Onlayn ictimai-siyasi qəzet
"Ali təhsil müəssisələrinin maliyyə şəffaflığı ilə bağlı universitetlərin rəsmi saytlarında və ya başqa informasiya resurslarında onların maliyyə xərcləri, daxil olan vəsaitlər, təhsil haqları və digər gəlir mənbələri barədə geniş və açıq məlumatlar təqdim edilmir".
Musavat.com bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert qeyd edir ki, bu vəziyyət təhsil sektorunda şəffaflığın olmaması ilə bağlı ciddi suallar doğurur və maliyyə idarəçiliyində şəffaflıq prinsiplərinin tətbiqi üçün addımların atılmadığını göstərir:
"Beynəlxalq təcrübəyə nəzər salsaq, ABŞ, Böyük Britaniya, Finlandiya kimi ölkələrin universitetləri maliyyə hesabatlarını ictimaiyyətə təqdim edirlər. Hər il tədris prosesinə ayrılan vəsaitlər, infrastrukturun yenilənməsi, tədqiqat layihələri və təqaüd proqramları kimi sahələrdə xərclərin necə yönəldildiyi geniş şəkildə açıqlanır. Bu cür məlumatlar tələbələrin, valideynlərin və potensial investorların təhsil müəssisələrinə olan etibarını artırır. Lakin Azərbaycanda bu şəffaflıq yoxdur və ali təhsil müəssisələrinin büdcə idarəçiliyi ilə bağlı suallar cavabsız qalır. Bunun nəticəsində ictimaiyyət nəinki universitetlərin maliyyə dayanıqlığını qiymətləndirə bilmir, həm də ayrılan vəsaitlərin səmərəli istifadə olunub-olunmadığını anlaya bilmir.
Bu şəffaflığın olmaması, həm də universitetlərin beynəlxalq rəqabət qabiliyyətini zəiflədir. Bir çox beynəlxalq reytinq agentlikləri universitetlərin maliyyə şəffaflığını da nəzərə alaraq onları qiymətləndirir. Bu göstərici yüksək səviyyədə olan universitetlər daha çox tələbə və tədqiqatçı cəlb etmək şansına malikdirlər. Azərbaycanda universitetlər bu istiqamətdə geri qalır. Maliyyə məlumatlarının açıq şəkildə təqdim olunması tələbələrin seçiminə, dövlət və özəl sektorun təhsil müəssisələrinə olan marağına, həmçinin təhsil keyfiyyətinin inkişafına müsbət təsir göstərə bilər. Təəssüf ki, bu cür hesabatların olmaması təhsil sisteminin maliyyə aspektlərinin dumanlı qalmasına səbəb olur və ali təhsilin inkişafını ləngidə bilər".
Xalidə Gəray
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ