İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtondan İrəvana ardı-arası kəsilməyən səfərlərin sirri

ABŞ Konqresindən Ermənistana daha bir nümayəndə heyəti gələcək; Ermənistan ABŞ üçün niyə əziz olub?; - siyasətçilərdən fərqli baxış

Tezliklə ABŞ Konqresindən Ermənistana daha bir nümayəndə heyəti gələcək. “Yeni Müsavat” bildirir ki, artıq səfər edəcək nümayəndə heyətinin tərkibi də məlumdur: üzvlər arasında konqresmenlər Endi Levin, Cim Kuper, Billi Lonq, Diana de Gett, Cerri Konolli, Con Qaramendi və Devid Prays olacaq. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsinin (ANCA) yaydığı məlumatda deyilir.

Bu konqresmenlər tez-tez ermənipərəst mövqeyi ilə seçilirlər. Eyni zamanda ABŞ Konqresində noyabrda gözlənilən aralıq seçkilərinə bu səfərin müəyyən bağlantısı da var. Çünki Demokratların seçkini uduzmaq ehtimalı yüksəkdir. Yada salaq ki, az öncə Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi başının ermənipərəst dəstəsi ilə İrəvana gəlmişdi. Ondan öncə MKİ direktoru Uilyam Berns qəfil Ermənistanda parlamışdı. Amerika baş xəfiyyəsinin gizli Ermənistan səfərinin səsi hələ də çıxır. Eləcə də ABŞ-dan ardı-arası kəsilməyən digər səfərləri qeyd etmək olar.

Həmçinin erməni rəsmilərinin az qala hər ay ABŞ-a baş çəkmələri diqqətdən yayınmır. Görəsən, Ermənistan ABŞ üçün niyə belə əziz olub? Və intensivləşən qarşılıqlı səfərlər Azərbaycana, gözlənilən sülh müqaviləsinə nə vəd edir? Ümumiyyətlə, hiss olunur ki, bu dəstək daha çox Rusiya ilə bağlıdır. Vaşinqton Ermənistanı Moskvadan qoparmaq istəyir. Bu səfərlərin intensivləşməsi də məhz ondan irəli gəlir. Habelə ABŞ-ın İrəvandakı səfirliyinin diplomatik korpusunun 2 mindən çox işçisi var. İraqdan sonra ikinci ən böyük Amerika səfirliyi bu ölkədə yerləşir. Ona görə ki, Ermənistanı Rusiyadan almaq rəqabəti getməkdədir. Son dövrlər konqresmenlərin səfəri də İrəvana xoş üz göstərmək, eləcə də Nümayəndələr Palatasına seçkilərdə ABŞ-dakı erməni lobbisinin dəstəyini almaq niyyəti var.

Bu, gerizəkalılığın göstəricisidir" - Elşad Musayev

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev “Yeni Müsavat”a qeyd etdi ki, ABŞ təsir dairəsini genişləndirməyi və Rusiyanı bölgədən sıxışdırıb çıxarmağı hədəfləyib: “Bunun üçün ən yaxşı namizəd Ermənistandır. Axı belə bir kiçik ölkədə nəhəng diplomatik korpusa nə zərurət var? Deməli, ABŞ Ermənistan uğrunda Rusiya ilə mübarizə aparır. Üstəlik, Pelosi, Bayden və digər demokratların erməni siyasi iqtidarına təsirləri var. Çünki Paşinyanı hakimiyyətə gətirən sorosçulardır. Digər tərəfdən, xristian təəssübkeşliyi amilini unutmaq olmaz. Üstəlik, Bayden 907-ci bədnam düzəlişin həmmüəllifidir. Yəni bu səfərlərin intensivliyi təsadüfi deyil. Eyni zamanda ABŞ-ın regionda imperialist maraqları var. Onlar bilir ki, təkbətək mübarizədə Ermənistan Azərbaycana uduzacaq, ona görə İrəvanı dəstəkləyirlər. O baxımdan iki aspektdən yanaşmaq lazımdır - Ermənistanı Rusiya peykindən ayırmaq hədəfi, Azərbaycana qarşı dəstəkləmək. Lakin lobbi pulu ilə iş aparan konqresmenlər ümumi işə zərər vura bilməyəcəklər”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə

 Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə qəzetimizə bildirdi ki, bu səfərlərin məqsədi regionda nüfuz dairəsini gücləndirməkdir: “Pelosi də daxil olmaqla, digər konqresmenlər həm də öz karyerasını düşünərək səfərlər edirlər. Onlar aralıq seçkilərdə ermənilərin çoxluq təşkil etdiyi yerlərdə səs qazanmaq istəyirlər. O cümlədən Amerikanın dövlət maraqlarını da bura əlavə etmək olar. Vaşinqton bölgədə təsir imkanlarını genişləndirməkdədir. Təbii ki, bu səfərlər Azərbaycan-ABŞ münasibətlərinə təsir edir. Vaşinqton yaxşı bilir ki, regionda əsas ölkə Azərbaycandır, Türkiyə kimi NATO üzvü olan müttəfiqimizi görür, bununla belə bu cür addımlar atılır”. A.Əlizadə hesab edir ki, Ermənistana verilən dəstək yanlış siyasətdir, Azərbaycanla əlaqələrin soyuqlaşmasına gətirib çıxarır, ictimaiyyətdə ABŞ-a inamsızlıq yaradır, onun barəsində işğalçıya yardım edən ölkə imici formalaşdırır. Ona görə Amerika Azərbaycan siyasətinə yenidən baxmalıdır".

Fuad Əliyev: Hamı eyni fikirləşə bilməz

Fuad Əliyev 

ALDP sədri Fuad Əliyev güman edir ki, bu səfərlərin intensivləşməsi Ermənistana açıq dəstək verməklə bəlli mövqe sərgiləməkdir: “Amerika bu gün İrəvanın yanında dayandığını gizlətmir. Bütün kartlar açılıb və Paşinyan müdafiə olunur. Onlar Ermənistanda hakimiyyət dəyişikliyinə imkan verməmək üçün bunu edirlər. Nəticə etibarı ilə bu dəstək bizə qarşı yönəlmiş olur. Blinkenin son zəngləri və Bakı ilə əlaqələri göstərir ki, ABŞ tam olaraq da balansı pozmaq istəmir. Ən azından Brüssel formatının inkişafında maraqlıdır. Sadəcə, Rusiya faktoru ucbatından ermənilərə dəstək daha da artıb. Konqresmenlər bu səfərlərlə pul qazanırlar, orada ermənilərin dəstəyi ilə seçilən konqresmenlər var. Belə addımlarla İrəvanda isə antirus ritorikası güclənir. Bu, eynilə Saakaşvili Gürcüstanına oxşayır. İndi isə görürük ki, bir çox ölkələrdə, həmçinin ABŞ-da ermənipərət qüvvələr baş qaldırmağa başlayıb. Bunun səbəbi Amerikada demokratların hakimiyyətə gəlməsidir. Bayden hakimiyyətə gələndən sonra "erməni genosidi"ni tanıdı. Onların rəsmiləri İrəvana səfərə gedirlər. Nensi Pelosinin də səfəri elə bu siyasətdən irəli gəlirdi. Düşünürəm ki, bütün bunlar köklü dəyişikliyə səbəb olmayacaq. Son dövrlər Azərbaycanın güclənməsini, Qarabağ məsələsində Azərbaycan və Türkiyənin birgə hərəkət etməsi və regionda gedən son prosesləri arxa plana atmaq üçün erməni genosidi məsələsini aktivləşdirməyə çalışırlar. Bununla da bölgədə qurulan yeni ittifaqların qarşısını almağa çalışırlar. Əlbəttə ki, bu, ABŞ- Azərbaycan münasibətlərinə mənfi təsir göstərir. Amma bütün bu proseslərin baş verməsi demokratların hakimiyyətə gəlməsi ilə bağlıdır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR