Onlayn ictimai-siyasi qəzet
SSRİ-də talon sistemi öncə çörəyə, şəkərə, şirniyyat məhsullarına, yağa, trikotaj məmulatlarına tətbiq olunsa da, zamanla bu siyahı daha da genişlənib. Bəzən talonun olması da əhəmiyyət kəsb etməyib. Çünki istədiyin malı mağazada tapmaq müşkül məsələyə çevrilib.
Bunun əsas səbəbi məhsulların bölüşdürülməsinə məsul şəxslərin korrupsiya əməlləri olub. Nəzarətin zəif olduğu yerlərdə mağazalara gətirilməli olan mallar müxtəlif yollarla “aradan çıxardılıb” və “qara bazar”da satılıb. Ötən əsrin 80-ci illərinin ortalarında “qara” işlərlə məşğul olan minlərlə insanın əməli ortaya çıxıb.
SSRİ-də ticarət sahəsi ilə bilavasitə əlaqəsi olan 15 minə yaxın insanın məhkəmə qarşısına çıxdığı səs-küylü məhkəmə prosesləri olub. Müttəhimlərin önündə Sovet İttifaqında “Yeliseevski” adlı ilk ərzaq mağazasının direktoru olmuş müharibə qəhrəmanı Yuri Sokolov dayanıb.
Qıtlıq dövrü
Sovet vətəndaşlarının həyatı çoxşaxəli olmayıb və hamı eyni qaydalarla yaşayıb. Analoji vəziyyət ticarət sektorunda da olub. Bütün mağazalarda monotonluğu ilə diqqəti çəkən eyni çeşidli mallara rast gəlmək mümkün olub. Rəflərə hər zaman cüzi məhsullar qoyulub - makaron, balıq konservləri, marqarin və tərəvəz.
İnsanlar uzun müddət kifayət qədər cüzi ərzaq almağa məcbur olublar. “Yeliseevski” brendi altında mağazalar şəbəkəsinin mövcud olduğu Moskvada tamam başqa ab-hava hökm sürüb. Onun başında satış yerlərini qıt mallarla təmin edən Sokolov dayanıb.
Mağazalara girən sadə vətəndaş oradan təkcə pendir və kolbasa deyil, kürü və ananas da tapa bilib. Bütün bunlar rüşvət müqabilində həyata keçirilib. Mağazalarda görünməyən məhsullar unikal sxem sayəsində Sokolovun əlinə keçib.
Rüşvətin bir hissəsi baş verənlərə göz yuman məmurlara, digər hissəsi onun şəbəkəsinə, üçüncü hissəsi isə lazımi şəxslərə hədiyyələr alınması üçün xərclənib. Həmçinin onun işçiləri təkcə rəsmi maaşlar deyil, həm də zərflərdə pullar alıblar. İlk ərzaq mağazasının direktoru 1982-ci ilin payızında həbs olunanda firavanlıq bir anda sona çatıb.
“Yeliseevski işi”
1982-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi direktor Sokolova ciddi nəzarət etməyə başlayıb. Onun kabinetinə gizli şəkildə mikrofonlar yerləşdirilib, nəticədə tabeliyində olanların ona zərflərdə pul verməsi halları aşkar edilib. Həmin il oktyabrın sonunda direktor və onun müavini Nemtsov, eləcə də şöbə müdirləri Svejinski, Yakovlev, Konkov və Qriqoryev “külli miqdarda ərzaq məhsulları oğurluğu və rüşvətxorluq” ittihamı ilə həbs olunublar.
Əvvəlcə Sokolov ittihamları rədd edib. O, Kozitski zolağındakı xidməti girişdən nadir mallar alan yüksək rütbəli alıcıların himayəsinə ümid edib. Onların arasında Qalina Brejneva və onun əri, daxili işlər nazirinin müavini Yuri Çurbanov və Moskva şəhər sovetinin praktiki olaraq bütün rəhbərləri olub.
Bununla belə, Sov.İKP MK-nın baş katibi Leonid Brejnevin ölümündən sonra Ticarət Nazirliyinin əməkdaşları və Çurbanova yaxın Moskva mağazalarının direktorları həbs olunub. Xüsusən də Moskva meyvə-tərəvəz bazasının direktoru Mxitar Ambartsumyanın istintaqa verdiyi ifadədən sonra Sokolov açıq danışmağa, başqa şeylərlə yanaşı, sovet rəhbərləri arasında ondan rüşvət alanları da üzə çıxarmağa başlayıb.
Zəngəzur mahalında (indiki Sünik) dünyaya göz açan və illər sonra bir neçə çağırış Moskva şəhər şurasının deputatı olan Ambartsumyan öz bazasında keyfiyyətsiz məhsul satdığı üçün anbar və soyuducu müdirlərindən, mağaza direktorlarından rüşvət almağa başlayıb. Meyvə-tərəvəzin keyfiyyətini aşağı qiymətləndirmək “böyük gəlirlər” gətirib, onların bir hissəsi Ambartsumyana və digər baza komandirlərinə çatıb.
Sokolova gəlincə, o, əsas rüşvəti Moskva Şəhər İcraiyyə Komitəsinin baş ticarət idarəsinin rəisi və SSRİ Ali Sovetinin deputatı Nikolay Trequbova verib. Nəticədə hər iki şəxs həbs edilib.
İşə milis orqanları cəlb edilməyib, hər şey birbaşa DTK tərəfindən tam araşdırılıb və məsələ birbaşa SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri, artıq SSRİ rəhbəri postuna yiyələnmiş Yuri Andropovun nəzarətində olub. Müstəntiqlər 15 mindən çox insanı cinayət məsuliyyətinə cəlb edib, 174 məmuru rüşvət və dövlət əmlakının oğurlanması ittihamı ilə həbs edib.
“Yeliseevski işi” üzrə məhkəmə 1984-cü ilin noyabrında baş tutub. Günahını boynuna alan Sokolov ölüm cəzasına, Trequbov 15 il müddətinə, digərləri isə 11-14 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmənin hökmündən bir ay sonra Sokolov edam edilib.
Mxitar Ambartsumyan etirafları hesabına 5-6 il həbs cəzası alacağını düşünsə də, əksi baş verib. O, çoxlarını sataraq “sudan quru” çıxmaq istəyib, rəhbər şəxslərə verilən rüşvətin məbləğlərini açıqlayıb. Bütün bu məlumatlar birbaşa Sovet İttifaqında hakimiyyətin ən yüksək eşelonlarına gedib çıxıb. Odur ki, bu satqınlığına görə, o bağışlanmayıb və 1986-cı il noyabrın 8-də güllələnmə yolu edamı icra edilib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ