İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nə çalsanız, “miatsum” oynayacağıq!..” – Ani Badalyan köhnə havada

Bakının İrəvandan konstitusiya düzəlişi ilə bağlı əsas və haqlı tələbinə Ermənistan neçə vaxtdır israrlı dirəniş göstərərək durur. Az qala hər gün Azərbaycan rəsmilərini təkzib etməyə, bürün dünyanı inandırmağa çalışırlar ki, kapitulyant ölkənin “Əsas Qanun”u sülh müqaviləsinin imzalanmasına əngəl deyil.

Məğzi də budur ki, nə lazımdır edək, ancaq bircə konstitusiyamızda ərazi iddiası ilə bağlı həmin o “barıt qoxulu” müddəa ilə işiniz olmasın, qoy o yerində qalsın. Bir nov qarın boşluğundakı “kor bağırsaq” kimi...

Son olaraq, Ermənistan XİN-İN sözçüsü Ani Badalyan bu gün məsələni bur daha saqqız kimi çeynəmək qərarına gəlib. Öncə o da Azərbaycanı noyabrda keçiriləcək COP29-a qədər sülh müqaviləsini imzalamağa çağırıb.

Sitat: “Ermənistan COP29-dan əvvəl sülh sazişini imzalamaq məntiqinə hazırdır. Vurğulamaq istərdim ki, Ermənistan tərəflər arasında etimadın yaradılması və regionda sülhün bərqərar olması üçün bir vasitə kimi COP29-un Bakıda keçirilməsi qərarını dəstəkləyib”.

Yəni minnət qoymaq məsələsi: “biz bu məsələdə sizə maneə yaratmadıq, siz də bizimlə yarımçıq sülh sənədi imzalayın, konstitusiyanı dəyişmək tələbindən əl çəkin”...

Son qənaətə A.Badalyanın aşağıdakı sitatı şəkk-şübhə saxlamır. XİN rəsmisi Azərbaycanla imzalanacaq sülh müqaviləsinin İrəvan üçün guya qanunvericilikdən daha əhəmiyyətli olduğunu iddia edərək bildirib: “Ermənistan Konstitusiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən, ratifikasiya olunmuş istənilən beynəlxalq müqavilə daxili qanunvericilikdən daha yüksək hüquqi qüvvəyə malik hesab olunur. Ermənistanın ratifikasiya etdiyi beynəlxalq müqavilə qanunvericiliklə ziddiyyət təşkil etdikdə bu zaman həmin müqavilənin normaları tətbiq edilir. Azərbaycanla sülh sazişində tərəflərin bir-birinə qarşı ərazi iddiasının olmadığı və gələcəkdə də irəli sürülməyəcəyinə dair maddə var. Nə Bakı, nə də İrəvan ərazi iddiası üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz. Həmin sənəd imzalandıqdan sonra Konstitusiya Məhkəməsi və parlament tərəfindən təsdiqlənəcəyi təqdirdə istənilən daxili qanunvericilikdən daha üstün olacaq”.

Təzə açıqlama, köhnə hava. Amma erməni hiyləsi keçməz. Bir məşhur ifadəni azca dəyişib yazsaq, diplomatik dildən tərcümədə buna deyərlər “Nə çalsanız, “miatsum” oynayacağıq”...

Beynəlxalq hüquqdan anlayışı olanlar bilir ki, istənilən ölkənin ali qanunvericilik aktı – konstitusiyası imzalanan başqa sənədlərin fövqündə dayanır. Bəlkə doğrudan da Nikol Paşinyan dönəmində sülh sənədi ilə konstitusiya arasındakı ziddiyyətdən əleyhimizə istifadə olunmasın. Amma Nikol əbədimi?

Ani Badalyana görə, sülh müqaviləsinin mətnində bu məsələyə xüsusi toxunulacaq. Ancaq təkrar edirik, heç bir xarici anlaşma konstitusiyadan üstün deyil. Əks halda, gerçəkdən də konstitusiyanın hansı anlamı, önəmi, dəyəri qalır ki. Onu necə “Əsas Qanun” adlandırmaq olar?..

Nəhayət, Badalyana Türkiyə və Ermənistan arasında 2009-cu ildə imzalanmış Sürix protokolunun taleyini xatırlatmaq lazım gəlir. Həmin sənəd bir qədər sonra (2010) Ermənistanın Konstitusiya Məhkəməsi tərəfindən rədd edilmişdi – “Əsas Qanun”a ziddi sayılmaqla.

Odur ki, gedin bu nağılları onlara inananlara danışın. Azərbaycan məğlub Ermənistanın kefinin istədiyi sənədi yox, qalib tərəfin və beynəlxalq hüququn diktə etdiyi, bütün zamanlar üçün (!!) qüvvədə olacaq İŞLƏK sülh müqaviləsi lazımdır. O, ya imzalanacaq, ya da Ermənistan yeni “dəmir qapaz”ı haqq edəcək...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR