Onlayn ictimai-siyasi qəzet
Bəzən valideynlər uşaqlarda qızdırma olduğu zaman yalnız hərarətsalıcı dərmanlardan istifadə edərək, həkimə getməkdən imtina edirlər. Bu isə bir çox fəsadlara gətirib çıxara bilər. Əslində qızdırma bir çox xəstəliklərin xəbərçisi ola bilər.
ATU-nun dosenti, pediatr Nigar Bayramova Musavat.com-a bir sıra vacib məlumatları çatdırıb.
O qeyd edib ki, hərarət yüksək olan zaman ilk olaraq uşağın paltarları çıxarılmalı, hərarəti ölçülməlidir:
"Qızdırmasalıcı dərman verilir, ilk seçim preparatı parasetamol tərkibli dərmanlar hər kiloqram çəkiyə 10 mg dozada verilməlidir. Göstəriş olarsa, 4-6 saatdan bir verilə bilər. Əgər qızdırma 39 dərəcə və daha yüksəkdirsə, ilıq duş və ya ilıq kompres etmək məsləhət görülür".
Həkim bildirib ki, bundan sonra hərarəti müşayiət edən simptomlar araşdırılmalıdır:
"Həkimə xəbər verilməlidir, onun hərtərəfli müayinəsi ilə yanaşı, qan analizi, sidik müayinəsi, auskultasiya zamanı dəyişiklik varsa, döş qəfəsi rentgen filmindən başqa sistemik infeksiyalar (sepsis, meningit) araşdırılmalıdır. Eyni zamanda qızdırmanın ciddiyyəti həkim tərəfindən qiymətləndirilməli, ehtiyac varsa, infeksiya markerləri istənməlidir. 36 aya qədər körpələr göstəriş varsa, xəstəxanaya yatırılaraq dəyərləndirilməlidir. Qızdırması olan yeni doğulmuş bir körpə ana südü ilə qidalanırsa, 12 aya qədər körpə gülürsə, 3 yaşa qədər uşaq oynayırsa, ciddi ağır vəziyyət yoxdur deyə düşünülür. Əgər qızdırma fonunda inildəmə, yuxusuzluq, davamlı ağrı müşayiət edilirsə, mütləq həkim tərəfindən ciddi şəkildə qiymətləndirilməlidir. Qızdırmalı uşaqlarda ən çox ehtiyac olan müayinələrdən: qanın tam müayinəsi, leykositar formul, CRP, sidiyin tam analizi, ağciyərlərin rentgen şəkli, sinus rentgen şəkli, qarın boşluğu ultrasonoqrafiyası və əgər nəcis yumşaqsa, mikroskopik müayinəsi istənməlidir".
Afaq Mirayiq,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ