Onlayn ictimai-siyasi qəzet
Son illərdə narkotik bazarında yeni adlar sürətlə yayılır. Onlardan biri də Mefedron və ya daha məşhur adı ilə “kasıbın kokaini”dir. Ucuzluğu, tez təsir göstərməsi və asan əldə olunması ilə diqqət çəkən bu maddə qısa müddətdə narkoistifadəçilər arasında geniş yayılıb. İstifadəçilərə qısa müddətli xoşbəxtlik bəxş etsə də, insanın həyatını məhv edən ən təhlükəli sintetik narkotiklərdən hesab olunur.
Mefedronun tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. İlk dəfə 1929-cu ildə sintez edilsə də, uzun müddət diqqətdən kənarda qalıb. 2000-ci illərin əvvəlində Avropa ölkələrində parti narkotiki kimi kütləviləşdi. İstehsalçılar onu banyo duzu, bitki gübrəsi və ya kimyəvi araşdırma maddəsi adı altında gizlədərək satışa çıxarırdılar. Əslində isə mefedron insan orqanizmi üçün ciddi təhlükə daşıyan sintetik stimulyatordur.
Mefedronun təsir mexanizmi kokain və amfetaminə çox bənzəyir. İstifadədən 10-20 dəqiqə sonra beyin dopamin və serotoninin ifrazını artırır, insanda eyforiya, həddindən artıq enerji, cinsi istək və danışıq həvəsi yaradır. Bu xüsusiyyətlərinə görə, narkotik aləmində ona “kasıbın kokaini” deyirlər. Çünki həm ucuzdur, həm də qısa müddətdə yüksək asılılıq yaradır. Əldə olunan süni xoşbəxtlik çox qısamüddətli olur. İstifadə bitən kimi orqanizm depressiya və boşluq hissi ilə üz-üzə qalır. Dozanın artırılması qaçılmaz olur və bu, asılılığı daha da gücləndirir. Mütəxəssislər bildirirlər ki, mefedronun istifadəsi çox vaxt ürək-damar sistemində ciddi problemlər, yüksək təzyiq, susuzlaşma, diş və dəri pozğunluqları, halüsinasiyalar və paranoya ilə nəticələnir. Daha təhlükəlisi isə budur ki, mefedron alkoqol və digər narkotiklərlə birlikdə qəbul edildikdə ölüm halları qaçılmaz olur. Son illərdə Avropa və Rusiyada onlarla gəncin məhz bu səbəbdən həyatını itirdiyi rəsmən qeydə alınıb.
Mefedronun qadağan edildiyi ölkələr sırasında Azərbaycan da var. Ekspertlər xəbərdarlıq edirlər ki, ucuzluğu səbəbindən bu narkotik daha çox maddi imkanı zəif olan gənclər arasında yayılma riski daşıyır.
“Kasıbın kokaini” qısa müddətli eyforiya bəxş etsə də, uzunmüddətli perspektivdə insanın həyatını tamamilə alt-üst edir. İş, ailə, sağlamlıq, hər şey bir neçə dəfəlik istifadədən sonra əldən çıxır. Ən təhlükəlisi isə budur ki, bu maddə çox sürətlə fizioloji və psixoloji asılılıq yaradır.
Mefedron ucuz eyforiyanın ağır bədəlidir. Gəncləri bu təhlükədən qorumaq üçün həm ailələr, həm də dövlət qurumları məsuliyyətli addımlar atmalıdır. Əks halda, “kasıbın kokaini” adı ilə gizlədilən bu zəhər daha çox həyatları qaraldacaq.
2025-ci ilin rəsmi statistik məlumatına görə 5 ay ərzində Azərbaycanda 3,3 ton “ağ ölüm” dövriyyədən çıxarılıb. Dövlət Komissiyasının İşçi Qrupunun ümumiləşdirdiyi rəqəmlər göstərir ki, bu dövrdə ölkədə narkotik cinayətkarlığa qarşı aparılan əməliyyatlar ciddi nəticələr verib. 5 ay ərzində ümumilikdə 3797 cinayət faktı aşkarlanıb. Onlardan: 1139-u narkotik vasitələrin qanunsuz satışı, 2616-sı narkotiklərin qanunsuz əldə edilib saxlanılması, 40-ı narkotik tərkibli bitkilərin əkilib-becərilməsi, 2-si isə digər kateqoriyadan olan cinayətlərdir. Qanunsuz dövriyyədən ümumilikdə 3 ton 313 kiloqram 859 qram narkotik vasitə müsadirə olunub. Bunun içərisində: 2,9 ton marixuana, 188 kiloqram heroin, 76 kiloqram tiryək, 33 kiloqram həşiş, 21 kiloqram digər narkotiklər, 90 kiloqram-a yaxın psixotrop maddə var. Həmçinin 5183 ədəd metadon, 8235 ədəd çətənə bitkisi, 600 qram xaş-xaş və müxtəlif güclü təsirə malik maddələr dövriyyədən çıxarılıb.
Hesabat dövründə 2 min 42 nəfər cinayət məsuliyyətinə cəlb edilib, onların 44-ü xarici ölkə vətəndaşıdır. Xarici vətəndaşlardan ümumilikdə 447 kiloqram narkotik götürülüb. Qaçaqmalçılıqla bağlı 101 fakt aşkarlanıb və bu yolla ölkəyə gətirilən 1,2 ton narkotik və 13 min 194 ədəd güclü təsirli həblər müsadirə olunub. Qrup halında törədilmiş cinayətlərin sayı 110 olub, əvvəlki məhkumların törətdiyi cinayətlərin sayı isə 872 təşkil edib. Onlardan 791 kiloqram müxtəlif narkotik götürülüb.
2024-cü ilin eyni dövrü ilə müqayisədə narkotik cinayətlərin sayı 1059 fakt azalıb. Satışla bağlı faktlar 252, saxlama halları 792, kultivasiya faktları isə 14 azalaraq ümumilikdə cinayət statistikasında geriləmə müşahidə olunub. Lakin diqqətçəkən məqam odur ki, müsadirə olunan narkotiklərin çəkisi əksinə 485 kiloqram artıb. Yəni, cinayətkarların sayı azalsa da, dövriyyəyə buraxdıqları narkotiklərin miqdarı böyüyüb. Müsadirə olunan maddələrin 89 faizi marixuanadır. Bunun da 90,8 faizi xarici ölkə mənşəlidir və psixotrop qatqılarla zənginləşdirilib. 2025-ci ilin yanvarında Komissiya qərarı ilə 5,1 ton müxtəlif narkotik məhv edilib. May ayında isə məhkəmə hökmlərinə əsasən daha 5,0 ton narkotik və 8,6 min çətənə bitkisi yandırılaraq məhv olunub. Ümumilikdə 30 rayon və şəhərdə 1020 məhkəmə hökmü üzrə az miqdarda müsadirə edilmiş narkotiklərin də məhv edilməsi təmin olunub.
Hesabat dövründə DİN-in müraciəti ilə 38 min nəfər sərxoşluq hallarının təyini üçün Narkoloji Mərkəzə göndərilib. Onlardan 1981 nəfəri narkotik testindən keçib və 1132 nəfərin istifadəçi olduğu müəyyən edilib. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə Respublika Narkoloji Mərkəzi, QİÇS-lə Mübarizə Mərkəzi və Sumqayıt Narkoloji Mərkəzində ümumilikdə 794 xəstə müalicə alır. Eyni zamanda QİÇS-lə Mübarizə Mərkəzi bildirir ki, 2025-ci ilin ilk beş ayında İİV-ə yeni yoluxma halları azalıb. Yoluxanlar arasında inyeksion narkotik istifadəçilərinin sayı cəmi 4,4 faiz təşkil edib. Yanvar-may aylarında “802” qaynar xəttinə 357 zəng daxil olub. Onlardan 38-i narkotiklərin qanunsuz dövriyyəsi, 34-ü müalicə ilə bağlı, qalanları isə müxtəlif məsələlərlə bağlı müraciətlər olub. Daxil olan müraciətlər əsasında cinayət işləri qaldırılıb, narkotik asılılığı olan şəxslərə psixoloji və tibbi dəstək göstərilib. Bu rəqəmlər göstərir ki, Azərbaycanda narkotiklərlə mübarizə həm cinayətkar şəbəkələrin ifşası, həm də ictimai sağlamlıq istiqamətində kompleks şəkildə aparılır. Amma müsadirə edilən narkotiklərin həcminin artması göstərir ki, bölgə hələ də beynəlxalq narkotrafikin hədəfindədir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ