Onlayn ictimai-siyasi qəzet
2025-ci ildə Moldovada keçirilən parlament seçkiləri ölkə daxilində və xaricdə böyük maraq doğurdu. Prezident Maya Sandunun rəhbərlik etdiyi hakim “Fəaliyyət və həmrəylik” partiyası səslərin 50 faizindən çoxunu toplayaraq hökuməti təkbaşına formalaşdırmaq imkanı əldə etdi.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Moldovadakı seçkilər yerli ekspertlər tərəfindən müxctəlif aspektlərdə dəyərləndirilib. Çünki gələn il Ermənistanda da parlament seçkiləri keçiriləcək.
Yerli politoloq Aleksandr İskəndəryan seçkilərin nəticəsinə ciddi təsir göstərən amillərdən biri Avropada yaşayan moldovan diasporası olduğunu bildirib.. Onun sözlərinə görə, Moldova seçkilərində Avropada təxminən 300 seçki məntəqəsi açılıb, onlardan 70-dən çoxu İtaliyada olub, Rusiyada isə cəmi iki məntəqə fəaliyyət göstərib.
İskəndəryan paralel apararaq vurğulayıb ki, Ermənistanda vəziyyət fərqlidir – erməni diasporası seçkilərdə iştirak etmir, buna görə də onun təsir mexanizmi minimaldır. Bundan başqa, Ermənistanda Moldovadakı kimi etnik və dini zəmində parçalanma yoxdur. “Ermənistanda Qaqauz və ya Dnestryanı kimi fərqli etnoslara əsaslanan seçici kütlələri mövcud deyil”-deyə o, bildirib.
Erməni ekspert hesab edir ki, Ermənistanda parçalanma daha çox ideoloji xarakter daşıyır. Hakimiyyət özünü Avropayönlü kimi təqdim edir, müxalifət isə Moskva ilə strateji əlaqələrin möhkəmləndirilməsindən yanadır. Bununla belə, hər iki ölkədə seçkilər “sivilizasiya seçimi” kimi təqdim olunur. “Ermənistanda hər bir seçki apokalipsis kimi qəbul olunur – sivilizasiya yolunu seçmək: ya məhv olmaq, ya da sağ qalmaq”, – deyə o bildirib.
Moldova təcrübəsinin Ermənistan üçün əsas dərsi konsolidasiyadır. Moldovada hakim partiya parçalanmış müxalifətə baxmayaraq öz elektoratını birləşdirə bildi. Əlavə olaraq, sosial şəbəkələrin rolu diqqətçəkən oldu: TikTok-un imkanlarından istifadə edən bir partiya məhz bu yolla parlamentə düşə bildi. Ermənistan üçün də bu, siyasi mübarizədə müasir medianın əhəmiyyətini göstərir.
İskəndəryan Ermənistanda “Avropapərəst” və “Rusiyapərəst” etiketlərinə skeptik yanaşıb: “Bu, əslində Avropa ilə bağlı deyil, daxili siyasi diskursdur. Hazırda Ermənistan üçün Avropa perspektivləriyoxdur. Rusiyayönlü siyasət? Rusiyanın vəziyyətini nəzərə alsaq, onların da başqa qayğıları var”.
Musavat.com
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ