İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdan Qəbələyə: Türk Zirvəsinin yeni ünvanı

Məlum olduğu kimi, 6–7 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi zirvə toplantısı keçiriləcək. Təşkilatın rəsmi vebsaytında yer alan məlumata görə, 12-ci Zirvə Toplantısı Azərbaycanın qədim diyarı olan Qəbələdə baş tutacaq. Bu dəfəki sammitin əsas mövzusu regional sülh və təhlükəsizlik məsələlərinə həsr olunub ki, bu da həm qlobal, həm də regional geosiyasi şəraitdə xüsusi aktuallıq kəsb edir.

Zirvə görüşündə TDT-yə üzv və müşahidəçi ölkələrin liderlərinin iştirakı nəzərdə tutulur. Beləliklə, aşağıdakı liderlərin iştirak edəcəyi gözlənilir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev

Qırğız Respublikasının Prezidenti Sadır Japarov

Macarıstanın Baş naziri Viktor Orban (müşahidəçi dövlətin lideri)

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov

(Sammitə Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov da dəvət olunub)

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev.

Əlbəttə ki, Qəbələ sammiti yalnız diplomatik müzakirələr üçün platforma deyil, həm də türk dünyasının gələcək inteqrasiya proseslərinin istiqamətləndirilməsi baxımından mühüm bir tarixi hadisə olacaq.

Bəs Qəbələnin ev sahibi kimi seçilməsi hansı simvolik məna daşıyır? Bu samittdə əsasən hansı məsələlərin gündəlikdə müzakirəsi gözlənilir?


Məsələ ilə bağlı siyasi şərhçi Azər Həsrət Musavat.com-a danışıb:

"Qəbələnin ev sahibliyi etməsi təəccüblü olmamalıdır. Çünki Azərbaycanda Türk Dövlətləri Təşkilatının zirvə toplantılarına ev sahibliyi etmək baxımından kifayət qədər alternativlər mövcuddur. Son illərdə bu cür tədbirlər həm Şuşada, həm də Xankəndidə keçirilib. O torpaqlar işğaldan yeni azad olunduğu üçün həmin şəhərlərdə belə tədbirlər təşkil olunmasına xüsusi maraq göstərilirdi. Artıq Qarabağ Zəfərinin 5-ci ili tamam olur. Noyabrın 8-də biz Qələbənin 5-ci ildönümünü qeyd edəcəyik və yavaş-yavaş o şərəfli tarix də yerini başqa məsələlərə verməyə başlayacaq. Əlbəttə, biz onu heç vaxt unutmayacağıq, lakin Azərbaycanın bugünkü gündəliyi artıq yalnız həmin məsələlərlə müəyyənləşdirilməyəcək. Ona görə də Qəbələ kifayət qədər təchiz olunmuş və bu cür beynəlxalq tədbirlər üçün tam uyğun bir şəhərdir. Belə toplantının orada keçirilməsi başadüşüləndir. Eyni zamanda Azərbaycan alternativlərini də Türk dövlətlərinin rəhbərlərinə yavaş-yavaş göstərməlidir. Yəni, Azərbaycan balaca dövlət olsa da, belə imkanları çoxdur və qardaş ölkələrin rəhbərləri də bunu görməlidirlər.

Müzakirə olunacaq məsələlərə gəldikdə isə, təbii ki, burada əsas diqqət Türk Dövlətləri Təşkilatının inteqrasiyasının sürətləndirilməsinə yönələcək. İndi gündəlikdə elan ediblərmi, bilmirəm, amma çox istərdik ki, ortaq əlifba məsələsi ilə bağlı üzv dövlətlərin liderləri konkret bir qərara gəlsinlər, vaxt və qrafik təyin etsinlər ki, bu məsələ tam olaraq nə vaxt həllini tapacaq. Digər tərəfdən, çox arzulayardıq ki, Türk Dövlətləri Təşkilatının bayrağı artıq dövlət bayraqları ilə yanaşı rəsmən dalğalansın. Məsələn, Avropa Birliyində olduğu kimi, üzv ölkələrin bayraqları ilə bərabər birlik bayrağı da bütün rəsmi tədbirlərdə və dövlət qurumlarının binalarında ucaldılır. Biz də təşkilatın üzvü olaraq, ən azı beş əsas üzv dövlət – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın bayraqları ilə yanaşı Türk Dövlətləri Təşkilatının ortaq bayrağının da dalğalanmasının vaxtı çatdığını düşünürük. Bu, həm birlik duyğularımızı daha da gücləndirəcək, həm də inteqrasiyanı davamlı edəcək.

Əlavə olaraq, gündəlikdə növbəti zirvə görüşü ilə bağlı məsələlər, ev sahibliyinin müəyyənləşdirilməsi və digər təşkilati məsələlər də müzakirə olunacaq. Bundan başqa, düşünürəm ki, dövlət başçıları hazırda geniş yayılmış hibrid hücumlarla bağlı da fikir mübadiləsi aparacaqlar. Çünki ən yaxın qardaş ölkə olan Türkiyədən belə Azərbaycana hücumlar təşkil edilə bilirsə, bu təhlükənin miqyası təsəvvür ediləndən daha böyüktür. Türkiyə dövləti Azərbaycanla iç-içə və yaxın olsa da, həmin ölkənin içindən Azərbaycana qarşı hücumlar təşkil edilir. Eyni zamanda Azərbaycanda da bəzi şəxslər qardaş Türkiyəyə qarşı hücumlar təşkil etməyə cəhd göstərirlər. Bu məsələlərin də zirvə çərçivəsində müzakirə olunacağı ehtimal edilir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR