İnsanlara hürriyət, millətlərə istiqlal!

Xələfov Putinin köməkçisinə hansı mühüm mesajlar aparıb?

Təyyarə hadisəsinə görə yaranmış gərginlikdən sonra qarşılıqlı səfərlər intensivləşib; Bakı-Moskva arasında “buzlar əriyir”?

Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Moskvada Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovla görüşüb. Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib. Səfər çərçivəsində X.Xələfov Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya Federal Məclisi Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin, Rusiya xarici işlər nazirinin müavinləri Mixail Qaluzin və Andrey Rudenko ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyinin gündəliyi, onun institusional inkişafı və beynəlxalq təşkilata çevrilməsi məsələləri, o cümlədən qarşılıqlı fəaliyyət planı müzakirə olunub. Görüşlərdə ölkələrimiz arasında müxtəlif səviyyələrdə konstruktiv dialoqa yüksək qiymət verilib, Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın, o cümlədən parlamentlərarası təmasların davam etdirilməsinin vacibliyi qeyd edilib.

Danışıqlar zamanı məmnunluqla vurğulanıb ki, Azərbaycan və Rusiya arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq əməkdaşlığı haqqında Bəyannamə ikitərəfli münasibətlərin əsasını təşkil edir və uzunmüddətli ikitərəfli əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Bu kontekstdə ikitərəfli münasibətlərin hazırkı vəziyyətinə nəzər salınıb və Azərbaycan tərəfini narahat edən məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsinə xüsusi diqqət yetirilib. Danışıqlar zamanı Cənubi Qafqazda və Xəzər regionunda uzunmüddətli sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi də vurğulanıb.

Aprelin 4-də Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 33 ili tamam olub. Bu münasibətlə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında təbrik məktublarının mübadiləsi baş tutub. Hər iki məktubda Azərbaycan-Rusiya münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli şəkildə inkişaf edəcəyinə əminlik vurğulanıb. Lavrov da Xələfovu qəbul edib və görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib. 

Xatırladaq ki, Rusiyanın AZAL-ın təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib. Bu ilin fevralında Bakıdakı “Rus evi”nin fəaliyyəti Azərbaycan qanunvericiliyinə uyğun olaraq dayandırılıb. Moskva bu məsələyə həssas yanaşır.  “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov bu günlərdə deyib ki, Moskva və Bakı Azərbaycandakı “Rus evi” ilə bağlı kompromis axtarırlar və guya hər iki tərəf konstruktiv mövqedədir, işin bərpa olunması məsələsində nikbindir. Azərbaycana səfər edən Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matvienkonun da Bakıda “Rus evi”nin bərpası məsələsini qaldırdığı barədə məlumat yayılmışdı. Rusiya XİN sözçüsü Mariya Zaxarova da dəfələrlə bu mövzu ilə bağlı Kremlin narahatlığını ifadə edib. Xələfovun Lavrov və Qaluzinlə görüşlərində şübhə yoxdur ki, Bakının mesajları əsas müzakirə mövzusu olub.

Aydın Mirzəzadə: Ermənistan işğal dövründə minalara 400 milyon dollar  xərcləyib

Aydın Mirzəzadə

“Yeni Müsavat”a danışan deputat Aydın Mirzəzadə hesab etmir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə soyuqluq var idi. Onun fikrincə, qonşuluq əlaqələrində vaxtaşırı aydınlıq gətirilməli məsələlər ola bilər: “Təyyarə hadisəsindən sonra Azərbaycan Rusiyadan effektiv addımlar gözlədi. Rusiya liderinin üzrxahlıq zəngi, eləcə də kompensasiya verilməsi ilə bu məsələlər xeyli dərəcədə aydınlaşdı. Eləcə də Rusiya liderinin azərbaycanlı həmkarını 9 Maya paradına dəvət etməsi göstərdi ki, münasibətlər ən yüksək səviyyədədir və Azərbaycan Prezidentinə xüsusi hörmət var”.

A.Mirzəzadənin sözlərinə görə, tərəflər təkcə Azərbaycan-Rusiya münasibətlərini deyil, regional və beynəlxalq mövzuları da müzakirə edə bilər: “Ona görə də qonşu ölkələrin rəsmi nümayəndələri nə qədər belə tez-tez  görüşsələr, o qədər də əlaqələr yaxınlaşa, məsələlər tezliklə həll edilə bilər. Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında həmişə stabil münasibətlər olub. Amma hansısa beynəlxalq məsələdə dövlətlərin fərqli mövqenin olması mümkündür. Bizim fərqli mövqe tutmağımız da öz hüququmuzdur. Azərbaycan dünyada əmin-amanlığın olmasında maraqlıdır. Düşünürəm ki, Prezident ADA Universitetindəki konfransda bir çox məsələlərə də aydın, konkret münasibət sərgilədi”.

20 milyon hindu, 3 milyon vyetnamlı, 300 min yapona genosid edən dövlət -  ABŞ qətliamları… - Editor.az

 Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin sözlərinə görə, Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir: “Bu əlaqələr 22 fevral bəyannaməsindən irəli gəlir. Azərbaycan qonşuları ilə dinc şəraitdə yaşamaq prinsipinə əməl edir. Ancaq təyyarənin vurulmasından sonra Moskva ilə aramızda soyuqluq yaranmışdı. Çünki Rusiya mediasında Azərbaycana qarşı qərəzli yazılar dərc olunurdu”. A.Məsiyevin fikrincə, buna baxmayaraq, prezidentlər səviyyəsində münasibətlər həmişə yaxşıdır: “Putinin üzrxahlıq zəngi də buna dəlalət edir. Azərbaycan Prezidentinin Rusiyaya dəvət edilməsi isə ümumiyyətlə göstərir ki, yaranmış soyuqluğun tam aradan qaldırılması istiqamətində addımlar atılır. Xələf Xələfovun səfəri də bu aspektdən əhəmiyyət kəsb etməkdədir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR