Onlayn ictimai-siyasi qəzet
Səhiyyə Nazirliyində Rusiya Milli Tibbi Tədqiqat Radioloji Mərkəzinin (NMRRC) Baş direktoru, akademik Andrey Kaprinlə görüş keçirilib. Görüşdə, həmçinin Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev də iştirak edib.
Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf etdiyini vurğulayıb: “Ölkələrimiz arasında sıx əlaqələr səhiyyə, o cümlədən onkologiya sahəsində əməkdaşlığın geniş spektrini müəyyən edir”.
Teymur Musayev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının əhəmiyyətini də qeyd edib: “Bu təhsil ocağını bitirən həkimlər ölkə səhiyyəsinin inkişafına mühüm töhfə verirlər”.
Nazir çıxışında Azərbaycanda xərçəng xəstəliklərinin müalicəsi üzrə ciddi tədbirlərin həyata keçirildiyini və bu işin sistemli şəkildə davam etdirildiyini vurğulayıb: “Azərbaycanda onkoloji xidmət böyük və uğurlu inkişaf yolu keçib. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində hazırda Milli Onkologiya Mərkəzi ən müasir avadanlıqla təchiz olunub. Mərkəz respublikanın əhalisinə yüksəkixtisaslı onkoloji yardımın həyata keçirilməsində elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas qurumdur.”
Rusiyanın Milli Tibbi Tədqiqat Radioloji Mərkəzinin yüksək peşəkar kadrları ilə tanındığını vurğulayan Azərbaycanın səhiyyə naziri onkologiya, radiologiya və urologiya sahəsində birgə elmi tədqiqatların həyata keçirilməsinin vacibliyini qeyd edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Andrey Kaprin belə görüşlərin təcrübə və bilik mübadiləsi baxımından çox vacib olduğunu vurğulayıb. NMRRC-nin Baş direktoru rəhbərlik etdiyi Mərkəzin fəaliyyəti haqqında da ətraflı məlumat verib. Bildirilib ki, NMRRC-nin əsas fəaliyyəti ümumdünya onkologiya və radiologiyanın nailiyyətlərinə söykənərək, ən müasir üsul və texnologiyalardan istifadə etməklə xəstələrin müayinə və müalicəsini təmin etməkdir.
NMRRC-nin Baş direktoru, həmçinin Milli Onkologiya Mərkəzində onkoloji xəstələrin yüksək keyfiyyətli müalicəsi üçün yaradılan müasir şəraitin dünya standartları səviyyəsində olduğunu bildirib.
Sonda tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ