İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal Cənub Bakıda təşkilatlandı

Ölkəmiz daha bir uğurlu tarixə imza atdı; QHT Platformasına rəhbərlik 116 ölkənin razılığı ilə Azərbaycana verildi, mərkəzi qərargah paytaxtda yerləşəcək

Bakıda dünya əhalisinin təxminən 80%-ni təmsil edən 116 ölkədən nüfuzlu liderləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən Qlobal Cənub QHT Platforması təsis edilib. İki gün davam edən konfrans Asiya, Afrika, Latın Amerikası və Okeaniya regionlarını əhatə edir və Qlobal Cənubda vətəndaş cəmiyyəti üçün böyük hadisə hesab olunur.

“Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır”.

Prezident İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanladığı müraciətində belə deyib.

Azərbaycan QHT-lərinin Milli Forumu COP29 çərçivəsində 2024-cü ilin payızında belə platformanın yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Təşəbbüs geniş beynəlxalq dəstək aldı. Platformanın Bakıda yaradılması ölkənin Qlobal Şimal və Cənub arasında körpü rolunun daha bir təsdiqi oldu.

Platformanın məqsədi beynəlxalq arenada, o cümlədən BMT-də vahid mövqeni təşviq etmək, Qlobal Cənub ölkələrinin yoxsulluq, iqlim dəyişikliyinin təsirləri, rəqəmsal bərabərsizlik, ticarət ədalətsizliyi və digər çağırışlarla mübarizədə fəaliyyətlərini əlaqələndirmək və Cənub ölkələri arasında əməkdaşlığı dəstəkləməkdir.

Qlobal Cənub Qeyri-Hökumət Təşkilatı (QHT) Platformasına rəhbərlik 116 ölkənin QHT-sinin razılığı ilə Azərbaycana verilib.

Platformanın mərkəzi qərargahı Bakıda yerləşəcək.

Qlobal Cənubun Bakıda təşkilatlanmasının faydaları nədir?

Azər Badamov: Azərbaycan Ordusu ilkə imza ataraq müasir dünya tarixində  yeni bir qəhrəmanlıq səhifəsi yazıb - AZƏRTAC

Azər Badamov

Milli Məclisin deputatı Azər Badamovun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlara ev sahibliyi etməklə dünya ölkələri arasında fikir ayrılıqlarının aradan qalxmasına, sülh və əməkdaşlıq üzərində qurulmuş yeni dünya nizamının formalaşmasına töhfə verir: “Ölkəmiz Qoşulmama Hərəkatına sədrlik etməklə 120 ölkə arasında kompromisli bir fikrin formalaşmasına töhfə verdi. Keçən il Bakıda keçirilmiş COP29 iqlim dəyişiklikləri ilə bağlı beynəlxalq konfrans ölkəmizi bir neçə gündə dünyanın mərkəzinə çevirdi. 190-a yaxın dövlətdən ölkəmizə gəlmiş 77 mindən çox nümayəndə qlobal iqlim problemlərini müzakirə etdi və çox əhəmiyyətli qərarlar qəbul etdi. Azərbaycan həm də Qlobal Cənubla Qlobal Şimalın mərkəzindədir. Ölkəmiz Qlobal Şimalla Qlobal Cənub arasında körpülər salmağa çalışır. Çünki bu gün bu iki qütb arasında fikir ayrılıqları günü-gündən dərinləşir. Bakıda keçirilən Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları Platformasının konfransı da çox əhəmiyyətli qlobal tədbirdir. Çünki Qlobal Cənub dünya əhalisinin 80% olmaqla 116 -dan çox ölkəsini təmsil edir. Təsis olunmuş Qlobal Cənub QHT Platforması Asiya, Afrika, Latın Amerikası və Okeaniya regionlarını əhatə edir. Bu  platformaya rəhbərliyin Azərbaycana verilməsi çox əhəmiyyətli bir hadisədir. Çünki Azərbaycanın qlobal tədbirlərə ev sahibliyi və sədrlik etmək, apardığı tədbirlərdə yeni yanaşmaları ortaya qoymaq və dünya ölkələri arasında körpülər salmaq təcrübəsi var. Bu baxımdan ölkəmiz bu platformaya da ev sahibliyi etməklə Qlobal Şimalla Qlobal Cənub arasında əməkdaşlığın dərinləşməsinə və zididiyyətlərin aradan qalxmasına töhfə verəcək”.

Niyameddin 11.jpeg (96 KB)

Niyaməddin Orduxanlı

Tədbirdə iştirak edən Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin sədri, Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı bu tədbirin ölkəmiz adına böyük əhəmiyyətindən söz açdı: “Aprelin 28-də 110-dan çox ölkədən QHT-lər Bakıya toplaşaraq Qlobal Cənub QHT Platformasının təsis konfransını keçirdi. Azərbaycanda 20 ildən artıqdır ki, rəhbərlik etdiyim QHT rəhbəri kimi bu tədbirə dəvət almışdım və iştirak edirdim. Bu tədbir həqiqətən də ölkəmiz üçün son dərəcə əhəmiyyətli və önəmli bir tədbir idi. Tədbirdə iştirak edən Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini özündə birləşdirən böyük coğrafiyanın - dünya ölkələrinin 2/3 hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə baş verirdi. Tarixdə ilk dəfə Qlobal Cənub QHT Platformasının təsis olunması məhz Azərbaycanda baş tutdu. Bu, Azərbaycanın dövlət maraqları baxımından da əhəmiyyətli bir hadisə idi. Ən önəmli hal o idi ki, bu platformanın təşəbbüskarı Azərbaycanın vətəndaş cəmiyyətidir. Məlumat üçün bildirim ki, 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində keçirilən Qoşulmama Hərəkatı regionu QHT-lərin "Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu" adlı beynəlxalq konfransda Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığı elan edilmişdi. Bu təşəbbüs beynəlxalq dəstək qazanaraq, 140-a yaxın ölkənin QHT-ləri tərəfindən alqışlanıb, 1000-dən çox xarici QHT bu təşəbbüsü müdafiə edən birgə bəyanat yaymışdı. Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürümü bildirirəm ki, bu qlobal təşəbbüsü reallığa çevirməkdə böyük uğura imza atdı. Qeyd etdiyim kimi, dünyanın 110-dan artıq ölkəsindən aparıcı QHT rəhbərlərinin Azərbaycana gəlməsi Qlobal Cənub üçün də, Azərbaycan üçün də əsl QHT səfərbərliyidir. Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni dövrün başlanğıcı kimi xarakterizə edə bilərik. Azərbaycan QHT-ləri Qlobal Cənub regionu ölkələrinin QHT-ləri ilə yeni əlaqələr quracaq, əməkdaşlığı daha da dərinləşdirəcək. Nəzərə alsaq ki, Vətəndaş Cəmiyyəti İnstitutu Azərbaycan dövlətinin inkişafı üçün çox önəmli platformadır. Azərbaycan həqiqətləri həm də QHT-lər vasitəsilə çatdırılır, dövlət və milli maraqlarımız müdafiə olunur. Son illərdə Prezident Administrasiyasının Azərbaycanda fəaliyyət göstərən QHT-lərlə çox yüksək səviyyədə əməkdaşlığı yaranıb. Bu fakt özü dövlətimizin daha güclü olmasına böyük dəstək vermiş olur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR