İnsanlara hürriyət, millətlərə istiqlal!

USAİD, GİPA və son - ANALİTİK

Qərbin dövlətləri idarə etmək istəyi və bunun üçün seçdiyi üsul çox maraqlı, həm də təhlükəli olması ilə seçilir. İndi silahlı işğal dövrü keçib, iqtisadi təsirlər və təhdidlər aktuallaşıb. İri dövlətlərin siyasi hakimiyyətlərinin apardığı siyasət, tətbiq etdiyi iqtisadi çərçivə, digər dövlətləri öz planlarının bir hissəsi etmək cəhdindən əvvəl daha qorxunc silahlar işə salınır. Cəmiyyətləri sözəbaxan, müti, manqurd kütləyə çevirmək sonrakı prosesləri asanlaşdırır, hadisələri sürətləndirir. Xüsusən, Qərbin beyinləri yuma əməliyyatı öncə cəmiyyətləri parçalayır, ikitirəlik yaradır, ictimai şüurlarda dövlət adlı düşmən obrazı formalaşdırır, kütləvi itaətsizlik toxumlarının cücərməsini təmin edir.

SSRİ adlı proletariat diktaturası dağıdılandan sonra onun yerində yaranan yeni dövlətlərdə ideoloji boşluğu doldurmaq üçün Qərbin təbliğat maşını işə düşdü. Xaosdan, kövrək ictimai mühitdən yararlanaraq cəmiyyətin aktiv kəsimini ələ almağa, onlara müxtəlif şirnikləndirici, aldadıcı vədlər verərək guya öz ölkəsi üçün çalışırmış kimi onları öz tərəflərinə çəkməyi, daha doğrusu özlərinin gələcək agenti kimi formalaşdırmağı bacardılar. QHT, media qurumlarının təsis edilməsi, Cənubi Qafqazın hansı ölkəsi daha çox cəmiyyət institutları yaradır yarışı başlandı. İlk baxışdan burada qəribə, anlaşılmayan heç nə yox idi. Yaradılan yeni qurumlar öz istiqamətləri üzrə cəmiyyətin inkişafını, yeni çağırışlara adekvat cavab vermək qabiliyyətini təmin etməkdə dövlətə yardım etməli idilər. Amma Cənubi Qafqazın hər üç ölkəsində - Ermənistan, Gürcüstan və Azərbaycanda müharibə şəraiti hökm sürdüyünə görə Qərb institutları burada bəzi maneələrlə üzləşməli olurdular. Buna baxmayaraq fərqli taktiki gedişlər məqsədə çatmaq üçün kifayət edirdi.

Əlbəttə, bir ölkədə yüzlərlə QHT və media orqanı yaratmaq işin yalnış bir hissəsi ola bilərdi. Yalnız həmin qurumları əldə saxlamaqla planları gerçəkləşdirmək olardı. Belə də oldu. QHT, media və digər siyasi qurumların maliyyələşməsi Qərb institutlarının işini yüngülləşdirdi. Xaricdən gələn milyonlarla dollar axını özü ilə daha çox xaos, itaətsizlik, milli maraqlardan sapınma, dövlət-xalq birliyində inamsızlıq gətirdi. Bütün bunlar Qərbin bəzi dairələri tərəfindən idarə olunurdu. Yəni Qərb verdiyi maliyyə vəsaitinin müqabilində kimim harada, necə və hansı rolda oynayacağını təyin edirdi. USAİD, Amnesty International, Sərhədsiz Reportyorlar, Human Rights Watch və s. kimi təşkilatların destruktiv fəliyyətləri bəzi ölkələrdə az, digərlərində isə çox nəzərə çarpırdı. Yerli QHT, media və digər cəmiyyət institutları dövlət qurumları ilə nə qədər çox qarşıdurmaya gedirdisə bir o qədər artıq vəsait əldə etmək imkanı qazanırdı. Bir tərəfdən dövlət qurumlarının işi artırdı, digər tərəfdən cəmiyyətdə parçalanma sürətlənirdi.

USAİD işi...

USAİD formal olaraq müstəqil dövlət agentliyi hesab olunsa da, birbaşa ABŞ prezidenti, dövlət katibi və Milli Təhlükəsizlik Şurasının tabeçiliyində idi. Onun rəhbəri və müavinləri ABŞ Senatının razılığı ilə ABŞ Prezidenti tərəfindən təyin olunurdu. Maliyyə vəsaitinin həcminə görə dünyanın ən öndə gedən təşkilatıdır, desək, yanılmarıq. Rəqəmlərə diqqət edək: təkcə 2024-cü maliyyə ilində USAİD layihələri üçün 36 milyar dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə USAİD xətti ilə 335 milyard dollar xərclənib. Bu, az qala orta səviyyəli dövlətin illik büdcəsindən 10 dəfə çoxdur. Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAİD guya ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsilə, demokratiya sahələrinə dəstəklə məşğul olsa da, əslində onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa və bu rıçaqlardan təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib.

USAİD ümumilikdə 700-dən artıq media orqanını, 300-ə yaxın media sahəsində çalışan QHT-ni və 6 mindən çox jurnalisti maliyyələşdirilib. Bu il fevralın 6-dan ABŞ hökuməti bu təşkilat vasitəsilə “The New York Times”, “Politico” və “Associated Press”in maliyyələşdirilməsini dayandırıb. Yalnız Ukraynada medianın 90 faizi USAİD tərəfindən maliyyələşdirilirmiş. 2024-cü ildə USAİD Ukraynadakı proqramlarına 6 milyard dollardan artıq vəsait xərcləyib. Bütün bu fitnəkar əməllər “azad mətbuat”, “söz azadlığı” adı altında törədilib. Ayrılan pul vəsaitləri ayrı-ayrı şəxslərin maraqları naminə xərclənib, təxribatçı fəaliyyətə sərf olunub.

Azərbaycanda guya “müstəqil mətbuat” təsis edənlərin əsl iç üzü açılanda çoxları təəccüblənib. Bu gün artıq ifşa olunan həmin “media” strukturlarının “feyk” xəbərlər istehsalçısı olduqları üzə çıxıb. Bir müddət əvvəl xəbər verildiyi kimi, USAİD-in ələ aldığı “Turan” agentliyinin yaydığı dezinformasiya səbəbindən Azərbaycan beynəlxalq skandalla üz-üzə qalacaqmış. Əlbəttə, bu, məsuliyyətsizlik, peşə etikasından xəbərsizlik, bir az da dərinə getsək, xalqa, dövlətə xəyanətdir. “Müstəqil media” “Turan”la məhdudlaşmır, “Meydan TV”, “Abzaz”, “Toplum TV” və s. şər yuvaları da cəmiyyətimizə neqativ mövqe sərgiləməkdədirlər.

GİPA nədir?

İngiliscə Georgian Institute of Public Affairs (GIPA), azərbaycanca Gürcüstan İctimai İşlər İnstitutu 1994-cü ildə Gürcüstanda yaradılmış özəl universitetdir. Zamanında Qərbi təbliğatı sayəsində Gürcüstanın ən nüfuzlu universitetlərindən biri olub. GIPA-da dərslər əsasən ingilis dilində aparılıb. Təhsilin hansı dildə olması fakültəyə və tələbənin seçiminə görə dəyişib. Xüsusilə diqqət çəkən məqamlardan biri budur ki, GIPA-da çalışan müəllimlər əsasən gürcülər, bəzən də amerikadan olan professorlar olub. Gürcü müəllimlərin hamısı Avropa və Amerikada yaxşı universitetlərdə təhsil alıblar. GIPA-da təhsilin Azərbaycandakı universitetlərdən fərqi, tələbələrə verilən avadanlıq və imkanlar da başqa olub.

Gürcüstanın İctimai İşlər İnstitutu (GİPA) 2001-ci ildən etibarən jurnalistika üzrə magistr proqramı təklif edib. Bu proqram ABŞ-ın Dövlət Departamenti və Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə maliyyələşdirilib. Proqramın məqsədi Qafqaz regionunda medianın guya inkişafını dəstəkləmək və demokratik cəmiyyəti gücləndirmək idi. Lakin, USAİD-in fəaliyyətinin dayandırılmasından sonra 2025-ci ilin mart ayında məlum oldu ki, GİPA-nın jurnalistika üzrə magistr proqramı rəsmi olaraq dayandırılıb. Belə ki, proqram artıq təqaüdlə tələbə qəbulu həyata keçirməyəcək və hazırkı tələbələr öz hesablarına təhsil almalı olacaqlar.

Sual olunur, bəs əsl niyyət nə olub ki, Cənubi Qafqaz ölkələrində QHT, media və digər cəmiyyət institutları maliyyələşdirilib, milyonlar xərcləni? Qərb dünyasına xas olmayan bədxərclik burada bütün sədləri aşıb. Gürcüstanın İctimai İşlər İnstitutu (GIPA) 1994-cü ildə yaradılıb. Onun yaradılmasının əsas məqsədi Gürcüstanda və daha geniş Qafqaz regionunda dövlət idarəçiliyi, media və hüquq sahələrində peşəkar kadrların hazırlanması olub. GİPA-nın yaradılmasına ABŞ və Avropa institutları, xüsusilə USAID və Açıq Cəmiyyət Fondu dəstək verib.

Əslində isə...

Bir vaxtlar Avropa İttifaqının ayrı-ayrı institutlarının nümayəndələri Cənubi Qafqazda qeyri-hökumət təşkilatlarının sayına görə Gürcüstanı qalan ölkələrə örnək kimi göstərirdilər. Gürcüstan cəmiyyəti də bundan qürrələnən kimi görünürdü. Amma daxili sabitliyin qorunmasında maraqlı olan hakimiyyətlər isə kənar müdaxilələrin ağır fəsadlar verə biləcəyini nəzərə alıb buna ehtiyatla yanaşırdılar. Və təxminlərində heç də yanılmayıblar. QHT bolluğundan fəxr duyan Gürcüstanda baş verən xaosun başında Qərbin maliyyəsindən asılı olan QHT-lərin olduğunu Tbilisi anlamaqdadır. Gürcüstan parlamentinin binası qarşısında “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı növbəti aksiya keçiriləndə sirlər çözülməyə başladı. Parlamentdə layihənin müzakirəsi getdiyi vaxtda bir anlıq ara qarışdı. 2024-cü il aprelin 29-da parlamentin hüquq komitəsi tərəfindən layihə bəyənilsə də bu bəzi “avropalıları” qəflət yuxusundan oyadıb. Deputatlar qanun layihəsinə sona qədər baxmağa vaxt tapmayıblar və prosedurun mayın 1-də davam etdirilməsinə qərar veriblər. Etirazçılar isə oturaq aksiya keçirərək binanın girişini bağlamağa çalışsalar da, polis əvvəlcə onları oradan uzaqlaşdırmağa çalışıb, etirazçılar dirəniş göstərincə güc tətbiq edilib. Tezliklə həbslər başlayıb. Hətta həbslər polislə toqquşmaya çevrilib. Mitinqə müxalifət deputatları da qoşulub. “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi “Gürcü arzusu” partiyası tərəfindən 2023-cü ilin martında Gürcüstan parlamentinə təqdim edilib. Lakin etirazlara görə qanun layihəsi geri götürülüb. Layihə yenidən baxılmaq üçün təqdim edilib. Qanun layihəsinə əsasən, xaricdən 20%-dən çox maliyyələşən istənilən təşkilat hər il öz mənbələri və vəsaitdən məqsədli istifadəni göstərən gəlir bəyannaməsi təqdim etməlidir. Qanun layihəsinə qarşı çıxanlar bunun Rusiyanın xarici agentlər qanununa bənzədiyini iddia edirlər.

Qayıdaq GİPA-ya

1994-cü ildə təsis olunub, dövlət idarəçiliyi və ictimai siyasət sahəsində təhsil verməyə başlayıb. Məqsədi Gürcüstanın dövlət idarəçiliyində islahatları dəstəkləmək olsa da 2001-ci ildə “Jurnalistika və media məktəbi”ni yaratmaqla Qafqaz regionunda media sahəsində kadr hazırlayan aparıcı institutlardan birinə çevrilib. ABŞ Dövlət Departamenti və Açıq Cəmiyyət Fondu tərəfindən maliyyələşdirilən proqramlara başlayıb. 2010-cu illər Beynəlxalq əlaqələrin genişləndirilməsi fakurltəsi yaradılandan sonra Avropa və ABŞ universitetləri ilə əməkdaşlıq etməyə başlayıb. 2025-ci ildə isə media proqramı bağlanıb.

Proqramda Azərbaycan və Ermənistandan olan tələbələr ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi təqaüdlə təhsil ala bilirdi.Tələbələrin seçimləri bu ölkələrdəki ABŞ səfirlikləri vasitəsilə aparılırdı. Media şəbəkəsinin yaradılması və idarə edilməsi mexanizmləri təqribən belə qurulub. Əvvəlcə 1000-3000 dollar məbləğində olan kiçik qrant proqramları ilə ölkədəki bütün narazı jurnalistlər, jurnalist təşkilatları maliyyələşdirilir, sonra narazı jurnalistlər, jurnalist təşkilatları və KİV-lər arasından “prinsipialları”, yəni radikal olanları seçilib müəyyənləşdirilir, “peşəkar jurnalist təhsili almaq üçün”, əslində isə təlimatlandırılmaq və daha da radikallaşdırılmaq üçün 1 illik xüsusi kurslara göndərilirdilər. 2000-ci illərin əvvəllərində hər il bu məqsədlə standart olaraq 4 nəfər, 2011-ci ildən sonra isə 6 nəfər jurnalist GİPA)-ya“kursa” göndərilirdi. Tələbələrin “seçilib müəyyənləşməsində” “Soros Fondu”nun təqdimatı vacib idi. Həmçinin, təhsil dövründə həmin tələbələr üçün “Soros Fondu”nun ayrıca qayğısı var idi.

Təhsillərini başa vurub geri dönən tələbələr üçün üçüncü mərhələ başlayırdı. Bu şəxslər üçün yeni jurnalist təşkilatları, KİV qurumları yaradılır, təmsil olunduqları təşkilatlar isə möhkəmləndirilirdi. Bu məqsədlə “keçmiş tələbələrin” yaratdıları təşkilat və KİV-lər üçün orta və iri qrantlarla -10 min dollar və daha yuxarı məbləğlə təmin edilirdi. Orta və iri qrantlarla təmin edilmiş, öz aralarında şəbəkələşdirilmiş təşkilat və KİV-lər lazımi anda lazımi bəyanatları səsləndirilmək üçün istiqamətləndirilirdilər. Həmin şəbəkə üzvləri anti-Azərbaycan və qanundankənar fəaliyyətlərinə görə təzyiqlə üzləşsələr, xəsarət alsalar, peşə fəaliyyətlərində fasilə yaranardısa, bu mərhələdə də xüsusi yardımla təmin edilirdilər.

GİPA-nın əsas məqsədi cəmiyyətləri öz layihəsi əsasında formalaşdırmaq olub və buna müəyyən dövrə qədər nail olmağı bacarıb. Amma dövran dəyişib, zaman onu tərtib edənlərin xeyirinə işləməyib. Cəmiyyət institutlarının müəllifi olan ABŞ dövlətin yeni başçısının dünyadan gələn çağırışlara adekvat reaksiyası bu təşkilatların sonunu gətirib./sia.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR