İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi yolunda 10-cu gün:1 nömrəli postun qurulması müzakirə edilir

Sülhməramlılar vəziyyətdən çıxış yolu kimi nələr təklif edə bilər?

Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. Dinc aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər. Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 10 gündür davam edir.

Dekabrın 19-dan etibarən Şuşa şəhərindən keçən Xankəndi-Laçın yolundakı əraziyə cəlb edilmiş Rusiya sülhməramlılarının mövqeyində müəyyən dəyişikliklər görünməkdədir. Lakin etirazçılar bundan istifadə etmək, irəli getmək fikrindən uzaqdırlar.

Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti Şuşa-Xankəndi yolundakı vəziyyətin həlli ilə bağlı Ermənistan və Azərbaycana təkliflər verib və hazırda tərəflərin cavablarını gözləyir. Qeyd olunur ki, Rusiya sülhməramlılarının komandanlığı təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlayır. Son iki gündə Rusiya Müdafiə Nazirliyi bu barədə ardıcıl məlumat yaysa da, söhbətin hansı təkliflərdən getdiyi barədə heç nə deyilmir. Bilinən isə budur ki, Azərbaycan ekofəallarının haqlı tələblərinə baxmayaraq, həm Xankəndidəki qondarma rejim, həm də Ermənistan rəhbərliyinin mövqeyində heç bir dəyişiklik yoxdur.

Yada salaq ki, dekabrın 5-də sülhməramlıların komandanı Andrey Volkov “Azərbaycan tərəfi ilə mini gömrük postunun qurulması ilə bağlı razılıq əldə olunub”, deyib. Rusiyalı general gömrük postunun sülhməramlıların Laçın dəhlizindəki 1 nömrəli buraxılış məntəqəsində, yəni Azərbaycan-Ermənistan şərti sərhədində, Həkəri çayı üzərindəki körpüdə quraşdırılacağını bildirmişdi. Xankəndidəki qondarma rejim təmsilçiləri isə buna qarşı çıxmışdılar. Sülhməramlılar vəziyyətdən çıxış yolu kimi nələr təklif edə bilər?

Mirzəbəyli: “İraq ordusu sadəcə Kərküklə kifayətlənməyəcək” - 17.10.2017,  Sputnik Azərbaycan

Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli bildirdi ki, Laçın yoluna Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən tam nəzarət həyata keçirilməyənə, Azərbaycan-Ermənistan sərhədində gömrük postu, sərhəd-keçid məntəqəsi quraşdırılmayanadək Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan ərazilərimizdə və ətraf bölgələrdə təhlükəsizliyi təmin etmək, qanunsuz hərbi birləşmələrin təxribatçı əməllərinə son qoymaq mümkün olmayacaq: “Düşünməyi bacaran istənilən şəxs ekofəalların etiraz aksiyası keçirdiyi ərazidən çəkilən videogörüntülərə nəzər salmaqla başa düşə bilər ki, Azərbaycan tərəfindən hər hansı bir kommunikasiyanın bağlanmasından söhbət gedə bilməz. Bununla yanaşı, həm etirazçılar, həm də ölkənin müvafiq qurumları tərəfindən dəfələrlə bəyan edilib ki, Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan ərazilərdəki erməni əsilli sakinlərə tibbi yardım da daxil olmaqla humanitar xarakterli dəstək göstərilə bilər. Amma Ruben Vardanyan da daxil olmaqla, əhalini təzyiq altında, faktiki olaraq girov saxlayan separatçı-terrorçular dinc erməni sakinlərlə təmasın olmaması üçün bütün mümkün vasitələrdən istifadə edirlər. Çünki çox yaxşı başa düşürlər ki, istənilən təmas separatçıların uzun illərdən bəri uydurduqları bütün yalanları ortaya çıxaracaq və dinc sakinlər həyatlarının Azərbaycan Respublikasının vətəndaşları olaraq təhlükəsiz, firavan olacaqlarını başa düşəcəklər. Bu baxımdan da sülhməramlıların əsas missiyasının belə təmaslara imkan yaratmaqdan ibarət olduğunu düşünürəm. Əgər söhbət həqiqətən də sülhdən gedirsə, o zaman məram da Azərbaycan torpaqlarında yaşayan ermənilərin cəmiyyətimizə inteqrasiyasına dəstək verməkdən ibarət olmalıdır. Sülhməramlılar Azərbaycanın erməni sakinlərini öz cinayətlərinin girovuna çevirən separatçılar üçün sipər rolunu oynamamalı, əksinə, separatçı təbliğatı alt-üst edəcək təmaslara yol açmalıdır. Düşünürəm ki, sülhməramlıların təklifləri də məhz qarşılıqlı etimad mühitinin formalaşdırılmasına yardım edə biləcək istiqamətdə olmalıdır”.

Qoca Baydenin yeni sayıqlaması - “Dağlıq Qarabağ xalqı”...

 Şəhla Cəlilzadə

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin sözlərinə görə, həm Avropa, həm də Rusiya erməniləri qorumaq üçün əllərindən gələni edirlər: “Bildiyimiz kimi, 13-14 sentyabrda Ermənistanla Azərbaycan sərhədində ciddi toqquşmanın ardından 17 oktyabrda Aİ-nin Ermənistan-Azərbaycan sərhədi boyunca monitorinq qrupu bölgəyə (Ermənistana) ezam olunub . 2 aydan sonra, yəni 19 dekabrda bu qrupun fəaliyyəti başa çatıb. Ötən iki ay ərzində iki ölkə sərhəddində, o cümlədən rus sülhməramlıların müvəqqəti nəzarət zonasında nisbi sakitlik qorunsa da, inisiativi Azərbaycan sivil vətəndaşları, ekoloqları öz əllərinə alıblar: bölgəyə qeyri-qanuni silah daşınması, xüsusilə Azərbaycanın sərvətinin talan olunaraq Ermənistana daşınması üçün istifadə olunan Laçın yolu azərbaycanlı aktivistlər tərəfindən (humanitar məqsədlərlə istifadəsi istisna olmaqla) bağlanıb. İlk günlər yalnız humanitar tələblər ("Ekoterrora son!" şüarı) səsləndirilsə də, artıq siyasi tələblər də - Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılmasına dair tələb/şüarlar səsləndirilir. Maraqlıdır ki, Rusiya tərəfi vəziyyəti necə dəyərləndirir: Rusiya ermənilər tərəfindən məsələnin qəsdən şişirdildiyinə, baş verənlərin sivil aksiya olduğuna, Ermənistan tərəfinin 10 noyabr üçtərəfli bəyanatının 9-cü bəndindən irəli gələn şərtlərə, yəni regionda nəqliyyat xətlərinin blokadadan çıxarılmasına dair götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə vurğu edir. Ermənistan Zəngəzur yolunun eksterritoriallığına qarşı çıxır və gömrük nəzarət məntəqəsi tələb edirsə, niyə də Azərbaycan eyni formada Laçın yoluna nəzarət tələbi etməsin?! Aydındır ki, Sorosun yetirməsi olan Paşinyan Rusiyanın damarına basır, Rusya sülhməramlılarını və Ermənistanın üzvü olduğu KTMT-ni diskreditasiya etməyə, Qərbin təzyiqi ilə Qarabağda Rusiya üçün ikinci cəbhə açmağa, o cümlədən Azərbaycan və Türkiyə üçün önəmli olduğu qədər, Rusiya üçün də əhəmiyyətli olan Zəngəzur dəhlizini açmamağa, beləliklə Rusiyanın Qərb tərəfindən daha çox iqtisadi sanksiyalar altında boğulmasına şərait yaratmağa çalışır. Halbuki Zəngəzur dəhlizi Rusiya üçün də nəfəslik rolunu oynaya bilər. Bütün bunlar Rusiya tərəfindən aydın görülür, anlaşılır. Odur ki, Ermənistan Azərbaycanın sülh şərtlərini, xüsusilə Zəngəzur dəhlizinin açılmasına dair tələbləri yerinə yetirməzsə, yaxın gələcəkdə Ermənistanla sərhəddə Laçın istiqamətində sərhəd və gömrük nəzarət məntəqəsinin quraşdırılacağı gözlənilir. Ermənilər hər vəchlə bunun qarşısını almağa çalışırlar. Qondarma rejimin xin rəhbəri David Babayan deyib ki, “Laçın dəhlizinə gömrük nəzarət postu quraşdırılarsa, bu yol həbsxanaya aparan yol olacaq”. 21 dekabrda BMT TŞ-də Ermənistanın istəyi və Fransanın müraciəti əsasında Laçın yolundakı vəziyyət müzakirə olunacaq. Böyük ehtimalla burada üçtərəfli bəyanata sadiqlik tələb olunacaq. Belə ki, üçtərəfli bəyanatla Azərbaycan Laçın dəhlizində sərbəst hərəkəti təmin etməyə dair öhdəlik götürüb. Lakin elə həmin sənəd həm də Azərbaycanın Naxçıvanla sərbəst quru əlaqəsinin Ermənistan tərəfindən təmin olunmasını tələb edir. Öz öhdəliklərini yerinə yetirmədikləri bəs deyilmiş kimi, hələ Ağdam-Kəlbəcər yolunu Ağdərə istiqamətində bağlayan ermənilər bölgədə əlavə gərginlik ocağı yaradırlar. Aİ-nin monitorinq missiyasının da başa çatdığını nəzərə alsaq, ermənilərin demonstrativ şəkildə yolu bağlaması hərbi eskalasiyaya yol açır və Azərbaycan Silahlı Qüvvələrinin inisiativi təkrar öz əllərinə almasına da şərait yaratmış olur. Hər bir dövlətin öz ərazisində qeyri-sabitlik yaradan, dağıdıcı və terrorist əməllər törədən qüvvələri zərərsizləşdirmək haqqı vardır. Tam bu anda yenə Rusiya öz təsir aləti ilə (KTMT rəhbəri Stanislav Zas) peyda olaraq, Ermənistana Azərbaycanla sərhəddə KTMT monitorinq qrupunun (Aİ-ni əvəzləmək üçün) göndərilməsini təklif edir. Beləliklə, Rusiya həm Ermənistan üzərində öz siyasi təsirini qorumaq, həm Qarabağda ermənilərin varlığını qorumaq missiyasını yerinə yetirir, həm də Azərbaycanı Laçın dəhlizi mövzusunda dəstəkləyərək, Rusiyadan Qərbə qaçan Ermənistana azərbaycanlıların əli ilə təsir göstərməyə cəhd edir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR