Onlayn ictimai-siyasi qəzet
Şuşa mədəni mühitinin görkəmli xadimləri
Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa tanınmış elm, maarif, musiqi və incəsənət xadimlərinin vətəni hesab edilir. Artıq XIX əsrin ikinci yarısında Şuşa şəhər əhalisinin sayı tanınmış alim və sənətkarlar da daxil olmaqla 25 minə çatmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Bu böyük ziyalı təbəqəsi, Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi, təhsili və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynamışlar.
Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa, orada anadan olmuş bir sıra tanınmış elm, maarif, mədəniyyət, incəsənət xadimlərinin vətəni hesab edilir. Onların adı, eləcə də sənəti Azərbaycan mədəniyyəti tarixində müstəsna yer tutur. Heç də təsadüfi deyildir ki, Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Mir Möhsün Nəvvab Qarabaği, Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Fatma xanım Kəminə, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Mirzə Salah bəy Zöhrabbəyov, Mirzə Ələsgər Növrəs, Qəmər bəyim Şeyda, Səfərəli bəy Vəlibəyov, Cəlil bəy Bağdadbəyov, İskəndər bəy Rüstəmbəyov, Cahangir bəy Zeynaloğlu, Əbdülkərim bəy Mehmandarov, Həmidə xanım Cavanşir, Həsənəli xan Qaradaği, Nəriman bəy Nərimanbəyli, Bədəl bəy Bədəlbəyli, Haşım bəy Vəzirov, Əhməd bəy Ağaoğlu, Ceyhun bəy Hacıbəyli və onlarla maarifçi, şair, dramaturq, publisist və ictimai xadimlərin həyatında Şuşa mühitinin mühüm rolu olmuşdur.
Bu kimi maarifpərvər insanların səyi nəticəsində XIX əsrin əvvəllərindən Şuşa həm də elm-təhsil mərkəzi kimi şöhrət tapmış, orada böyük publisist, naşir, şair, yazıçı və dramaturqlar, memarlar, xəttatlar, astronomlar, alimlər, maarifçi müəllimlər nəsli formalaşmışdı. Bununla yanaşı, XIX əsrin əvvəllərində tədricən Avropa tipli dünyəvi təhsil verən məktəblər açılmağa başlandı. Bu məktəblərdə Moskva, Peterburq, Berlin, Leypsiq, Sarbonna, Mançester, Paris və digər xarici universitetləri bitirən müəllimlər, Şuşada anadan olmuş ziyalılar dərs deyirdi.
Şuşa XIX əsrin II yarısından mədəni mərkəzə çevrilmiş, xüsusilə Azərbaycan musiqi və bəstəkarlıq məktəbinin yüksəlişinə səbəb olmuşdur. Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir mərhələnin yaranması Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Üzeyir Hacıbəyli dahi bəstəkar, Azərbaycan opera musiqisinin banisi olmaqla yanaşı, istedadlı publisist və ictimai-siyasi xadim kimi də tanınmışdır (9, s.24).
Bundan əlavə, Hacı Hüsü, Əbdülbaği Zülalov (Bülbülcan), Xarrat Qulu, Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçi oğlu Məhəmməd, Sadıqcan (Mirzə Sadıq), Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Məcid Behbudov, Seyid Şuşinski, Xan Şuşinski, Qurban Pirimov, Bülbül, Rəşid Behbudov, Zülfü Adıgözəlov, Əhməd Ağdamski (Bədəlbəyli), Zülfüqar Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Niyazi, Əşrəf Abbasov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Teymur Elçin, Mehdi Məmmədov, Zakir Bağırov, Çingiz Hacıbəyov, Şəmsi Bədəlbəyli, Əbülfət Vəli, Məhluqə Sadıqova, Nəcibə Behbudova, Osman Hacıbəyov, Əbülfət Əliyev, Kərbəlayı Səfixan Qarabaği, Lətif Kərimov, Cəlal Qaryağdı, Toğrul Nərimanbəyov, Münəvvər Rzayeva, Əmir Hacıyev, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Yalçın Adıgözəlov və bir çox başqaları Şuşanın yetirdiyi tanınmış musiqişünas, bəstəkar, xanəndə, kino və teatr xadimi, rəssam, heykəltəraş, memar, həmçinin görkəmli sənətkarlardı.
Azərbaycan professional musiqi sənətinin və milli opera məktəbinin banisi - Üzeyir Hacıbəyli
Şuşa orada doğulmuş, şöhrətləri bütün dünyaya yayılmış bəstəkarların vətəni kimi də məşhurdur. Belə ki, Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir mərhələnin yaranması milli opera məktəbinin banisi, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Azərbaycan professional musiqi sənətinin və milli opera məktəbinin banisi Üzeyir Hacıbəyli 1885-ci ildə anadan olub, Şuşada böyüyüb və təhsil almış, bir çox alətlərdə ifa etmək bacarığına da yiyələnmişdir. O, Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamət olan milli bəstəkarlıq məktəbinin əsasını qoymuşdur. Üzeyir Hacıbəyli Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi bəstəkar, ilk azərbaycanlı folklorçu-bəstəkar, həmçinin ilk azərbaycanlı musiqişünas-alimdir. O, həm də publisist, felyetonçu və librettoçu-dramaturq, həmçinin Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Azərbaycan tarixində və mədəniyyətində dərin iz qoymuşdur.
Üzeyir Hacıbəyli öz yaradıcılığında Qərb və Şərq musiqi üslublarını birləşdirərək, Azərbaycan xalq musiqisinin elementlərini klassik Avropa ənənələrinə uyğunlaşdırmışdı. Bu metoddan istifadə edərək o, 1908-ci ildə dahi Azərbaycan şairi Füzulinin eyni adlı poeması olan “Leyli və Məcnun” əsəri ilə təkcə Azərbaycanda deyil, bütün Şərqdə opera sənətinin əsasını qoymuşdur. Üzeyir Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Harun və Leyli” muğam operalarını bəstələmişdir.
Onun “O olmasın, bu olsun”, “Ər və arvad”, “Arşın mal alan” musiqili komediyaları müxtəlif dillərə tərcümə edilmiş və xarici ölkələrdə sevilə-sevilə baxılan əsərlərdəndir. Üzeyir Hacıbəyli 1931-ci ildə Azərbaycanda ilk notlu çalğı alətləri orkestri təşkil etmiş və dirijoru da məhz özü olmuşdu. Dahi bəstəkarın ən tanınmış əsəri 1936-cı ildə yazılmış “Koroğlu” operası hesab edilir.
Ümumilikdə, o, 7 opera və 3 operetta yazmışdır. Bundan əlavə, Azərbaycan opera məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyli “Sənsiz” və “Sevgili canan” kimi əsərlər yaradaraq, “romans-qəzəl” adlı kamera vokal musiqisinin yeni janrını da kəşf etmişdir. Üzeyir Hacıbəylinin çoxşaxəli fəaliyyətinin bir istiqaməti də heç şübhəsiz, onun publisistik yaradıcılığı ilə bağlıdır. Onun “Azərbaycan”, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında 700-ə yayın məqalə, felyeton və satirik miniatürləri dərc olunmuşdur.
O, yazılarını bu imzalarla çap etdirirdi: “Hacıbəyli Üzeyir”, “Üzeyir”, Ü.Hacıbəyli”, “Behmənkəs”, “Lal uşaq”, “Bisavad”, “Musiqiçi”. Üzeyir Hacıbəyli “Ordan-burdan”, “O yan, bu yan” başlıqları altında olan felyetonlarına “Filankəs” imzası qoymuşdu. Onun mətbu fəaliyyətinin böyük dövrü məhz “Molla Nəsrəddin” jurnalı ilə bağlı olmuş, publisist yazılarını daha çox “Ordan-burdan” başlığı altında dərc etdirməklə xalqın problemlərini, xüsusən satiranın dili ilə geniş ictimaiyyətə çatdırmağa çalışmışdır.
Üzeyir Hacıbəylinin üç kitabı nəşr edilib: “Hesab məsələləri” (1908), “Türk-Rusi və Rusi-Türk lüğəti” (1907), “Azərbaycan xalq musiqisinin əsasları”(1945). O, Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib, məktəbdə rus dili, hesab, tarix və musiqidən dərs demiş, ilk yazılarını məhz Cəbrayıl qəzasından “Kaspi” qəzetinə göndərib. 1905-ci ildə Bakıya gələrək Bibiheybət neft rayonunda fəhlələrin uşaqları üçün nəzərdə tutulan məktəbdə çalışmışdır.
1918-1920-ci illər ərzində Üzeyir Hacıbəyli kiçik qardaşı, ictimai xadim, yazıçı, jurnalist və tarixçi Ceyhun Hacıbəyli ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fəal iştirak etmişdir. O, “Azərbaycan” qəzetində ilk müstəqil dövlətimizin - Şərqdə demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini geniş təbliğ edib. “İstiqlaliyyət”, “Vəzifəmiz nədir?”, “Cümhuriyyət”, “Parlament”, “Qarabağ haqqında”, “Ordumuz”, “Bir yaş”, “Bayrağımız sarsılmaz” və digər mühüm məqalələri dərc olunub. Üzeyir Hacıbəyli 1918-ci ildə Azərbaycan Respublikasının Dövlət Himnini bəstələyib, sovet dövründə Azərbaycan SSR-in yeni himninin sözlərini və musiqisini yazmışdır.
O, sonrakı illərdə onun təşəbbüsü ilə yaradılan Bakı Musiqi Kollecinə rəhbərlik etmişdir. Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi olmaqla yanaşı, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938-1948) olub. Onun Şuşada və Bakıda ev-muzeyləri açılıb, heykəlləri ucaldılıb. Azərbaycan Dövlət Konservatoriyasına (Bakı Musiqi Akademiyası), Azərbaycan Dövlət Simfonik Orkestrinə onun adı verilmişdir. Hər il Azərbaycanda Üzeyir Hacıbəylinin anadan olduğu gün - 18 sentyabr Musiqi Günü kimi qeyd edilir. Onun bütün əsərləri çap olunub və UNESCO-nun qərarı ilə 100, 110, 120 illik yubileyi beynəlxalq miqyasda keçirilmişdir.
Şuşanın əsl tarixi siması, memarlıq abidələri və ənənnələri bərpa edilir
2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı gün kimi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gündə aparılan uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.
Şuşa - Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, doğma şəhər, əziz bir torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidədir. Bu baxımdan, Şuşanın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası mühüm əhəmiyyət kəsb edir.
Şuşa işğaldan azad edildikdən dərhal sonra şəhərin bərpası istiqamətində işlərə başlanıldı. Mədəniyyət paytaxtımızda tikinti-quruculuq işləri dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun həyata keçirilir.
2021-ci il sentyabrın 18-də ilk dəfə Şuşada Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirildi. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan bu tədbir Şuşada, onun heykəlinin ucaldığı parkda təşkil edildi. Qeyd etmək lazımdır ki, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilmişdi.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanmış və öz əvvəlki yerində ucaldıldı. 2021-ci il avqustun 29-da Şuşa şəhərində dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışda iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il sentyabrın 19-da Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak etmişdir. Görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhəri işğal edilən tarixədək fəaliyyət göstərib. Muzeydə Hacıbəylilər ailəsinə məxsus ev əşyaları, həmçinin bəstəkarın şəxsi əşyaları, fotomateriallar, kitablar - ümumilikdə 1700 eksponat qorunub saxlanılırdı. Şuşa şəhəri ermənilər tərəfindən işğal edildikdən sonra muzey fəaliyyətini dayandırmış, eksponatları talanmış, binası isə dağıdılmışdı. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-sını qorumaq mümkün olmuşdu. Üzeyir Hacıbəylinin ev-muzeyində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərinə 2022-ci ilin aprel ayından başlanılmışdır.
Bərpa prosesi evin ilkin görünüşünə uyğun olaraq analizlərin hazırlanması, bünövrələrin möhkəmləndirilməsi, döşəmənin, fasadların və dam örtüyünün bərpası, daxili və xarici bəzək işləri, qapıların, pəncərələrin, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasını, həmçinin həyətyanı sahənin yaşıllaşdırılmasını əhatə etmişdir. Ərazidə mövcud divar daşlarının sökülərək ölçülərinə görə inventarlaşdırılması, dağılmış hissələrdə bünövrələrin qazılması və sahənin ümumi təmizlənməsi işləri aparılmışdır. Həmçinin material analizi üzrə nümunələr götürülərək Türkiyədəki laboratoriyada tədqiq edilib, konservasiya və restavrasiya hesabatları yerinə yetirilib. Ev-muzeyinin daxilində divarlar və arakəsmələr hörülüb, döşəmənin bərpası və yenidən qurulması işləri görülüb. Həyətin daş divarının bərpası üzrə bünövrənin qazılıb betonlanması, tarixi görkəminə uyğun hörgüsü və dekorativ elementlərin qoyulması işləri həyata keçirilib.Muzey binasında aparılan bərpa işlərinin yekununda yeni ekspozisiya yaradılıb. Burada muzeyin konsepsiyası üzrə Üzeyir Hacıbəylinin ev-muzeyinin xilas edilən eksponatları nümayiş olunur.
Bu il sentyabrın 18-də Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin dahi bəstəkarın 140 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan irəli gələrək ölkəmizdə və xaricdə il boyu müxtəlif tədbirlər həyata keçirilir.
Bununla yanaşı, hər il olduğu kimi, bu il də Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı yüksək səviyyədə təşkil olunmuşdur. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də ICESCO-nun dəstəyi ilə reallaşacaq festival sentyabrın 28-dək davam edəcək. Bakı, Sumqayıt, Şuşa, Gəncə, Ağcabədi, Naxçıvan və Qazax şəhərlərində keçiriləcək tədbirlər çərçivəsində möhtəşəm konsertlər, tamaşalar, sərgilər, elmi simpozium və ustad dərsləri təşkil olunacaq. Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası və digər ölkələrdən tanınmış ifaçılar və musiqişünaslar çıxış edəcəklər.
Həmçinin, qeyd etmək lazımdır ki, artıq işğaldan azad edilmiş Şuşa şəhərində keçirilən mühüm tədbirlər – hər il keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, Dünya Azərbaycanlılarının V Qurultayı, “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forum, üş mühüm Şuşa Qlobal Media Forumu, hər il keçirilən Beynəlxalq Kulinariya Festivalı və digər tədbirlər dünya ictimaiyyəti tərəfindən də böyük maraqla izlənilmişdir.
Bu baxımdan, keçirilən müxtəlif tədbirlər bir daha onu təsdiq edir ki, Şuşa Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olmaqla yanaşı, həmçinin ictimai fikir və milli-ideoloji mərkəzinə çevrilməkdədir. Bütün qeyd edilən faktlara və təhlilə əsaslanaraq əminliklə söyləmək olar ki, Azərbaycanın müasir tarixinin yeni və sərəfli dövrü yazılır.
Elçin Əhmədov,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
“Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri,
beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ