İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xalqın cibinə girməyin!” - Deputatdan KƏSKİN ÇIXIŞ

“Qarabağ zəfəri bizə yalnız suverenliyimizi qaytarmadı, düşmənlərimizi tanımağa da kömək etdi. Jurnalist Sevinc Osmanqızı, Əli Kərimli, digərləri və Avropaya səpələnən bizdən olmayanlar. Onlar qazanılan zəfəri xalqın gözündən tökmək üçün 24 saat çalışır. Deyirdilər ki, İlham Əliyev Qarabağı azad etsə, siyasətdən gedərik, adımızı dəyişərik, bir ömür qul olarıq. Yox, siyasətdən getməyin, qul olmayın, adınızı dəyişməyinizi də istəmirik”.

Musavat.com xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin iclasında söyləyib.

Adlarını çəkdiyi şəxslərə xitabən deputat ardınca deyib: “Vətənə xidmət edin. Apardığınız siyasət bu hakimiyyətə qarşı deyil, artıq Azərbaycana qarşı yönəlib. Bilin ki, bu şəkildə müxalifətçilik etmək hakimiyyəti, İlham Əliyevi zəif salmır, əksinə, gücləndirir. Çünki səbəbləriniz məntiqsizdir, zəif və çılpaqdır”.

Razi Nurullayev bildirib ki, onlar xalqımızın Rusiyaya birmənalı olmayan münasibətini körükləyib, Rusiya ilə aramızı vurub, yenidən münaqişə ocağı yaratmaq istəyirlər:

“Türkiyə ilə Rusiyanı toqquşdurmaq yolu tutursunuz. Rusiya sülhməramlıları da çıxacaq, amma ölkəmizin apardığı siyasətin tərkib hissəsi olaraq Azərbaycanı tərk edəcək. Bu məsələdə sözünüzün bir qram çəkisi və önəmi yoxdur.

Niyə Qərb dünyasını tənqid etmirsiniz? Niyə Əli Kərimli, Sevinc Osmanqızı və Avropaya səpələnən bir nəfər də bir Qərb ölkəsini tənqid etmir, hansı ki, onlar Qarabağı Ermənistana vermək istəyirdilər. Adlarını fərqli fikir qoyub xaricdən maliyyələşən mətbuat da tənqid etmir o ölkələri. Dollar, avro imkan vermir. Onlar ölkəmizə genişmiqyaslı hücuma keçib, amma gözləri önündə dünyanın ayrı-ayrı yerlərində beynəlxalq qanunlar, qətnamələr ayaqlar altında əzilir, səsləri çıxmır. Çünki pulunuz oradan gəlir. Belə çıxır ki, siz pul müqabilində hər şeyi satmağa hazırsınız. O zaman vətəndən, torpaqdan danışmağa haqqınız yoxdur”.

Deputat qeyd edib ki, zəfər çalan xalq ədalətsizlik görmək və yaşamaq istəmir: “Vəzifəli şəxslər xalqı incitmək yolundan çəkinsin, qanunla müəyyən edilmiş vəzifə borcunu yerinə yetirib vətəndaşı da borclu çıxarmasın, onun cibinə girməsin. Biz qələbə çalmışıq, fərqli dövlət olmuşuq və qanunsuzluq edənlərə də qarşı çəkinmədən mübarizə aparmaq, onları silib atmaq borcumuzdur və bunu edəcəyik. Qarabağda zəfər çalan Prezidentin ölkəmizdə olan əyrilikləri də düzəldəcəyinə inanırıq və bu mübarizədə yanında dayanmağa hazır olduğumuzu bildirirəm”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR