Onlayn ictimai-siyasi qəzet
XİN bəyan edib ki, sülh sazişi üçün Ermənistan qanunvericilik aktında Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır, ABŞ isə hesab edir ki, nə qədər Rusiyanın başı qarışıb, sənəd tez imzalansın - ekspertlərin rəyi
Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.
“Yeni Müsavat” xatırladır ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Xarici İşlər Nazirliyinin 19 iyun tarixli bəyanatına dair şərhində bildirilib. Erməni baş nazir Nikol Paşinyan bugünlərdə açıqlayıb ki, bir ay içində sülh sənədini imzalamağa hazırdır. Lakin rəsmi Bakı İrəvanı qanunvericilik aktında düzəliş etməyə çağırır. Paralel olaraq isə Ermənistanın silahlandırılması Azərbaycanı narahat edir və sülh prosesinə zərər vuran addımlar kimi dəyərləndirilir. Bakının sülh sazişini imzalamaq üçün beş bəndlik baza prinsipi var və aydın şəkildə şərtlər göstərilib. Belə fikirlər səslənir ki, COP29 konfransına qədər ən azı çərçivə sənədi imzalana bilər. Amma sülh mətninin razılaşdırılması üçün məktublaşma davam edir və getdikcə zaman daralır. O deməkdir ki, sülh müqaviləsinin imzalanması noyabrdan sonraya, hətta gələn ilə qala bilər.
Başqa tərəfdən, İrəvanda sönük də olsa keşiş Baqratın etirazları davam edir. İndiki halda sülh sənədinin imzalanması ilə hərəkat alovlana bilər. Ermənistan hakimiyyəti həm də bundan qorxur. Əvəzində isə Paşinyan Türkiyə lideri Ərdoğanla telefonla danışdıqdan sonra Zəngəzura getməklə və orada demarkasiyanın vacibliyi haqda danışmaqla mühüm mesajlar verdi. Yeri gəlmişkən, Ermənistanın baş naziri hökumət rəsmiləri ilə Zəngəzura həsr olunmuş qapalı iclas keçirib. Bu barədə iyunun 20-də “Sputnik Armenia” məlumat yayıb. İrəvan mətbuatının qeyd etdiyi kimi, Nazirlər Kabinetinin iclası cəmi 20 dəqiqə çəkib. Daha sonra baş nazir ölkənin cənub bölgəsinə son səfərinin nəticələrini qapalı formatda müzakirə edəcəyini açıqlayıb.
Sülh prosesi ilə bağlı buna qədər ABŞ-dan da mühüm çağırış olub. Belə ki, İsveçrədə Ukrayna ilə bağlı Sülh Forumunda iştirak edən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ikitərəfli görüşlər çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla fikir mübadiləsi aparıb. Sallivan böyük ehtimalla Qriqoryana Azərbaycanla məsələləri sürətlə həll etməyi də tövsiyə edib. Bunu İrəvana səfər edən amerikalı diplomatlar da deyirlər. Vaşinqtonun mövqeyi belədir ki, nə qədər ki, Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb, Cənubi Qafqazda sülh və bölgə ölkələri arasında əməkdaşlığın başlanılmasına nail olmaq lazımdır. Vaşinqton Ermənistanın regional layihələrdə iştirakını, Orta dəhlizə qoşulmasını istəyir. Ancaq bunun reallaşması üçün Azərbaycanla Ermənistan arasındakı məsələlər həll olunmalı, Zəngəzur dəhlizi açılmalı, Ermənistan konstitusiyasında qonşu dövlətlərə ərazi iddialarını əks etdirən bəndlər çıxarılmalıdır. İyunun 4-də isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxış edərkən bildirmişdi ki, həm Ermənistan, həm də Azərbaycan bir-birinin konstitusiyalarında uzunmüddətli sülhün bərqərar olması üçün maneələr görür. Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan isə bildirib ki, tərəflər arasında ərazi bütövlüyünün tanınması haqqında saziş var: “Bu saziş 2022-ci ildə Praqada, daha sonra Soçidə, sonra Brüsseldə, daha sonra isə bu yaxınlarda baş nazirin müavinlərinin rəhbərliyi altında komissiyalarda müvafiq demarkasiyanın görüşləri zamanı qeydə alınmış saziş kontekstində qeydə alınıb. Əgər bütün bu müqavilələr sülh sazişində öz əksini tapsa, saziş çox tez imzalana bilər”.
Zaur Məmmədov
Politoloq Zaur Məmmədovun sözlərinə görə, Nikol Paşinyan səmimi olmadı. Onun fikrincə, konstitusiyanı dəyişmədi, əvəzində vaxtı apardı və Fransa ilə birlikdə gizli planları üzrə davranışına davam etdi: “Üçtərəfli bəyanat üzrə Zəngəzur dəhlizini açmayan, Zəngəzura fransız generallarını gətirən, bölgəyə Fransa- Hindistan hərbi texnikalarını dolduran və atəşkəsi pozan erməni rəhbərliyidir. Üstəgəl, Şahramanyan İrəvanda oturaraq özünü "Dağlıq Qarabağın prezidenti" adlandırır. Bütün sadalananlar və fransız-erməni gizli anlaşması Azərbaycana qarşı yeni müharibə hazırlığından xəbər verir. Belə getsə, 40 kilometrlik ərazidə təhlükəsizliyi ordumuz qoruyacaq". Ekspert hesab edir ki, Ermənistan rəhbərliyi nə qədər gec deyil, ağlını başına yığmalı, referenduma getməlidir, əks halda, delimitasiya - demarkasiya lazımi xəritələr üzrə təmin ediləcək.
Aqşin Kərimov
Siyasi icmalçı Aqşin Kərimova görə, İrəvandan verilən bu açıqlama Azərbaycanın tələblərinə qarşı beynəlxalq rəyin nəbzini yoxlayıb dəstək qazanmağa hesablanıb: “Ermənistan paralel olaraq, Azərbaycanı da analoji dəyişikliyə çağırır, amma bunun heç bir məntiqi yoxdur və absurd bir yanaşmaya söykənir. Birincisi ona görə ki, Azərbaycan konstitusiyasında hansısa qonşu dövlətin ərazilərinə iddialar yoxdur, sadəcə olaraq, hər bir dövlətdə olduğu kimi, ölkənin müdafiə qabiliyyəti, təhlükəsizliyi ilə əlaqədar ümumi yanaşmalar var. Ancaq Ermənistanın konstitusiyasındakı istinad nöqtələrində Azərbaycan, Türkiyəyə qarşı ərazi iddialarından tutmuş erməni revanşist ideologiyasını təbliğ edən nüanslar mövcuddur”.
Ekspertin fikrincə, ikincisi, Ermənistan sülh gündəliyinə həqiqətən sadiqdirsə, Azərbaycanın irəli sürdüyü fenomen və prioritetləri dəstəkləmək məcburiyyətindədir: “Prezident İlham Əliyevin açıqlaması göstərir ki, Ermənistanda da konstitusiya dəyişikliyi Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqlar fonunda İrəvanın üzləşdiyi məcburi çağırışdır. Prezident İlham Əliyev regional sülh və təhlükəsizliyin parlaq gələcəyini təmin etməkdən ötrü Ermənistana bu zərurətləri xatırladır. Hesab edirəm ki, Ermənistan gec-tez regional şəraitə uyğunlaşmaqdan ötrü konstitusiya dəyişikliyinə gedəcək. Bu, İrəvanın regiondakı əməkdaşlıq platformasına transformasiyası üçün lazımdır, əks təqdirdə, İrəvan Bakının tələb və şərtləri əsasında regional layihələrə yalnız kənardan baxmalı olacaq”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ