İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!

Ölkədə nehrə yağı adı ilə bitki yağları satışdadır; işbazlardan qorunmağın yolları budur ki...

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaxılabilən və qatı yağ məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində iki istehsalçıya məxsus iki məhsulda uyğunsuzluqlar aşkarlanıb. Bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, bitki tərkibli spred yağlarının sellofanda qablaşdırılaraq nehrə yağı təəssüratı yaratmaqla istehlakçıların aldadıldığı müəyyən edilib.

Bundan başqa “Krestyanskoye” əmtəə nişanlı spred yağında koliform bakteriyalar, kif və maya göbələkləri aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, istehsalçılar inzibati məsuliyyətə cəlb olunub, uyğunsuzluq müəyyən edilmiş məhsulların satışının qadağan edilməsi və ticarət obyektlərindən geri çağırılması barədə qərar qəbul edilib. Alıcı aldanmamaq üçün nələrə diqqət etməlidir? Saxta kərə yağını necə tanımalı, işbazların toruna düşməmək üçün nə etməli?

İstehlakçılar saxta yağlardan və keyfiyyətsiz məhsullardan qorunmaq üçün bir neçə vacib məqama diqqət yetirməlidirlər. Ekspertlər saxta kərə yağını tanımaq və aldanmamaq üçün bəzi tövsiyələri qeyd edirlər. İlk olaraq etiket və qablaşdırmaya diqqət edilməlidir. Məhsulun üzərində rəsmi qeydiyyatdan keçmiş və tanınmış əmtəə nişanı olmalıdır. Tərkibi diqqətlə oxumaq lazımdır,  “bitki yağları”, “spred”, “marqarin” kimi ifadələr varsa, bu, kərə yağı deyil. İstehsal və son istifadə tarixi: aydın, pozulmamış və oxunaqlı olmalıdır. Rəsmi icazə və sertifikat: AQTA-nın qeydiyyat nişanı və ya istehsal müəssisəsinin qeydiyyat nömrəsi yazılmalıdır. İkincisi, qablaşdırma forması ilə bağlıdır. Əsl kərə yağı adətən folqa və ya karton qablaşdırmada olur. Sellofanda təqdim olunan məhsullar şübhə doğurmalıdır. Nehrə yağı adı ilə satılan bəzi məhsullar qablaşdırma ilə istehlakçını aldatmağa çalışır. Təbii nehrə yağı adətən kənd təsərrüfatı yarmarkalarında və ya birbaşa fermerdən alınır, lakin sənaye qablaşdırmasında təklif olunursa, diqqətli olun. Üçüncüsü, əsl kərə yağı açıq sarı rəngdə və yumşaq, təbii süd qoxusu ilə seçilir. Əgər yağa xas olmayan qəribə kəskin və ya sintetik qoxu varsa, bu saxtalığın əlamətidir. Eyni zamanda. kərə yağı otaq temperaturunda yumşalır, amma ərimir. Spred yağlar və marqarinlər otaq temperaturunda çox tez əriyir və sulu olur. Əsl kərə yağının dadı yüngül, südə bənzər olur. Saxta yağlar ya dadsız, ya da süni dadvericilərlə zəngin olur. Əsl kərə yağı nisbətən baha başa gəlir. Bazar qiymətindən çox ucuz məhsullar şübhə doğurmalıdır.

Eyyub Hüseynovun qızı Kanadada vəfat etdi

Eyyub Hüseynov

İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Alıcı bilməlidir ki, kərə yağları kəsiləndə parçalanıb tökülür. Dükana girdiyi zaman qablaşdırılmış yağları sıxsın, hansı bərkdirsə, o daha çox kərə yağıdır. Əlbəttə, kərə yağını əridəndə də özünü büruzə verir. Ölkədə bir neçə yağ var ki, onların üzərinə inək şəkli çəkib, ”naturalnoe maslo"  yazılıb və sairə.

Bu cür şəkillərə, yazılara inanmasınlar. Biz AQTA ilə iş aparırıq ki, bitki yağının mənbəyi yazılsın. Palmadır, günəbaxandır və sairə. Çox təəssüf ki, bu məsələ də həll olunmamış qalır. Bir çox ölkələrdən Azərbaycana kərə yağları gətirilir. Uzun müddət Azərbaycana gətirilən kərə yağının qiymətinin nisbətən ucuz olması barədə şikayətlər gəlirdi".

E.Hüseynovun sözlərinə görə, 6 il öncə Zelandiyaya gedib: “O zaman bizim oradakı həmkarların köməyi ilə Azərbaycana yağ göndərən ”Vestgold" markalı yağların zavodunda oldum. Azərbaycan dilində markalanmasını gördüm. Fermer təsərrüfatında oldum, qiymət monitorinqini apardım və gördüm ki, heyvanlar orada qış yemi yemirlər. Daim təbii yemlərlə yemlənirlər, ona görə Azərbaycana bu qiymətə gəlib çatır. Demək istəyirəm ki, xarici ölkələrdən də ölkəmizə təmiz yağlar gətirilir. AQTA ciddi iş görür ki, etiket məlumatları ilə yağın tərkibindəki məlumatlar eyni olsun. Bu yaxşı haldır". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR