İnsanlara hürriyət, millətlərə istiqlal!

19-20 sentyabr antiterror əməliyyatı Azərbaycanın tarixi yaddaşında əbədi qalacaq – şərəfli tariximizin bir günlük səhifəsi    

“Azərbaycan Respublikasının müasir tarixi parlaq Zəfərlərlə zəngindir. Xüsusilə 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı ölkəmizin dövlətçilik yolunda yeni bir mərhələ açdı. Bu əməliyyat, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması, konstitusiya quruluşunun bərpası baxımından mühüm tarixi əhəmiyyətə malikdir”.

Deputat Şahin Seyidzadə bu fikirləri Musavat.com-a açıqlamasında bildirib. O, vurğulayıb ki, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan tərəfi bölgədə sülhün və sabitliyin bərqərar olması üçün bütün imkanlardan istifadə etdi: “Dövlətimiz üçtərəfli 2020-ci il 10 noyabr bəyanatının şərtlərinə sadiqlik nümayiş etdirərək Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılacağına ümid edirdi. Lakin illər ötdükcə bu öhdəliklər pozuldu. Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı birləşməsinin mövcudluğu, yeni silahların gətirilməsi, minaların basdırılması və ardıcıl təxribatlar Azərbaycanın milli təhlükəsizliyini ciddi təhdid altına aldı. Üstəlik, separatçı qurum müstəqillik iddialarını davam etdirir, qondarma “parlament” və “prezident” seçkiləri keçirir, açıq şəkildə dövlətçiliyimizə qarşı bəyanatlar səsləndirirdi. Azərbaycan tərəfi isə dəfələrlə xəbərdarlıq edərək, bu, qanunsuz fəaliyyətlərin yolverilməz olduğunu bəyan edirdi. Təəssüf ki, sülh çağırışlarımız nəticəsiz qalır, əksinə, Ermənistan və havadarları bölgədə gərginliyi daha da artırırdılar”. Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən uğurlu antiterror əməliyyatının tarixi nəticələrindən bəhs edən Ş.Seyidzadə xatırladıb ki, 2023-cü il sentyabrın 19-da erməni silahlı qüvvələrinin diversiya və terror aktları vəziyyəti dözülməz həddə çatdırdı: “Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda baş verən mina partlayışı nəticəsində mülki şəxslərin və Daxili Qoşunların hərbi qulluqçularının şəhid olması, ardınca ordumuzun mövqelərinin atəşə tutulması Azərbaycanın səbir kasasını daşırdı. Ağdam və Şuşada da mülki şəxslərin həlak olması təxribatların məqsədli xarakter daşıdığını təsdiqlədi. Bütün bu hadisələr fonunda Azərbaycan dövləti Konstitusiya quruluşunu bərpa, suveren hüquqlarını təmin etmək və bölgədə sabitliyi bərqərar etmək üçün qətiyyətli addım atdı. Beləliklə, lokal xarakterli antiterror əməliyyatı başlandı. Əməliyyat cəmi 23 saat 43 dəqiqə davam etdi və rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulan bütün məqsədlərə yüksək peşəkarlıqla nail oldu. Ermənistan silahlı qüvvələrinin mövqeləri, uzunmüddətli istehkamları və döyüş texnikası dəqiq zərbələrlə sıradan çıxarıldı. Qısa müddətdə 406 kvadratkilometr ərazi tam nəzarətə götürüldü. Düşmən 310 nəfər ölü və 614 nəfər yaralı olmaqla xeyli itki verdi. Azərbaycan Ordusu isə 8 tank, 22 artilleriya qurğusu, 14 minaatan, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitəsi və yüzlərlə müxtəlif hərbi texnikanı məhv etdi. Bundan başqa, 1700-dən çox döyüş texnikası və 18 mindən artıq atıcı silah ələ keçirildi. Ən mühüm məqamlardan biri isə əməliyyatın həyata keçirilməsi zamanı mülki əhalinin hədəfə alınmaması idi. Azərbaycan Ordusu beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki şəxslərin təhlükəsizliyini təmin etdi, əhaliyə SMS, səsgücləndirici və vərəqələr vasitəsilə xəbərdarlıqlar edildi. Qadınlar, uşaqlar, qocalar və xəstələrə lazımi tibbi yardım göstərildi. Bu yanaşma Azərbaycanın humanist prinsiplərə sadiqliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun dəqiq və qətiyyətli əməliyyatları qarşısında separatçılar müqavimət göstərə bilmədi. Sentyabrın 20-də saat 13:00-da erməni silahlı birləşmələri ağ bayraq qaldıraraq təslim oldu”. 

Deputat bir günlük aniterror əməliyyatın yekunlarını qısaca bu şəkildə sıralayıb: “Əldə olunan razılaşmaya əsasən, Ermənistan silahlı qüvvələri və qeyri-qanuni silahlı dəstələr tam tərksilah edildi; bütün mövqelərdən çıxarılaraq, Azərbaycan ərazisini tərk etdilər; silah-sursat və ağır texnika təhvil verildi; proses Rusiya sülhməramlılarının iştirakı ilə həyata keçirildi. Beləliklə, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi mövcudluq tamamilə aradan qaldırıldı. Əməliyyatdan sonra separatçı rejim tam süqut etdi”.

Milli Məclis üzvü 28 sentyabrda qondarma qurumun rəhbəri Samvel Şahramanyanın saxta rejimin buraxılması ilə bağlı sənəd imzalamasını da xatırladıb: “Bununla da Qarabağda mövcud olan qanunsuz xunta rejiminə birdəfəlik son qoyuldu. Yevlaxda keçirilən görüşlərdə erməni icmasının nümayəndələri Azərbaycan dövlətinin reinteqrasiya şərtləri ilə tanış oldu. Beləliklə, Qarabağın erməni sakinlərinə ölkə vətəndaşları kimi tam hüquqlu yaşamaq və ya bölgəni tərk etmək seçimi verildi”. 

Ş.Seyidzadə vurğulayıb ki, əməliyyatın nəticəsində Azərbaycan öz dövlət suverenliyini bütün ərazilərində təmin etdi, Xankəndi, Xocalı, Xocavənd, Ağdərəkimi mühüm şəhərlərdə üçrəngli Azərbaycan Bayrağı ucaldıldı: “Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də bu şəhərlərdə Dövlət Bayrağını qaldıraraq ərazi bütövlüyümüzün tam bərpa olunduğunu dünyaya bəyan etdi. Bu Zəfər yalnız hərbi qələbə deyil, həm də siyasi, diplomatik və mənəvi qələbə idi. Azərbaycan xalqı sülh və ədalət uğrunda mübarizəsinin bəhrəsini gördü. 19-20 sentyabr antiterror əməliyyatı Azərbaycanın tarixi yaddaşında əbədi qalacaq. Bu qələbə, müstəqilliyimizin möhkəmlənməsinə, suverenliyimizin bərqərar olmasına xidmət etdi. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi bir daha sübut etdi ki, milli maraqlarımızı təmin etmək üçün hər cür vasitə ilə, amma beynəlxalq hüquqa uyğun şəkildə hərəkət etməyə qadirik. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün regionda güc və söz sahibinə çevrilib. 44 günlük Vətən Müharibəsi ilə başlanan yeni mərhələ 23 saatlıq antiterror əməliyyatı ilə tamamlandı və nəticədə dövlət suverenliyimiz tam bərpa edildi”.

Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR