Onlayn ictimai-siyasi qəzet
"Oyunun ilk dəqiqələrindən 68-ci dəqiqəyə qədər yaxşı performans göstərdik. Amma bəxt amili də rəqibin tərəfində idi. Qırmızı vərəqə matçın qırılma nöqtəsi oldu. Ondan sonra üstünlüyü ələ almaq, oyunun taleyini dəyişmək daha çətin idi".
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının 4-cü turunda bu gün Slovakiyaya uduzduqları oyundan (1:3) sonra mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis 1:3 hesablı məğlubiyyətin rüsvayçılıq olmadığını bildirib: "Bunu biabırçı məğlubiyyət adlandırmazdım. Yaxşılaşdırmalı olduğumuz elementlər var. Bu cür adlandırmağınızı istəməzdim. Fərdi olaraq futbolçularda səhv axtarmağa nə var ki? Futbolçuların fərdi səhvlərindən danışmağı xoşlamıram. İlk sarı vərəqədən sonra problem başlamışdı. Hakimin qərarı qərəzli idi. Amma bu hakimin qərarıdır".
70 yaşlı məşqçi qeyd edib ki, uğur qazanmaq üçün ona və komandasına zaman lazımdır: "Bir ildən sonra bu layihə haqda danışacağıq. Hələ ki, vaxt yetişməyib. Müsahibələrimdə demişəm ki, qısa zamanda reallaşacaq layihə deyil. 2028-ci ilə qədər bu layihə davam edəcək. Bir neçə ildən sonra komandamız normal rəqibə qarşı istənilən səviyyədə oynaya biləcək. Hələ ki, heç bir il keçməyib. Komandada potensial görürəm. Bizə zaman lazımdır".
Santuş "Azərbaycan millisi D liqasına düşsə, bunu biabırçı nəticə hesab edəcəksiz" sualına belə cavab verib: "İnanmıram ki, aşağı düşək. Məqsədimiz gələcəkdə daha yaxşı futbol nümayiş etdirməkdir. Əlbəttə ki, hazırkı vəziyyətdə D liqasına düşəcəyimizə inanmıram. Sona qədər mübarizə aparmaq istəyirik".
Santuş Azərbaycanın aşağı yaş qruplarından ibarət yığma komandalarının uğursuz çıxışlarına baxmayaraq, orada futbolçu seçimi edəcəklərinə inanır: "Həmin futbolçular içərisindən A milliyə qalxacaq oyunçular olacaq.. Onda da o haqda düşünəcəyik. 1-2 ildən sonra milli səviyyəyə yüksələcək oyunçular olacaq. Bunu hamımız birlikdə görəcəyik. A millinin məğlubiyyətlərindən sonra hazırkı vəziyyətdə məyusluq, biabırçı məğlubiyyətlər kəlməsini yaxşı anlayıram. Etiraf edək ki, komanda bu gün müsbət nəticə üçün hər şeyi etdi. 68 dəqiqə bu cür güclü rəqibə qarşı üstün oynayırdıq. Bunu səmimi qəbul etməliyik. Qırmızı vərəqə olmasaydı, nəticə başqa cür olardı. 68 dəqiqə effektiv oyun gördüm. Arzuolunmaz nəticədir. Amma düzgün yoldayıq. Ötən matçda 35 dəqiqə üstün idik. Bu matçda 68 dəqiqə üstün oynadıq. Bu detalları inkişaf etdirib, gələcəyə ümid etmək olar".
Portuqaliya, Polşa millilərindən və "Beşiktaş"dan müqaviləsi başa çatmazdan əvvəl gedən Santuş millimizdən mümkün istefası haqda sualı da cavablandırıb: "Siz bu hekayəni bilmirsiniz. "Beşiktaş"da olanda 10 oyunun 7-də qələbə qazanmışıq".
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ