dini fərqlər qarşıdurma yaratmır, əksinə, müxtəlifliyi zənginlik kimi təqdim edir".
Analitik vurğulayır ki, bunun əksinə, bir çox müsəlman ölkələrində məzhəbçilik fəlakətli nəticələr doğurub: “Son on il ərzində Suriya buna bariz nümunədir. Suriya cəmiyyəti uzun müddət müxtəlif dini qrupların dinc yanaşı yaşadığı məkanlardan biri olub. Lakin xarici müdaxilələr, geosiyasi maraqlar və məzhəb fərqliliklərinin qabardılması nəticəsində ölkə vətəndaş müharibəsinin astanasına gətirildi. Müxtəlif qruplar dini şüarlarla bir-birilərinə qarşı qaldırıldı, nəticədə Suriya böyük dağıntılara, yüz minlərlə insanın ölümünə və milyonlarla qaçqının yaranmasına şahid oldu. Bütün bunların arxasında məhz məzhəbçilikdən siyasi vasitə kimi istifadə edən qüvvələr dayanırdı.
İraq nümunəsi isə daha da acınacaqlıdır. ABŞ-nin 2003-cü ildəki işğalından sonra ölkədəki siyasi sistem məzhəb bölgüsü üzərində quruldu. Şiələr, sünnilər və kürdlər arasında hakimiyyət bölgüsü ilk baxışdan balans yaratmaq məqsədi daşısa da, əslində ölkəni parçalanma həddinə gətirdi. Şiə və sünni icmaları arasında gərginlik hərbi toqquşmalara çevrildi, məscidlər partladıldı, qətliamlar törədildi. Bu proseslər İraqı zəiflətdi, dövlətçiliyi sarsıtdı və ölkəni uzun illər davam edən böhran girdabına saldı. Burada da əsas faktorlardan biri məhz məzhəb fərqlərinin siyasi oyunlara alət edilməsidir. Belə bir şəraitdə Azərbaycanın mövqeyi və təcrübəsi xüsusi önəm daşıyır".
Azər Hüseynov bildirir ki, ölkəmizdə dini məzhəb fərqləri heç vaxt milli birliyi sarsıdan amil olmayıb: “Əksinə, dövlət siyasəti və ictimai ənənə bu müxtəlifliyi birgəyaşayışın əsası kimi qəbul edib. Azərbaycanın şiə və sünni icmalarının eyni məsciddə ibadət etməsi, sadəcə, dini praktikadan ibarət deyil, həm də ideoloji bir mesajdır: məzhəb fərqləri üzərində qurulan nifaqa Azərbaycanda yer yoxdur. Bu model göstərir ki, müsəlman dünyasında da məzhəbüstü yanaşma mümkündür və bu yanaşma inkişaf etdirilərsə, digər ölkələrdə də sabitliyin bərpasına töhfə verə bilər.
Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi “müsəlman dünyasına ən böyük ziyanı təriqət ayrılığını təbliğ edən insanlar vururlar” fikri əslində müasir İslam dünyasının strateji problemini açıq şəkildə ifadə edir. Xarici qüvvələr İslam dünyasında parçalanmanı dərinləşdirmək üçün məhz bu zəif nöqtədən istifadə edirlər. Məzhəb mərkəzli təbliğat imperialist dairələr üçün ən asan manipulyasiya vasitəsidir. Çünki dini hisslər insanların həyatında ən həssas məqamdır və ona toxunan qüvvələr cəmiyyətləri asanlıqla qarşıdurmaya sürükləyə bilir. Azərbaycan bu mənada yalnız öz daxilində deyil, beynəlxalq miqyasda da nümunəvi mövqe sərgiləyir. Ölkənin həyata keçirdiyi siyasət, müxtəlif dini konfranslara ev sahibliyi etməsi, İslam həmrəyliyi ideyasını dəstəkləməsi göstərir ki, məzhəbüstü düşüncə yalnız nəzəri deyil, praktik bir modeldir. Bu modelin nəzəri cəhətdən işlənməsi və müsəlman dünyasında təbliği son dərəcə vacibdir. Çünki əgər İslam aləmi məzhəb bölgülərindən qurtulmasa, böyük güclərin təsirinə qarşı dayanıqlı olmaq çətin olacaq.
Azərbaycan təcrübəsinin digər müsəlman ölkələrinə ixracı həm ideoloji, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Burada söhbət yalnız dini məsələlərdən getmir, dövlətin sabitliyi, cəmiyyətin bütövlüyü və milli təhlükəsizlikdən gedir. Təcrübə göstərir ki, məzhəbçilik üzərində qurulan dövlətlər daima parçalanma riski ilə üzləşirlər. Məzhəbüstü yanaşma qəbul edən cəmiyyətlər daha güclü və davamlı inkişaf yoluna çıxa bilirlər. Beləliklə, İlham Əliyevin müsahibədə vurğuladığı məqamlar təsadüfi deyil. O, sadəcə, Azərbaycanın daxili vəziyyətini deyil, bütövlükdə İslam dünyasının gələcəyini nəzərdə tutur. Müsəlman aləmi yalnız o zaman inkişaf edə bilər ki, məzhəbçilikdən imtina edib vahid dini kimlik üzərində birləşsin. Azərbaycan bu baxımdan həm nümunə, həm də ilham mənbəyidir".
Hazırladı: Afaq Mirayiq
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ