İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəkillər Kollegiyasının rəhbərliyi AVK-nın 50 illik yuboleyində iştirak edib

9-11 iyun tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə “Avropa Vəkillər Kollegiyaları rəhbərlərinin 50-ci yubiley Konfrans”ında iştirak edib.

Kollegiyadan Musavat.com-a verilən xəbərə görə, özündə çoxşaxəli proqramı əks etdirən bu konfrans yarım əsrdir ki, Avropadakı hüquq təşkilatlarının rəhbər şəxsləri arasında təcrübə mübadiləsinin aparıldığı uğurlu dialoq forumuna çevrilib.

“Güc qanunları və qanunun aliliyi - Avropa təhlükəsizlik arxitekturasına qanunun aliliyi necə uyğun gəlir?” mövzusuna həsr olunmuş “Palais Ferstel”də keçirilən budəfəki konfransda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Bachelet, Aİ və Avstriya Konstitusiyası üzrə Federal nazir Karolina Edtstadler, Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurası (CCBE)-nin prezidenti James MacGuill, Avstriya Respublikasının Federal Prezidenti Alexander van der Bellen, Federal Ədliyyə naziri Alma Zadić və s. rəhbər şəxslərin mövzu üzrə çıxış və təqdimatları dinlənilib.

O cümlədən, ARVK da daxil olmaqla, bir neçə ölkənin Vəkillər Kollegiyası tərəfindən həmin ölkələrdə vəkil peşəsinin durumu barədə hesabatlar tədbir iştirakçılarının diqqətinə çatdırılmış, problemlərin həlli istiqamətində müzakirələr aparılmış, həyata keçirilən isalahatlarla bağlı vəkilliyin rolu barədə diskussiyalar yer alıb.

Ənənəvi proqram çərçivəsində, Vyana şəhərinin merinin dəvəti ilə Avstriyanın ən böyük antropoloji muzeyi olan “Weltmuseum”da qonaqlar qarşılanmış, növbəti gün Avstriya Federal Kansleri tərəfindən qonaqlar üçün təntənəli qəbul təşkil olunmuş, daha sonra isə, “Orangerie Schönbrunn”da rəsmi ziyafət baş tutmuşdur. Bundan başqa, Fransanın Avropa İttifaqı Şurasına sədrliyi münasibətilə Fransa səfiri və Fransa Milli Vəkillər Şurası tərəfindən tədbir təşkil olunub.

Gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə, ARVK-nın rəhbərliyi ilə Beynəlxalq Vəkillər Kollegiyaları Assosiyasının, Avropa Vəkillər İttifaqının, CCBE-nin prezidentləri, habelə bir sıra ölkələrin Vəkillər Assosiasiyalarının rəhbərləri arasında ikitərəfli görüşlər keçirilmiş, təcrübə mübadiləsi və gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR