Onlayn ictimai-siyasi qəzet
Gürcüstan iqtidarı bu layihəni yenidən parlamentə təqdim edib və məqsəd Qərbin vətəndaş cəmiyyətinə təsir imkanlarını minimuma endirməkdir; Rusiya və Ukraynadan sonra Qırğızıstan da oxşar qanunu qəbul edib, bəs Azərbaycan?
Gürcüstanın hakim “Gürcü arzusu” partiyası “Xarici agentlər haqqında” qalmaqallı qanunu yenidən parlamentə təqdim edib. Gürcüstanda “Xarici agentlər haqqında” qanun 2023-cü il martın 7-də birinci oxunuşda qəbul edilib.
Bunun ardınca paytaxt Tiflisdə kütləvi etiraz aksiyaları başlayıb, martın 10-u Gürcüstan parlamenti sözügedən qanunu geri götürüb. Qanun layihəsinə verilən izahat qeydinə görə, xarici dövlətin maraqlarını güdən təşkilat anlayışını təqdim etmək və müvafiq olaraq bu qurumların qeydiyyatına başlamaq lazımdır. Həmçinin qeyd edilir ki, qanunvericilik aktı yalnız məlumat məqsədinə xidmət edir və xarici maraqların dirijoru kimi tanınacaq təşkilatların fəaliyyətini məhdudlaşdırmayacaq. Qanun layihəsi fiziki şəxslərə şamil edilmir, gəlirlərinin 20%-dən çoxu xaricdən gələn qeyri-kommersiya hüquqi şəxslərə və KİV-lərə şamil edilir.
Belə təşkilatlar hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə gəlməli və xərclər haqqında bəyannamə təqdim etməlidirlər. Bu öhdəliyi yerinə yetirməsələr, 25 min lari (təxminən 9,3 min dollar) məbləğində cərimələnəcəklər. Cərimədən sonra belə bəyannamə təqdim edilməzsə, bəyannamənin vaxtı keçmiş hər ay üçün 20 min lari (təxminən 7,4 min dollar) tutulacaq. Hakim partiyanın xarici agentlər haqqında qanunun qəbuluna qayıtmaq qərarı müxalifət və ölkə prezidenti Salome Zurabişvili arasında mənfi reaksiyaya səbəb olub və o, “Gürcü arzusu”nun hərəkətlərini ölkənin Avropa İttifaqı yolunda təxribat adlandırıb.
ABŞ Dövlət Departamenti hakim “Gürcü arzusu”nun ötən il imtina etdiyi “Xarici agentlər haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etməsinə münasibət bildirib. Dövlət Departamentinin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə ötən il on minlərlə gürcüstanlının bu qanunun qəbul edilməsinin qarşısını almaq məqsədilə küçələrə çıxdığını xatırladıb. “Biz onların potensial qanunu nəzərdən keçirdiklərinə dair məlumatları görmüşük və mən, sadəcə olaraq, onu deyərdim ki, özlərinin Avropa ambisiyalarını ifadə etmək və bu qanunun tətbiq edilməsindən imtina edilməsi üçün ötən il on minlərlə gürcüstanlı küçələrə çıxmışdı. Gürcüstanın Aİ ilə üzvlük danışıqlarına başlaması üçün tarixi fürsəti var və biz Gürcüstanı bu prosesdə dəstəkləməyə davam edirik”, - Metyu Miller bildirib.
Qeyd edək ki, ABŞ-da “Xarici agentlər haqqında” qanun (Foreign Agents Registration Act- FARA) 1938-ci ildə qəbul olunub və zaman-zaman müxtəlif düzəlişlərə məruz qalıb.
Xarici agentlərin qeydiyyat sisteminə ABŞ-ın Ədliyyə Nazirliyinin tabeçiliyindəki Təhlükəsizlik İdarəsi nəzarət edir. Kimlər bu qanuna əsasən “xarici agent” sayılır? Qanuna görə, xarici dövlətlərin hökumətlərindən, siyasi liderlərindən, partiyalarından və fondlarından maliyyə yardımı alan və onların maraqlarına xidmət göstərən şəxslər “xarici agent” sayılır. “Xarici agent” kriteriyasına uyğun şəxslər rəsmi qeydiyyatdan keçməli, öz fəaliyyətləri barədə hesabat verməli, qazanclarını bildirməlidirlər. “Xarici agent” kimi fəaliyyət göstərmək cinayət məsuliyyətinə səbəb olmur. Lakin bu qanunun qüvvəsi altına düşənlər qeydiyyatdan keçmədiyi və ya yalan məlumatlar təqdim etdikləri halda həm cinayət məsuliyyətinə, həm də böyük məbləğdə cəriməyə məruz qala bilərlər.
Maraqlıdır ki, aprelin 2-də Qırğızıstan prezidenti Sadır Japarov “Xarici agentlər haqqında” qanun imzalayıb. “Dövlət başçısı kimi mən zəmanət verirəm ki, heç bir təqib olmayacaq. Biz nüvə ölkəsi deyilik. Biz hələ kosmosa uçmaq fikrində deyilik. Dövlətimizin sizdən və donorlarınızdan gizlədilməli heç bir sirri yoxdur. Biz bütün məlumatları açıq mənbələrdə tapa bilərik” - deyə Sadır Japarov vurğulayıb. Bənzər qanun 2012-ci ildə Rusiyada da qəbul olunub. 2014-cü ildə Ukraynada da xarici agentlərin fəaliyyətini tənzimləyən qanunlar qəbul olunub. Azərbaycanda hələ ki "Xarici agentlər haqqında" qanun yoxdur. 2014-cü ildən etibarən ölkəmizdə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Qrantlar haqqında” qanunlara əlavə və dəyişikliklər qüvvədədir. QHT-lərin xarici maliyyə mənbələri hesabına həyata keçirdikləri işlər və göstərdikləri xidmətlər Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilən müqavilələr əsasında həyata keçirilməlidir. Müqavilələri qeydiyyatdan keçirmədən iş görən və xidmət göstərən QHT-lər inzibati məsuliyyət daşıyır.
Bundan başqa, qrant verilməsi hüququ əldə etmək üçün icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəuyğunluğu haqqında rəyi olmalıdır. Bu zaman donorların qrant vermək hüququ əldə etməsi qaydası hökumət tərəfindən müəyyən edilir. Hökumət eyni zamanda qrantların qeydiyyatı qaydasını müəyyən edir. Amma Azərbaycanda xüsusilə son həbslər bu qanunun vacibliyini gündəmə gətirir. Bu cür qrupların fəaliyyətinə nəzarət etməyin ən yaxşı yolu ABŞ-ın “Xarici Agentlərin Reyestri haqqında” qanun qəbul edilməsidir. “Xarici agentlər haqqında” qanunun qəbulunda Bakının tərəddüdünün səbəbi nə ola bilər?
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a qeyd etdi ki, dünyada baş verən hadisələr bu gərginliklə davam edəcəksə, Azərbaycanda belə qanun layihəsinin qəbulu üçün təşəbbüs irəli sürülməsi istisna deyil. Hüquq müdafiəçisi vurğuladı ki, dünyada ictimai-siyasi vəziyyətin gərginləşdiyi, dövlətlərin işinə müdaxilə edildiyi, terror riskinin artdığı zamanda belə bir qanunun qəbuluna ehtiyac ola bilər: “Hazırda Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir, xariclə əlaqəsi olan şəxslərin vaxtında aşkar olunub məsuliyyətə cəlb edilməsi istiqamətində təhlükəsizlik, hüquq-mühafizə orqanları operativ reaksiya verirlər, ona görə indiki reallıqda ”Xarici agentlər haqqında" qanuna zərurət görünmür. Yəni inanmıram ki, yaxın dövrdə bu qanun Azərbaycanda qəbul edilsin".
Fuad Əliyev
“Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Fuad Əliyev bildirdi ki, Rusiya, Ukrayna, Qırğızıstan bu qanunu qəbul edibsə, Gürcüstan da hazırlıq görürsə, Azərbaycanda QHT-lərin dəyirmi masasını təşkil etməklə müzakirə keçirilə bilər. QHT rəhbərinin sözlərinə görə, son dövrlərdə Bakıda olan həbslər xarici agenturanın təsiri şübhələrini artırır. Onun fikrincə, belə bir qanunun qəbuluna zərurət olmaya bilər, lakin parlament və QHT-lər səviyyəsində müzakirələrə ehtiyac var. F.Əliyev hesab edir ki, Gürcüstanda Qərbin təsirlərini sıfıra endirmək üçün qanun layihəsi təkrar parlamentə qaytarılıb: “Çünki Gürcüstanda vətəndaş cəmiyyəti həm güclüdür, həm də Qərbin onlara təsir mexanizmi var. Məsələn, Saakaşvilinin azad edilməsi tələbi ilə küçələrə çıxmayan həmin vətəndaş cəmiyyəti sözügedən qanun layihəsinə etiraz olaraq Tiflis küçələrinə axışmışdı. Gürcüstanda baş nazir dəyişdikdən sonra görünür, məsələ yenidən aktuallaşıb. Fikrimcə, Azərbaycanda da Qərb agenturasının təsir imkanları minimuma endirilməlidir. Amma hüquqşünaslar daha çox rəy verə bilər ki, bununla bağlı qanun layihəsinin qəbulu prosesə necə təkan verəcək”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ