İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST yenə qorxutdu - COVİD-dən ölüm halları artır, məktəblər açılandan sonra...

Zülfüqar Yusifov: “Yetərincə təcrübəmiz var, hazır olmalıyıq”

“Koronavirus ştamı "EG.5 D-19" dünyada geniş formada yayılmaqdadır". Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus xəbərdarlıq edib.

 Cenevrədə çıxış edən Qebreyesus qış mövsümü ərəfəsində şimal yarımkürəsində həyəcanverici tendensiyaların müşahidə olunduğunu bildirib.

Onun sözlərinə görə, Yaxın Şərq və Asiyada ölüm hallarının sayı artmaqdadır. ÜST rəhbəri həmçinin qeyd edib ki, Avropada koronavirusun bu variantı ilə reanimasiya şöbələrinə yerləşdirilən xəstələrin sayı artıb.

Qebreyesus ən böyük narahatlıqlardan biri kimi COVİD-19 peyvəndinin son dozasını almamış risk altında olan insanlarda immunizasiya səviyyəsinin aşağı olmasını vurğulayıb.

Əlavə edək ki, bir neçə gündən sonra Azərbaycanda yeni dərs ili başlayacaq. Eyni zamanda havaların, tədricən soyuması nəticəsində insanlar açıq havadan çox qapalı məkanlarda olacaqlar. Hər iki amil, üstəgəl ÜST-ün xəbərdarlığı ölkəmizdə özünü necə göstərəcək? Təzədən peyvəndlənməyə ehtiyac varmı və ilk növbədə hansı kateqoriyadan olan insanlar bunu nəzərə almalıdır?

“Euronews”un yaydığı məlumatda isə bildirilir ki, iyulun ortalarından etibarən Avropada COVİD-19-a yoluxma artır, daha təhlükəli variantlar üzə çıxır: “80 yaşdan yuxarı olan insanlarda yoluxmaya daha çox rast gəlinir. Avropanın bir sıra ölkələrində əvvəlki aya nisbətən COVİD-19-a yoluxma 11 faiz artıb. İspaniyada yoluxma əhəmiyyətli dərəcədə artıb. Bu isə əvvəlkilərdən daha yoluxucu olan yeni variantların ortaya çıxması ilə bağlıdır. Hər həftə əvvəlkilərdən daha təhlükəli və daha yoluxucu variant üzə çıxır”.

O da qeyd edilir ki, qış aylarına doğru yoluxma saylarında daha çox artım müşahidə oluna bilər: “Bu riski azaltmaq üçün mütəxəssislər daha diqqətli olmağı, peyvəndlənməyi tövsiyə edirlər. Peyvənd və şəxsi gigiyena qaydalarına əməl etmək hələ də özümüzü qorumağın ən yaxşı yoludur”.

Bildirilib ki, pandemiyanın mümkün yeni dalğasından qorunmaq üçün bir çox Avropa ölkəsi qabaqlayıcı tədbirlər görüb.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, koronavirusun yeni ştamının yaranması barədə məlumatlar var: "Təbii ki, iqlimin dəyişilməsi ilə əlaqədar hər zaman virus infeksiyalarının alovlanması müşahidə olunur. Xüsusən payız aylarında - sentyabr, oktyabr, noyabr aylarında bu müşahidə olunur. Yeni dərs ilinin başlanması ilə insanlar daha çox toplum olaraq bir yerə yığışacaqlar. Nəticədə təmaslar çoxalır, yoluxma ehtimalları da çoxalmış olur. COVİD-lə bağlı proses əslində tam yekunlaşmayıb. Yoluxmalar da davamlı oldu. İndiki ştamların da ortaya çıxması ehtimal olunurdu. İndi bu yeni ştam da ortadadır. Nə etmək lazımdır. Əlbəttə, yaxın illərdə ciddi təcrübəmiz var. Həm əhalinin, həm də tibbi sisteminin. Birinci növbədə qızıl qaydalara əməl olunmalıdır. Məsafənin saxlanması, dezinfeksiyaedici məhlullardan maksimum istifadə olunması, immun sisteminin  möhkəmləndirilməsi üçün olan tədbirlər, eləcə də maskalardan lazım olduqca istifadə olunarsa, yoluxmanın qarşısını almaq olar. Təbii ki, səhiyyə sistemi və rəhbərliyi qismində bu prosesin monitorinqi aparılır. Hər hansı bir həyəcanverici məqam  olarsa, əhaliyə, müəssisələrə təlimatlar veriləcək. Hər halda, insanlar da qoruyucu vasitələrdən mümkün qədər istifadə etməlidir. Yoluxan şəxsləri işdən, dərsdən vaxtında uzaqlaşdırmaq lazımdır.  Bir sözlə, bizim bununla bağlı yetərincə təcrübəmiz var. Xəstəxanaların hazırlığı lazımi səviyyədədir. Lazımi avadanlıqlar artıq ölkəmizdə var".   

Qeyd etmək yerinə düşər ki, pandemiyanın tüğyan etdiyi vaxtlarda Azərbaycanda həkim çatışmazlığı, xüsusən də xəstəxanalarda reanimatoloqların az olduğu, ya da bəzi yerlərdə ümumiyyətlə olmaması barədə narazılıq var idi. Əsasən də bununla bağlı bölgələrdən şikayətlər daxil olurdu. Hazırda vəziyyət necədir, pandemiyanın yeni dalğası olarsa, yenə də həkim sarıdan korluq çəkəcəyikmi?

Məsələ ilə bağlı Tibb Universitetnin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov “Yeni Müsavat”a dedi ki, hazırda reanimatoloq çatışmazlığı problemi yoxdur: “Çalışdığım "Yeni klinika"da reanimatoloq çatışmazlığı yoxdur. Başqa xəstəxanaları deyə bilmərəm. Amma bizdə həkimlərin hər biri peşəkar mütəxəssislərdir, peşəkar xidmət də göstərirlər". 

 Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR