Onlayn ictimai-siyasi qəzet
Gürcülərdən biri ilə illər öncə Qafqazdakı separatçılar haqda danışanda soruşmuşdu ki, “Qarabağ erməniləri Azərbaycandan qaz, işıq və ya su alırlarmı?” Təəccübləndiyimi görüb izahat vermiş və düzü, ondan eşitdiyimə bir az heyrətlənmişdim. Gürcü demişdi ki, Tiflislə Suxumi işığı bir mənbədən alırlar və münasibətlərdəki düşmənçiliyə baxmayaraq, illərdirdir ki, şərikli enerji işlətməkdə davam edirlər.
Bəllidir ki, Azərbaycana məxsus Sərsəng su anbarı 1976-cı ildə ildə Tərtərçay üzərində, Ağdərə ərazisində inşa edilmişdi. Su anbarı respublikanın 6 rayonunun (Ağdərə, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.
1993-cü ildə Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi Azərbaycanın bu regionuna ciddi zərər vurmuşdu. İndi gərgin münasibətlərimiz olduğu AŞPA erməni lobbisinin ciddi maneələrinə baxmayaraq, “Azərbaycanın sərhəd rayonunun əhalisi sudan məhrum edilmişdir” adlı qətnamə qəbul etmişdi. Suqovuşan su anbarı da Tərtərçay çayı üzərində yerləşir ki, o da Sərsəng kimi enerji mənbəyi təyinatlıdır. Ermənilər yalnız 44 günlük müharibədən sonra “biz Sərsəng su anbarındakı suyun birgə istifadəsi baxımından əməkdaşlıq etməyə hazırıq” deməyə məcbur oldular ki, buna da Bakı haqlı olaraq razılıq vermədi.
Abxaziyanın baş naziri əvəzi qış dövrü üçün enerji təchizatının artırılması ilə bağlı Gürcüstanla danışıqlar aparmağı tapşırması xəbərini oxuyanda gürcünün illər əvvəl dediklərini xatırladım. Rusiya-Ukrayna müharibəsi bir çox dəngələri, iqtisadi əlaqələri dəyişib, amma məsələn, onlar da müharibəyə baxmayaraq, qaz alış-verişi hələ də edirlər. Abxaziya və Gürcüstan nümunəsi isə bir az da unikaldır. İndi məsələ budur ki, Abxaziya Tiflisdən elektrik enerjisini borca istəyir, İnquri SES-də hasilat artdığı zaman, yəni yaz və yay aylarında bərabər miqdarda enerji qaytarmağı öhdəsinə götürür. İnqur SES yalnız şərq rayonlarını elektrik enerjisi ilə təmin edə bilir, ölkənin qərb hissəsi isə Rusiyadan enerji alırdı, indi Moskva nədənsə, enerji nəqli müzakirələrini ləngidir. Bəlkə də Tiflislə- Suximinin bu krizisdən danışıqları genişləndirmək üçün faydalanmasını arzulayır. Marqarita Simonyan bir neçə gün əvvəl vay-şüvən qaldırmışdı ki, Abxaziyanın istədiklərini Rusiya mütləq verməlidir, onları incitmək olmaz və sairə. Amma jurnalist bir dəfə də ermənilərə Azərbaycanın quruyan torpaqlarına su vermək üçün müraciət etmək heç vaxt “yadına düşmədi”.
Abxaziya indi ciddi elektrik enerjisi krizisi yaşayır. Sərhəddəki İnqur SES Abxaziya üçün yeganə elektrik enerjisi mənbəyi olaraq qalır. Bu SES-i müharibəyə və düşmənçiliyə baxmayaraq, bu illərdə birgə istismarda davam edirlər. Enerji Gürcüstanla birgə istifadə olunur, çünki strukturlar həm onun ərazisində (bənd, su qəbulu), həm də Abxaziyada (hər şey, o cümlədən enerji blokları) yerləşir. Ona görə də enerji kompleksini işlətmək üçün iflis illərdir ki, separatçı qurumlarla əməkdaşlıq edir. Ermənilərin belə bir şansı olsaydı, yəqin ki, Azərbaycana pislik etmək üçün onu ziyanlarına olsa belə, partladardılar.
Maraqlıdır ki, Gürcüstan və Abxaziya tərəfləri arasında su elektrik stansiyalarının istismarına dair rəsmi razılaşma belə yoxdur. 1990-cı illərdə elektrik enerjisi istehsalının paylanması ilə bağlı şifahi konsensus əldə edilib. Gürcüstan İnquri SES-də istehsal olunan enerjinin 60%, Abxaziya isə 40% alır. Obyektin fəaliyyətini saxlamaq üçün bütün işlər Gürcüstan tərəfi həyata keçirir. Abxaziyada mərkəzləşdirilmiş istilik də aradan qaldırılıb və s. Enerji infrastrukturu köhnəlib və xarab olmaqda davam edir ki, bu da daimi qəzalara, fasilələrə səbəb olur, təmirə pul yoxdur.
Xarici investorlar bu mərhələdə vəziyyəti xilas edə bilərdi, söhbət şəbəkələrin və tərk edilmiş kiçik su elektrik stansiyalarının təmirinə sərf olunacaq milyardlardan gedir, lakin Abxaziyada əksər sənaye sahələrinin özəlləşdirilməsi qanunla qadağandır. Bu səbəbdən Abxaziyada enerji problemləri uzun illərdir ki, xroniki xarakter daşıyır. İnfrastrukturun modernləşdirilməsinə pul yoxdur, investorlar bu sahəyə buraxılmır, elektrik enerjisinə görə ödənişlərin yığılması fəlakətlidir, elektrik enerjisi vaxtaşırı kəsilməkdə davam edir. Bu vəziyyət bir az da Qarabağ separatçıları ilə bağlı son illərin vəziyyətini xatırladır...
Tiflisdə Qərbin inqilab ssenarisi baş tumadı və Gürcüstanda yaxın həftələrdə sabitlik bərpa olunacaq. Yaxın aylarda Gürcüstanın separtçı blgələrlə bağlı yenilənmiş siyasətinin şahidi də ola bilərik.
Unutmayaq ki, bir vaxtlar Xankəndinin işıqları bizə qıcıq verirdi, indi o işıqlara baxıb sevinirik...
19 Dekabr 2024
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ