İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərdə köpək balığı qorxusu

Mütəxəssis deyir ki, min illərdir Xəzərdə köpək balıqlarının yaşaması faktı yoxdur

Sosial şəbəkələrdə Xəzər dənizinə köpək balığı buraxılması ilə bağlı video insanlar arasında təşvişə səbəb  olub. Məlum, indi yay mövsümüdür və insanların ən çox üz tutduğu yerlərdən biri də dənizdir.

APA TV dənizə köpək balığı buraxan Elxan Osmanlı ilə danışıb. “Köpək balığının Xəzərə buraxılması üçün icazəni kimdən almısan” sualına o belə cavab verib: “Bu hadisə  keçən il baş verib. Balıq akvariuma sığışmadığı üçün onu öldürmədim, Xəzərə buraxdım. Onun dişləri yoxdur, adı Akula ”Celenger"dir. Balaca balıqlarla qidalanır. İnsanı parçalayacaq gücə malik deyil. Çəkisi 50 kq olur. Balığın dənizə buraxılması üçün heç kimdən icazə  almadım. Ən qorxulu canlı ikiayaqlı insandır. Məncə, insanlar özlərini ikiayaqlı köpək balıqlarından qorusunlar. Bəlkə də o, çoxdan ölüb".

Elxan Osmanlı sözügedən balıqları pandemiyadan əvvəl Malayziyadan satış məqsədilə gətirdiyini deyib. Məsələ ilə bağlı Ekologiya və  Təbii Sərvətlər Nazirliyindən isə bildiriblər ki, məlum video ilə bağlı araşdırmalara başlayıblar və nəticəsi barədə  ictimaiyyətə məlumat verəcəklər.  Köpək balıqları insanlar üçün hansı təhlükəni törədir? Onun öldüyü barədə deyilənlər yalnız versiyadır, bəlkə də ölməyib, əksinə, artıb? Bu cür hərəkət hansı məsuliyyət yaradır? Xəzərdə indiyədək köpək balıqları olubmu, dənizin suyu onların yaşaması və artması üçün məqbuldurmu?

Ənvər Əliyev Meydandan danışır (I hissə): “Çoxgünlük mitinq ideyası mənə  məxsusdur”

Ənvər Əliyev

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Köpək balıqları tarixən Xəzər dənizində olmayıbsa, orada çoxala bilməz. Xəzər vaxtilə Dünya okeanının bir hissəsi olub. Əgər doğrudan da orada köpək balıqları olsaydı, təbii ki, onun elementləri burada olmalı idi. Köpək balıqlarının bir çox növləri var, onların hansısa növü burada yaşayardı. Misal üçün, suitilər var, delfinlər yalnız Xəzər dənizinin hövzəsindədir. Sonradan başqa yerlərə yayılıb. Məsələn, nərə balığının Xəzər dənizində olması faktı yoxdur. O ki qaldı videoda o köpək balığını dənizə buraxan adama, birincisi, tək heyvanın artması mümkün deyil. İkincisi, Xəzər dənizinin ölçüsü dünya okeanından azdır. Orada xeyli suiti də var. Onlar da balaca olduğuna görə onu məhv edə bilər. Həmin o köpək balığının törəməsi sıfıra bərabərdir. Bəli, onların dişsiz növləri də var. Bu, insan üçün təhlükə yarada bilməz. Görünür, o adam saxlaya bilmədiyinə görə dənizə buraxıb. Ola bilsin, onu öldürmək istəməyib, o səbəbdən bunu edib. Onlar dişsiz köpək balıqlarıdır, xırda balıqlarla qidalanırlar. Bəlkə də o, doğrudan da məhv olub. Mühit də onu məhv edə bilər. Bu məsələni faciəyə çevirmək lazım deyil. Xəzər dənizində köpək balıqlarının yaşaması faktı yoxdur, milyon illər ərzində buna rast gəlinməyib.  Özü də tək halda o, necə törəyə bilər?! Ən pis halda o yaşayıb-yaşayıb məhv olub gedəcək”.

Ə. Əliyev onu da bildirdi ki, istənilən adamın əlinə keçən heyvanı dənizə atması doğru deyil: “Ola bilərdi törəyərdi, Xəzərin faunasına ciddi ziyan verə bilərdi. Bir dəfə Böyük Qafqazın meşələrinə heyvan buraxmışdılar, toyuqları-filan məhv elədi, sonradan onu da məhv eləməli oldular. Deməyim odur ki, hər hansı təbii mühitdə ehtiyatlı olmaq lazımdır. Təbii mühitin özünəməxsus qanunauyğunluqları var. Canlılar orada yaşayırlar, törəyirlər, uzun tarix dövrü ərzində artıq oraya öyrəşirlər. Xəzər dənizi də dünyanın ən böyük, ən gözəl, milyon illər ərzində formalaşmış təbii su mühitidir. Ora təxminən 4 milyon kvadrat kilometr ərazidən su yığılır, çaylar axır. O çayların da hamısının özünəməxsusluğu, bitki, heyvanat aləmi var. Ora təsadüfi, yoxlanılmamış, qanunsuz şəkildə heyvan atılması təhlükəli ola bilər. Buna görə də bu sahədə səlahiyyətli olan qurumlardan, mütəxəssislərdən soruşulmalıdır. Hər kəsin dənizə heyvan buraxmağı məqbul deyil. Ümumi qanunlara görə, hər hansı təbii mühitə kənardan, hətta rəsmi qaydada heyvan buraxılanda onu mütləq yoxlamaq lazımdır. Misal üçün, yenotları Böyük Qafqazın meşələrinə buraxdılar. İsmayıllı, Şamaxı tərəfdə bütün quşları məhv etməyə başladı. Təsərrüfatları dağıdıb tökürdü, axır məcbur olub sayını azaltdılar. Onun fəsadları çox olub. Burada da , ola bilərdi ki, başqa balıq olardı, Xəzərin faunasına ziddi ziyan gətirərdi”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov  - Sputnik Azərbaycan, 1920, 29.08.2021

Mehman Axundov

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya elmləri doktoru, professor Mehman Axundov da mövzu ilə bağlı fikirlərini açıqlayıb: “Vətəndaşımızda olan irigöz naqqa panqassiusdur. Yəni bu balıq növü köpəkbalığına bənzər naqqa panqassius sayılır. Azərbaycan Xəzər dənizinin mühitinin qorunması üzrə Tehran Konvensiyasının Bioloji Müxtəlifliyin Qorunması protokoluna qoşulub. Bu da protokola ziddir. Bu növlərin akvariumda yetişdirilib Xəzər dənizinə buraxılmasına icazə alınmalıdır. Burada elmi rəy mütləqdir. Bunu icazəsiz edən şəxs cəzalandırılmalıdır. Sözügedən naqqa panqassius Xəzər dənizində məhv olacaq. Biz monitorinqlər zamanı bu balıq növünə rast gəlməmişik. Çox güman ki, ölüb”.

M.Axundov qeyd edib ki, panqassiusun Azərbaycana akvariumda yetişdirmək üçün iki növü gətirilir: “10-20 santimetr olduqda onu satırlar. Köpəkbalığına oxşar naqqa panqassius növüdür. Ancaq köpəkbalığından fərqlənən cəhətləri var. Köpəkbalığında qəlsəmələr bir neçə dəlikdən ibarətdir. Panqssiusda isə qəlsəmələr qapaqdır, ağzında dişi və bığcıqları yoxdur. İki növünü - uzunüzgəcli və irigöz panqassiusu ölkəmizə gətirirlər. Bunlar şirinsu hövzələrində yaşayan növlərdir. Cənubi-şərqi Asiyada olurlar. Onlar xırda balıqlar, krevetka və nadir halda bitkilərlə qidalanırlar. Orta ölçüləri 50 santimetrə çatır. Onun yaşadığı şirin sularda uzunluğu 2-3 metrə də çata bilir. Buradan da insanlara səslənirəm, heç kim akvariumda yetişdirilən balığı və digər növü icazəsiz Xəzər dənizinə və ya şirin su hövzəsinə buraxmasın”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR